“Pəncə-Qılınc”  əməliyyatı Rusiya və ABŞ-ı “sülh elçisi”-nə çevirib-“Türkiyə haqq savaşından geri dönməyəcək”-ŞƏRHbackend

“Pəncə-Qılınc”  əməliyyatı Rusiya və ABŞ-ı “sülh elçisi”-nə çevirib-“Türkiyə haqq savaşından geri dönməyəcək”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyənin İraq və Suriyanın şimalında son günlərdə terrorçulara qarşı apardığı savaş gözlənilən idi.Terroristlərin vaxtaşırı törətdiyi təxribatların şahidi olurduq. Bütün bunlar Türkiyənin səbir kasasının daşmasına səbəb oldu. Qardaş ölkənin apardığı əməliyyatlar bizim üçün də sevindirici haldır. Türkiyə başladığı bu əməliyyatı sona qədər davam etdirməlidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib.

Onun sözlərinə görə, əməliyyatın ilk günlərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar diqqət çəkmişdi: “NATO-nun ikinci ölkəsi olan Türkiyə rəhbəri bildirmişdi ki, biz ABŞ və Rusiya ilə danışmadan bu prosesə başlamışıq. Bunun özü də çox ciddi mesajdır. Ərdoğanın açıqlaması Türkiyə faktorunun böyük olduğunu göstərir. ABŞ və Rusiya Türkiyənin terrorçulara qarşı uğurlu əməliyyat apardığını görür. Amma onlar terror təşkilatlarının sıradan çıxmasını istəmirlər. Qardaş ölkəyə qarşı bu təşkilatlardan hər zaman alət kimi istifadə ediblər”.
Cavanşir Abbaslı Rusiya və ABŞ-ın hadisələrə münasibətini şərh edərkən bildirib ki, Rusiya və ABŞ “sülh elçisi” kimi görünməyə çalışırlar: “Türkiyənin başlatdığı “Pəncə-Qılınc əməliyyatı ilə bağlı ABŞ Dövlət Departamentinin bəyanatında deyilir: “Biz mülki əhalinin həyatının qorunması və İŞİD-in darmadağın edilməsi kimi ümumi hədəf naminə deeskalasiyaya çağırırıq. Biz İraqın suverenliyini pozan istənilən kordinasiya edilməmiş hərbi əməliyyatlara qarşı çıxırıq”. Bu bəyanatın ardınca isə Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev açıqlama verib: ““Türkiyə əvvəlcədən hava əməliyyatı barədə bizi xəbərdar etməyib. Türkiyəli həmkarlarımızı məqsədini aşan güc təbiqinə yol verməməyə, eskalasiyanı artırmamaq üçün təmkinli olmağa çağırırıq. Özü də Suriyanın təkcə şimal və şimal-şərq bölgələrində deyil, bütün ərazisində. Tərəflərin “kürd məsələsi”nin sülh yolu ilə həllinə çalışmasına tərəfdarıq”. Tərəfləri sülhə çağırmaq belə ikitərəfli açıqlama formasıdır. Çünki bir tərəf haqlı Türkiyə, digəri isə terrorçulardır. Onlar nə qədər belə açıqlamalar versə də Türkiyə öz haqq savaşından geri dönməyəcək. Bir neçə gün öncə ABŞ Xüsusi təyinatlı qüvvələrin komandanı İraqda təlim keçmiş terrorçuların buraxılış tədbirinə qatılmış və onlara uğurlar arzulamışdı. Bu amil də həmin ölkələrin mövqeyini ortaya qoyur”.

Siyasi şərhçi bildirir ki, ABŞ və Rusiya tərəfindən İraq və Suriyada kürd terroristlərə verilən dəstəyin də şahidiyik:

“İki ölkənin hansı açıqlamalar verməsindən asılı olmayaraq “Pəncə-Qılınc”əməliyyatı sona qədər davam etdirilməlidir. PKK, YPG kimi terminlər sıradan çıxarılmalıdır. Qarşıdakı 8 ay üçün bu əməliyyatların davam etdirilməsi olduqca çətindir. Çünki gələn il Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Bu müddətdə Qərb dövlətlərinin Ərdoğan hakimiyyətini devirmək planları tez-tez işə düşəcək. Onun nüfuzunu zəiflətmək üçün müxtəlif yollara üz tutacaqlar. Ərdoğan Qətərdən qayıdarkən verdiyi açıqlamalarda olduqca qətiyyətli mövqe sərgilədi. Terror təşkilatlarının sıradan çıxarılmasını qarşısına əsas məqsəd qoyub və bu yolda inamla irəliləyir. Hakimiyyətini itirmək bahasına olsa belə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu problemi həll edib, gələcək nəslə ötürməyəcək. Terrorçulara elə bir divan tutulacaq ki, onların bir də ayağa qalxmağa gücü olmayacaq”.
 
//Safura Bənnayeva, Editor.az