“Qarabağ Universitetinin yaradılmasının siyasi əhəmiyyəti var” – MÜSAHİBƏbackend

“Qarabağ Universitetinin yaradılmasının siyasi əhəmiyyəti var” – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ömrünü elmə sərf edən adam heç vaxt ölmür” – deyib, Məhəmməd Peyğəmbər. Keçmiş dövrə nəzər yetirib, indiki dövrü təhlil etsək, gələcək üçün atılan addımların bir çoxunun əsasında elmin dayandığını görərik.

Azərbaycan da elm və təhsilə önəm verən, ölkənin gələcəyini, gənclərin inkişafını elmdə görən ölkələrdəndir. Azərbaycan gəncinin savadlı şəxsiyyət kimi yetişməsi üçün bir çox dövlət proqramları qəbul edilir, layihələr hazırlanır. Xüsusilə də Azərbaycan kimi çətin bir şəraitdə öz gücü hesabına torpaqlarını azad edib, suverenliyini bərpa edən dövlətin diplomatik arenada da tarixi faktları bilən savadlı gənclərə ehtiyacı var.

Bu istiqamətdə Editor.az Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Anar İsgəndərovla müsahibəni təqdim edir.

-Prezident İlham Əliyev Qarabağ Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. Bu universitetin açılması Qarabağdakı inkişafa öz təsirini necə göstərəcək ? Oradakı kadr hazırlığı bizə nə vəd edir ?

-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndində Qarabağ Universitetinin yaradılması haqqında imzaladığı sərəncam olduqca mühümdür. Çünki 30 il davam edən erməni işğalından sonra Qarabağ yenidən qurulur. Qarabağın yolları, kəndləri, rayon mərkəzləri, dini və mədəniyyət abidələri, o cümlədən orta məktəblər yenidən bərpa edilir. Bu o deməkdir ki, Qarabağda ali təhsil universitetinin də yaradılmasına ehtiyac var idi. Bu ehtiyacı ödəmək üçün dövlət başçısının imzaladığı sərəncam tarixi sənəddir. Yüz minlərlə azərbaycanlı, yəni Qarabağdan məcburi köçkün düşmüş insanlar yenidən mərhələli şəkildə öz dədə-baba yurdlarına qayıdırlar. Təbii ki, burada yaşayacaq insanların da bütün sahələr üzrə ehtiyacları təmin edilir. Məhz bu baxımdan Qarabağ Universitetinin açılmasına da böyük ehtiyac var idi. Eyni zamanda şübhəsiz ki, xaricdən də xeyli sayda tələbə burada təhsil almağa gələcək. Qarabağ tarixinin öyrənilməsi baxımından da inşa ediləcək universitetin böyük rolu olacaq. Belə ki, burada təhsil alan gənclərin kitablardan oxumaqla yanaşı, bütün tarixi abidələri yerindəcə incələmək şansları olacaq. Bu mənada Qarabağ Universitetinin yaradılmasının siyasi əhəmiyyəti də mövcuddur.

-Müəllimlərin sertifikasiya imtahanlarının keçirilməsi yavaş-yavaş repetitor fəaliyyətini arxa plana keçirə bilərmi ?

-Müəllim savadlı, ədalətli, nəfsi tox olmalıdır. Lakin bunlarla yanaşı müəllimin maddi cəhətdən həyat şəraiti də yaxşı olmalıdır. Bu mənada müəllimlərin sertifikasiya imtahanları hazırki vəziyyətdə onların savadını ortaya çıxaran ən gözəl vasitədir. Çünki sertifikasiyadan uğurla keçən hər müəllimin əmək haqqı müvafiq şəkildə artırılır. Məlumdur ki, müəyyən dövrlərdə müəllim diplomu alan şəxslər var ki, hansı ki, aldıqları diplom həqiqəti əks etdirmir. Məhz bu baxımdan sertifikasiya imtahanları sayəsində müəllim sıralarına qeyri-qanuni yolla daxil olanların sayı azalır, onlar artıq müəllim kimi fəaliyyət göstərə bilmirlər.

Repetitor fəaliyyəti bağlı bir çox fikirlər mövcuddur, bunu müsbət hal kimi dəyərləndirən də var, mənfi hal kimi dəyərləndirən də. Amma orta məktəblərdə müəllim-şagird münasibətləri və müəllimlərin əmək haqqı artırmaqla repetitor fəaliyyəti əvvəlki gücündə qalmayacaq. Çünki maddi təminatı, kifayət qədər savadı və təcrübəsi olan insanlar öz güc və bacarıqlarını məktəbdə sərf edəcəklər. Bunun nəticəsində də müəyyən mənada şagirdlərin məktəbdən əlavə müəllim axtarışına ehtiyac qalmayacaq”.

-AMEA-nın tərkibindəki institutların bir hissəsinin AR ETN-ə verilməsi onların inkişafında hansı dəyişiklik yaradacaq ?

-AMEA-nın tərkibindəki institutların bir hissəsi Təhsil Nazirliyinə verildi və nazirliyin adı Elm və Təhsil Nazirliyi kimi dəyişdirildi. Bu dəyişikliklər bir neçə ildir baş verib. Buna görə də baş vermiş dəyişikliklərin elm və təhsilə hansı uğurlar gətirdiyini demək üçün hələ tezdir. Amma təbii olaraq, Azərbaycanda elm və təhsilin vəhdətinin yaranmasını arzu edirəm. Bu iki sahə biri-birinin yanında olmalıdır. Bu mənada edilən dəyişikliklərin bir neçə il sonra Azərbaycan elm və təhsilinə böyük uğurlar gətirəcəyini demək olar.

-Xaricdə təhsil proqramının Azərbaycan gəncinin inkişafındakı rolu nədən ibarətdir ?

-Xaricdə təhsil proqramı Azərbaycan üçün hər zaman uğurlu proqramlardan biri olub. Hər kəsə məlumdur ki, Azərbaycan 70 il Sovet dövlətinin tərkibində olub və Sovet dövləti bir çox sahələr üzrə o qədər də uğurlu hesab edilmir.
1969-cu ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra hər il minlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilirdi. Təbii ki, həmin gənclərin əksəriyyəti Azərbaycana qayıdaraq, həm ölkədəki mütəxəssis qıtlığını aradan qaldırır, həm də Azərbaycanın inkişafı üçün əlindən gələni edirdilər. Bu mənada xaricdə təhsil proqramı gənclərin və ümumilikdə ölkənin inkişafında mühüm rola sahibdir.

//Səbinə Hüseynli, Editor.az