“Rusiya yaxşı başa düşür ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək”-Politoloqbackend

“Rusiya yaxşı başa düşür ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək”-Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Seçkiqabağı Ermənistanda baş verən hadisələr artıq pik həddədir. Seçkidə mübarizə aparan rəqiblərin hər biri tamamilə əks dövlətləri təmsil edir. Bir tərəfdə Qərbin dəstək verdiyi Nikol Paşinyan, digər tərəfdə isə Rusiyanın dəstəklədiyi Robert Koçəryandır. Bunlar arasında gedən mübarizəni Qərb dövlətləri ilə Rusiya arasında gedən mübarizə kimi də qiymətləndirmək olar”.

Bu sözləri Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Paşinyanla bağlı ictimailəşdirdiyi səs yazısını Editor.az-a şərh edən politoloq Samir Hümbətov deyib.

Politoloq bildirib ki, seçki kampaniyası siyasi mübarizədir və bu prosesdə rəqiblər tərəfindən səsləndirilən iddiaların doğru və ya yanlış olduğunu müəyyənləşdirmək çətindir:

“Nikol Paşinyanın da rəqibləri ilə bağlı əlində yetərincə sübutlar var. Bu gün Ermənistanda mövcud Paşinyan hakimiyyətinin içində belə Robert Koçəryana bağlı qüvvələr var. Bu onu göstərir ki, Paşinyan hökumətinin içində baş verən proseslərdən Koçaryan məlumatlı olur”.

Siyasi şərhçi qeyd edib ki, bundan öncə dəfələrlə Rusiya, Qazaxıstan, Belarusun liderləri Azərbaycanla Ermənistanın razılığa gəlməsi üçün müəyyən cəhdlər ediblər:

“Təbii ki, Azərbaycan üçün Qarabağ məsələsi qırmızı xəttdir. Səs yazısındakı danışıqların boşa çıxması, Dağlıq Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həll edilməməsindən görünür ki, Azərbaycan razılaşmayıb. Ermənistan cəmiyyəti çox yaxşı başa düşür ki, Qarabağ məsələsi artıq öz həllini tapıb.

Rusiya, Belarus, Qazaxıstan da yaxşı bilir ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək. Prosesin Paşinyanın şəxsində həyata keçirilməsi göstərir ki, o Qərbin fiqurudur və Qarabağ məsələsini həll edən yeganə şəxs kimi qəbul edilib.

Robert Koçəryan da, Serj Sarkisyan da Birinci Qarabağ müharibəsində böyük hərbi cinayətlərə bulaşmış şəxslər kimi o torpaqları vermək istəmir. Onlar erməni cəmiyyətində simvolik fikir formalaşdırmağa çalışırlar ki, biz torpaqları döyüşüb almışdıq və vermək niyyətində deyilik. Həmin səs yazısından seçkiqabağı təbliğat yaratmaq üçün də istifadə oluna bilər. Bütün hallarda Ermənistan cəmiyyəti yetərincə silkələnir və seçkidən sonrakı dövrdə belə Ermənistan cəmiyyətində vəziyyət qeyri-stabil olaraq davam edəcək”.

//Gülnarə Abasova, Editor.az