Rusiyanın yeni geosiyasi reallıqla barışması qaçılmazdırbackend

Rusiyanın yeni geosiyasi reallıqla barışması qaçılmazdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“29 sentyabr 2021-ci ildə Türkiyə və Rusiya rəhbərlərinin Soçi görüşü olduqca maraq doğurdu. Tərəflərin Cənubi Qafqazda, Suriya, Liviya, Əfqanıstandakı vəziyyəti müzakirə  etməsi görünür, təsadüfi deyil. Son zamanlar baş verən hadisələr, geosiyasi proseslər bu görüşün baş tutmasını zəruri edirdi”.

Bu sözləri Editor.az- açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov deyib.

O, bildirib ki, görüşün müsbət məcrada həyata keçirilməsinə baxmayaraq görüş sonrası media üçün geniş açıqlamaların verilməməsi, detalların açılmaması müəyyən suallar doğurur:

“Hər iki tərəfin rəsmilərinin görüşdə müsbət razılığınr əldə olunması ilə bağlı qısa açıqlamalar verməsinə baxmayaraq Türkiyə liderinin həmkarını ölkəsinə dəvət etməsi münasibətlərin tam aydınlaşmasına ehtiyac olduğu  düşüncəsini formalaşdırır. Xüsusilə də Cənubi Qafqaz məsələsi bu baxımdan çox önəmlidir.  Belə görünür ki, Rusiyanın əvvəlki hegemonluq imkanlarının zəifləməsi və ya tədricən itirilməsinə baxmayaraq müqavimət göstərməkdə israrlı olması və mövcud geosiyasi reallıqla, yeni dünya güclərinin meydana gəlməsi ilə barışmaq istəməməsi vəziyyəti gərginləşdirir. Düzdür son illərdə qərbin təsirləri, müqaviməti hər iki ölkənin yaxınlaşmasına, hərbi-siyasi-iqtisadi münasibətlərin ən yüksək səviyyəyə qalmasına imkan vermişdir. Hətta müttəfiqinin təkidlərinə, bəzən də hədələrinə baxmayaraq Rusiyadan “S 400″ lərin alınmasına Türkiyənin israrlı davranması da buna bariz nümunədir.
Amma bütün bunlara rəğmən hər iki ölkənin bir-birinə olan  münasibətlərinin tarixi reallıqlara əsaslandığı, geosiyasi maraqlara xidmət etdiyi heç kimə sirr deyil. Rusiyanın Cənubi Qafqaz siyasətində Türkiyəyə olan münasibətin köklərinin hələ XVIII əsrin düşüncəsinə dayandığı da hər kəsə məlumdur. Rusiyanın regional siyasətinin türk dövlətinə güzəştə getmək fikrində olmadığı düşüncəsi və bu haqda bəyənatlar zaman-zaman rus siyasilərinin dilindən səslənməkdədir”.

Siyasi analitik bildirib ki, II Qarabağ müharibəsi sonrası Rusiyanın davranışları heç şübhəsiz ki, Türkiyənin Cənubi Qafqazda artmaqda olan geosiyasi mövqelərindən, təsir imkanlarından keçirdiyi narahatlıqdan irəli gəlir:

” Postmüharibə dövründə yeni reallıqların meydana gəlməsi, sülhün və təhlükəsizliyin bərqərar olması, iqtisadi-sosial layihələrin həyata keçirilməsi və Azərbaycanın bölgədə mövqelərinin gücləndirməsi görünür, heç də xoş qarşılanmır. Eləcə də Türkiyə ilə münasibətlərin möhkəmlənməsi, hərbi-siyasi əməkdaşlığın dərinləşməsi, birgə təlimlərin keçirilməsi şimal qonşumuzu ciddi narahat edir. Digər tərəfdən də Ermənistanın Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq cəhdləri və  kommunikasiya xətlərinin açılmasına ehtiyacının olduğunu bəyan etməsi də Rusiya tərəfini özündən çıxarır. Ənənəvi himayədarından qaçmaq istəyi və Türkiyəyə və qərbə sığınmaq arzuları Rusiyanın xoşuna gəlmir. Belə olan təqdirdə Rusiya da ənənəvi təsir usullarından istifadə etməklə mövqelərini qoruyub saxlamağa çalışır. Amma Türkiyənin artan nüfuzu, yeni beynəlxalq güc kimi çıxış etməsi Rusiyanın onunla barışmasına təsirsiz ötüşməyəcək.Düşünürəm ki, Cənubi Qafqazda Rusiyanın geosiyasi maraqlarını ənənəvi qaydada davam etdirmək istəkləri hər iki ölkə arasında münasibətlərdə xoşagəlməz məqamların qalacağına şərait yaradacaq. Bunun üçün Rusiyanın yeni dünya reallığına uyğun, insan hüquq və azadlıqları, demokratik prinsiplər çərçivəsində davranışları iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsinə, həmçinin qonşu dövlətlərlə münasibətlərin daha da yaxşılaşmasına və beynəlxalq imicinin müsbət mənada dəyişməsinə imkan verəcəkdir”.

//Gülnarə Abasova, Editor.az