“Xüsusi hərbi əməliyyatı dayandırmaq qərarına gəldim…”- Ukraynada daha qanlı savaş başlayırbackend

“Xüsusi hərbi əməliyyatı dayandırmaq qərarına gəldim…”– Ukraynada daha qanlı savaş başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ukraynaya verdiyi uzaqmənzilli zenit-raket kompleksləri (ZRK) cəbhədə ciddi dəyişikliklər edə bilməsə də, Rusiyanı bərk qıcıqlandırır və müharibəni daha aktiv fazaya keçirməyə məcbur edir. Təsadüfi deyil ki, ruslar Zelenskinin hakimiyyətinə son qoyacaq denasifikasiya və Ukraynanın tərksilahı (demilitarizasiya) haqda yenidən danışmağa başlayıblar.

Rusiya Donetski Amerika göndərdiyi ZRK-ların hədəfindən çıxarmaq üçün indi məcburdur ki, həmin atəş nöqtələrinin qurulduğu bölgələri də ələ keçirsin, işğal zonasına qatsın. Yəni Ukrayna ordusunu ən azı daha 150 kilometr də uzaqlaşdırsın ki, ZRK-lar Donetski vura bilməsin. Əgər Rusiyanın Donbası tam ələ keçirməklə dayanmaq ehtimalı vardısa, indi bu, mümkünsüz kimi görünür.

Milli.Az musavat.com-a istinadən bildirir ki, iyulun 16-da müdafiə naziri Sergey Şoyqunun Ukraynada bütün əməliyyat istiqamətlərində hərəkətliliyi artırmaq barədə əmri də buna işarədir. Hətta Kremlə yaxın media bunu 72 saatlıq ultimatum kimi təqdim edib və vaxtın bitmək üzrə olduğunu yazıb. “Nyu-York Tayms” da Şoyqunun əmrini “Moskvanın Ukraynadakı müharibəni daha aqressiv mərhələyə keçid siqnalı” kimi izah edib. Ukraynanın xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri Nikolay Malomuz da deyib ki, Moskva faktiki olaraq Kiyevə ultimatum verib: ya müttəfiq qüvvələr genişmiqyaslı hücuma keçərək Xarkov və cənub istiqamətində  təzyiqləri artıracaq , ya da Ukrayna ilə danışıqlar Rusiya şərtləri əsasında aparılacaq.

Ukraynada isə Krım körpüsünün vura biləcəkləri haqda danışırlar. Bu bəyanatı səsləndirən Arestoviç əlbəttə heç kimdir, bu qərarı heç Zelenski belə təkbaşına verə bilməz. Qərb kuratorları desələr ki, “Zelenski, Krım körpüsünü vur”, vuracaq. Amma bu baş verərsə, Rusiya da Ukraynaya daha ciddi ziyan vuracağı ilə hədələyir. Beləliklə, daha da artan gərginlikdə Kiyevdəki səfirliyində minimal diplomatlar saxlayan, Odessadakı konsulluğunun qapılarını qıfıllayan, vətəndaşlarını isə təcili olaraq Ukraynanı tərk etməyə çağıran ABŞ, bu mərhələdə də istəyinə çatmış kimi görünür. ABŞ daxil anqlosakların isə istədiyi təkcə Rusiyanın müharibədə zəifləməsi deyil, həm də Ukraynanın dövlət kimi süqutudur …

Rusiya Ukraynaya uzaqmənzilli və yüksək dəqiqlikli  ZRK-ların tədarükünə XİN sözçüsü Mariya Zaxarovanı nəzərə almasaq(o, “Ukraynaya bu silahları verənləri heç vaxt bağışlamayacağıq” deyib)  rəsmi səviyyədə reaksiya vermir. Amma Kremlə yaxın mənbələr iddia edir ki, Putin hakimiyyəti bunu ABŞ-ın “qırmızı xətti” keçməsi kimi qiymətləndirir. Çünki birbaşa Amerikanın iştirakı (kəşfiyyat, hədəf təyinatı) olmadan Kiyev ZRK-lardan effektiv şəkildə istifadə edə bilməz.

Son iki-üç gün ərzində Ukraynanın ən müxtəlif bölgələrinə Rusiyanın raket zərbələrinin intensivləşməsi müşahidə olunur. Kreml, həmçinin Rusiya hərbçilərinin nəzarətinə keçən Xerson, Zaporejye və Xarkov bölgələrində status-kvo qurmağa çalışır. Onlara Rusiya vətəndaşlığı verilir, tədavülə rus rublu buraxılır və sairə… Hərbi əməliyyatların Xarkov və Zaporojye şəhərlərinə yaxınlaşdığı haqda da məlumatlar var. Rusiyanın 41-ci Ordusunun komandanı vəzifəsini icra edən polkovnik Oleq Korotkeviçin söylədikləri də maraqlıdır. “Bizim prezidentimiz sabah televiziyada deyə bilərmi ki, bəli, bu qədər, mən xüsusi hərbi əməliyyatı dayandırmaq qərarına gəldim. Ola bilərmi? Ola bilər. O, Ali Baş Komandandır. Bəs, o zaman bütün görülənlər boşunadır? Və bütün bu yarımçıq qalmış millətçilik sadəcə, bir ildən sonra yenidən bizim üstümüzə gələcək, sadəcə, bir ildən sonra! Biz buna nə qədər çətin olsa da, razı ola bilmərik”,-deyə Korotkeviç bildirib.

Belə iddialar da var ki, Qərb kuratorları Ukrayna prezidenti Zelenskiyə ultimatum veriblər ki, silahlı qüvvələri hazırda döyüşlərin intensivləşdiyi Slavyansk şəhərini də Rusiya ordusuna təslim etsə, hərbi əməliyyatlarını maliyyələşdirilməsi dayandırılacaq. İnandırıcı görünmür…

Putinin bir neçə gün əvvəl “Rusiya Ukraynada hələ ciddi şəkildə heç nəyə başlamayıb” bəyanatı belə görünür ki, sadəcə hədə deyil. Rusiya prezidenti “bu gün eşidirik ki, onlar(Qərb) bizi döyüş meydanında məğlub etmək istəyirlər, yaxşı, nə deyim, qoy cəhd etsinlər. Bu davam etdikcə, Rusiya ilə danışıqlar daha çətin olacaq. Qərbin bizimlə son ukraynalıya qədər döyüşmək istəyi Ukrayna xalqı üçün faciədir. Amma görünür, hər şey buna doğru gedir” demişdi.

Təəssüf ki, belə görünür…