backend

Yaşar Aydəmirov: "Azərbaycan Ordusu heç vaxt dinc əhalini atəşə tutmayıb"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusu heç vaxt dinc əhalini atəşə tutmayıb və heç zaman buna getməyəcək. Bu fikri sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Tovuz rayonunda Ermənistan silahlı bölmələrinin dinc sakinləri atəşə tutmasına və azyaşlı Ramin Yusifova xəsarət yetirməsinə münasibət bildirərkən deyib.
Y.Aydəmirov bildirib ki, ermənilər keçən dəfə də müdafiəmizin dərinliyində yerləşən yaşayış məntəqələrini atəşə tutmuşdular. Yaşayış məntəqələrinin da hamısında dinc əhali yaşayır. Ermənistan ordusunun bölmələri avqustun 7-də saat 20 radələrində Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutublar. Nəticədə kənd sakini, 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğlu qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ermənistan tərəfi bununla bizi cavab tədbirləri görməyə təhrik edir və istəyir ki, Azərbaycan Ordusu dövlət sərhədi istiqamətində təmas xəttində onları atəşə tutsun. Məqsəd də odur ki, ermənilər Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfini atəşə tutması barədə bütün dünyaya səs-küy salsınlar. Onların bu çirkin niyyətləri baş tutmayacaq. Çünki Azərbaycan Ordusu heç vaxt dinc əhalini atəşə tutmayıb və buna heç bir zaman getməyəcək. Ermənistan tərəfinin digər məqsədi ondan ibarətdir ki, diqqəti daxili qeyri-sabit vəziyyətdən və əhalinin artan narazılığından yayındırsın. Onlar göstərmək istəyirlər ki, Azərbaycan Ordusu ilə ön xətdə atışmalar gedir və guya Azərbaycan Ordusu təxribat törədir.
“Ermənistan tərəfi öz çirkin əməllərini bizim ordunun üzərinə atmaqla öz daxillərindəki vəziyyəti və narazılıqları azacıq da olsa sakitləşdirməyə cəhd edir. Onlar cəzasız qalıblar. Təəssüf doğuran odur ki, beynəlxalq ictimaiyyət də onlara qarşı heç bir tədbir görmür. Ermənistan ordusu durmadan işğal altında olan Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca təxribatlar törədir. Düşmənin cavabı layiqincə verilir.
Düşmən bizi nə qədər təhrik etməyə çalışsa da, öz mənfur niyyətlərinə çata bilməyəcək. Bir hərbçi kimi əminliklə deyə bilərəm ki, yaşayış məntəqələri və dinc əhali heç vaxt ordumuzun hədəfinə çevrilməyəcək. Lakin təxribatlara hər zaman lazımi cavab veriləcək”, -deyə general-leytenant Yaşar Aydəmirov bildirib.
O, iyulun 7-də Ermənistan tərəfindən məqsədyönlü şəkildə planlaşdırılan təxribatı xatırladaq, Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını, Alxanlı kəndində həlak olan körpə uşağın və onun nənəsinin qisasını aldığını vurğulayıb.