Prezident: “Bakı metrosunun şəbəkəsi genişləndiriləcək”

13:17 | 8 Noyabr, 2017

Prezident İlham Əliyev Bakı metropoliteninin 50 illik yubileyinə həsr olunmuş mərasim iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Məktubu ölkə başçısının iqtisadi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Əsədov oxuyub.
Məktubda deyilir: “Hörmətli mərasim iştirakçıları! Sizi Bakı metropoliteninin 50 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə can sağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan paytaxtında yeraltı nəqliyyatın yaradılması ideyası hələ 1930-cu illərin əvvəllərində şəhərin perspektiv inkişafı üzrə baş planı işləndiyi vaxt meydana çıxıb. İkinci dünya müharibəsinin başlaması həmin planın və eləcə də metro tikintisi ideyasının gerçəkləşdirilməsinə imkan vermədi. Sonrakı dövrdə qarşıya çıxan hər bir çətinliyə baxmayaraq, metro inşaatçılarının böyük zəhməti bahasına 1967-ci ildə Bakı metropoliteninin birinci növbəsi işə salındı ki, bu da Azərbaycanın həyatında baş vermiş mühüm və əlamətdar hadisə idi. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik edərkən məhz onun diqqət və qayğısı nəticəsində Bakı metropolitenində tikinti işlərinin sürəti intensivləşdirilib, yeni xətlər istismara verilib, yaşayış massivlərinin Bakının mərkəzi ilə nəqliyyat əlaqəsi xeyli yaxşılaşdırılıb.
Ötən yarım əsrdə Bakının infrastrukturunda və əhalinin ictimai nəqliyyatla təminatında metropolitenin fəaliyyətinin nəticəsi olaraq köklü dəyişikliklər baş verib, onun ümumşəhər sərnişin daşınmasında payı davamlı olaraq artıb. Metropolitenin istismarı sahəsində irimiqyaslı işlər aparılıb, müasir avadanlıqlarla təchiz edilən maddi-texniki bazası təkmilləşdirilib. Dövrün tələblərinə uyğun texnologiyaların tətbiqi, yeni standartlara keçidin başlıca meyar olması və insan resurslarının lazımınca dəyərləndirilməsi bu gün Bakı metrosunun inkişafında keyfiyyətcə yeni mərhələyə keçidi təmin edib.
Perspektivdə metro şəbəkəsi genişləndiriləcək və inkişaf etdiriləcək. Metropoliten müasir tələblərə müvafiq sürətlə yenidən qurulacaq və sərnişinlərin təhlükəsizlik səviyyəsi daha da yüksələcək. İnanıram ki, “Bakı Metropoliteni” QSC-nin texniki hazırlığa malik peşəkar kollektivi bundan sonra da özünün iş ahəngini qoruyub saxlayacaq, əzmlə çalışacaq və üzərinə düşən vəzifələri yerinə yetirəcək”.
//APA