backend

ÜAK prezidentinin müşaviri: "Rusiya Ədliyyə Nazirliyindən cavab gözləyirik"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün ictimai təşkilatların yoxlanılması Rusiya Ədliyyə Nazirliyinin səlahiyyətində olan məsələdir. Ümumrusiya Azərbaycan Konqresi də Rusiyada fəaliyyət göstərən ictimai təşkilatdır. Bizim təşkilat qanun çərçivəsində işləyir, vaxtı-vaxtında bütün sənədlərimizi qaydasına salırıq”.
Bunu açıqlamasında Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) prezidentinin müşaviri, təşkilatın Rəyasət Heyətinin üzvü Kamran Rüstəmov deyib.
K. Rüstəmov bildirib ki, ÜAK bir gündə ləğv olunacaq təşkilat deyil: “Konqresin əsası ulu öndər Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin tərəfindən qoyulub. Bu təşkilatı ləğv etmək asan məsələ deyil. Təşkilatımızın Rusiyanın 70-dən çox regionunda bölmələri fəaliyyət göstərir. Bu böyüklükdə təşkilatı bağlamaq ağlabatan deyil. ÜAK Rusiya və Azərbaycan prezidentlərinə arxalanan təşkilatdır”.
O qeyd edib ki, Rusiyada ictimai təşkilatlar haqqında qanuna tez-tez dəyişikliklər olur: “Qanuna əlavə və dəyişikliklər olur ki, bu da təbiidir. İctimai təşkilatlar da öz nizamnamələrini həmin dəyişikliklər uyğunlaşdırmalıdırlar. Ötən ilin dekabr ayında ÜAK-ın qurultayı keçirildi. Təşkilatın yeni Nizamnaməsi qəbul olundu. İndi həmin Nizamnamə təsdiqlənmək üçün Rusiya Ədliyyə Nazirliyinə göndərilib. Onlar özləri təyin etdikləri müddətdə buna baxacaqlar. Biz bütün sənədləri təqdim etmişik. Onlar sənədlərdə müəyyən səhvlər tapdılar. Bunlar mexaniki səhvlərdir. Biz onların tövsiyəsi ilə həmin səhvləri düzəltdik, dəyişikliklər etdik, yenidən nazirliyə təqdim etdik. İndi onlardan cavab gözləyirik “.
Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyinin aprelin 11-də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə dair qərar verəcəyi barədə məlumat yayılıb.
//APA