“Deputatlara qarşı söyüş söyənlər Azərbaycana gətirilib ən ağır formada cəzalandırılmalıdır” — Deputat

06:32 | 10 Fevral, 2019

“Xaricdən Azərbaycana qarşı söyüş-təhqir kampaniyası aparan şəxslər təhqir olunan tərəfi zorla cinayətkar etməyə təhrik edirlər”.  

Bu fikirləri  Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib.

Deputat deyib ki, söyüş kampaniyası aparan adamlar insanları onlarla başqa cür davranmağa məcbur edirlər:

“Xaricdə gizlənən bir qrup şəxs insanların şərəf və ləyaqətini təhqir edir. Mən bu məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin son iclasında da çıxış etmişəm. Bildirmişəm ki, bu məsələ ilə bağlı lazımı addımlar atılmalıdır.  Əgər insanlarımız svil yolla öz şərəf və ləyaqətini qoruya bilmirsə, məcbur qalıb linç qanunlarından istifadə edəcək. Belə olan halda isə insanlar cinayətkar olar. Ona görə də hesab edirəm ki, belə məsələlərə son qoyulsun. Bunun üçün qanunlara da dəyişikliklər olunmalıdır. Eyni zamanda Azərbaycanın xarici ölkələrdəki səfirlikləri də konkret iş aparmalıdır. Çox təəssüf ki, indiyədək biz səfirliklərimizin fəaliyyətsizliyini müşahidə edirik. Təsəvvür edin ki, Azərbaycanda hər hansı fransız gəlib Fransa deputatları təhqir edərsə, o zaman Fransa səfirliyi Azərbaycan hökumətindən onların dərhal həbs edilməsini və ekstradisiya edilməsini tələb edəcək. Bizim səfirliklər də eyni cür davranmalıdır. Çünki Azərbaycanın bu dövlətlərlə arasında ikitərəfli hüquqi müqavilələr mövcuddur. Həmin müqavilələrin tələblərinə görə, dövlətlər cinayətkarları bir-birinə verə bilər”.

F.Quliyev qeyd edib ki, xaricdən Azərbaycana qarşı təhqir və söyüş kampaniyası aparan şəxslər ən ağır formada cəzalandırılmalıdır:

“Hesab edirəm ki, Azərbaycan həm İNTERPOL, həm də Daxili İşlər Nazirliyi xətti ilə bu adamların Azərbaycana gətirilməsini və məhkəmə qarşısında cavab verməsini təmin etməlidir. Daha onların bu cür hərəkətlərini ictimai qınağa və vicdana buraxmaq olmaz. Çünki onlar cinayətkardır və həbs edilməlidir. Əgər onlarla bağlı ciddi tədbirlər görülməsə, onların sayı çoxala bilər. Onlar Azərbaycana gətirilib ən ağır formada cəzalandırılmalıdır”.

//demokrat.az