Yanan binaya görə həbs edilən şirkət rəhbəri azadlıqda

12:25 | 3 İyun, 2019

Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov azadlığa çıxıb.

M.Mahmudov barəsində hüquqi tənzimləmə tətbiq edilərək, cəzadan şərti olaraq azadlığa buraxılıb.

M.Mahmudov azadlığa çıxdıqdan sonra əmlakın üzərinə qoyulan həbsin götürülməsi üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. Məhkəmə şikayəti təmin edib və hökm xüsusi müsadirə hissəsində ləğv olunub.

Onun barəsində qərar qəbul edilərkən 2017-ci ildə oktyabrın 20-də Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər əsas götürülüb. Belə ki, həmin dəyişikliyə əsasən, M. Mahmudovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin sanskiya dairəsi azaldılıb.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mahmudov 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

//oxu.az