Səlim Müslümov pensiya islahatlarına dair göstəriş verdi

16:18 | 9 Mart, 2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) orqanlarının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib. İclasda nazir Səlim Müslümov da iştirak edib.
Bu barədə AZXEBER.COM-a nazirlikdən bildirilib.
Səlim Müslümov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin vacib sahələrindən birinin məcburi dövlət sosial sığorta haqlarının toplanması olduğunu qeyd edib:
“Ötən dövrdə fonda daxilolmalarda, xüsusən də qeyri-büdcə sektoru üzrə daxilolmalarda artım dinamikası mövcuddur. Misal üçün, keçən il məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 6,4%, qeyri-büdcə sektorundan daxilolmalar isə 5,8% çox olub.
Bu daxilolmalarla bağlı iqtisadi vəziyyətin təhlili əsasında balanslaşdırılmış və reallığa tam uyğun proqnozlar tərtib olunur. 2017-ci ilin yanvar-fevral ayları üzrə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza ümumilikdə 101%, qeyri-büdcə sektoru üzrə isə 102% əməl olunması bu sahədə müsbət tendensiyanın cari ildə də davamı etdiyini göstərir”.
S.Müslümov bu sahədə fəaliyyətin gücləndirilməsi, xüsusən də qeyri-formal şəkildə muzdlu əmək fəaliyyəti ilə məşğul olanların əməyinin rəsmiləşdirilməsi, onların məcburi dövlət sosial sığorta sisteminə cəlb edilməsi, bununla eyni zamanda onların gələcək pensiya və digər sosial müdafiə hüquqlarına malik olmaları üçün tədbirlərin gücləndirilməsi ilə əlaqədar müvafiq göstərişlərini verib.
Nazir, eyni zamanda gözlənilən pensiya islahatları ilə bağlı fərdi uçot sistemində də görüləcək işlərlə bağlı tapşırıqlarını verib.