backend

"Rusiyada bəzi ermənipərəst qüvvələr dövlətin maraqlarına zidd addım atırlar"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyada bəzi dövlət qurumları, xüsusən də ermənipərəst qüvvələr Azərbaycanın maraqlarına birbaşa zidd tezislərlə çıxış edirlər.
Rusiya XİN-in öz vətəndaşlarını qorumaq adı altında erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə daxil olması məsələsinə diplomatik etikadan kənar bəyanat verməsi də bu qəbildən hesab edilməlidir. XİN-in bu addımı xoşagəlməz və qeyri-qənaətbəxş hal kimi dəyərləndirilməlidir”.
 
Bu barədə açıqlamasında “Baku International Policy and Security Network” Ekspert qrupunun rəhbəri, fəlsəfə doktoru, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov bildirib.
 
Onun fikrincə, Rusiya XİN-in bu məsələyə Azərbaycanı ittiham xarakterli münasibət bildirməsi həm anlaşılmazdır, həm də Rusiya dövlətinin özünün maraqlarına ziddir: “XİN-in sonuncu bəyanatında bildirilir ki, guya Azərbaycanda erməni milliyyətindən olan Rusiya vətəndaşlarına qarşı böyük təqiblər var. Halbuki, əvvəla, Azərbaycanda erməni milliyyətinə mənsub olan Rusiya vətəndaşları həm yaşayır, həm də fəaliyyət göstərirlər. Onları burda tanıyırlar və heç kim də onlara toxunmur. İkincisi, Azərbaycan əsilli Rusiya vətəndaşı Dilqəm Əsgərov Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində erməni hərbçiləri tərəfindən saxlanılıb, üzərində saxta iddialarla məhkəmə prosesi qurulub və o, hazırda da zindandadır. Sual olunur – niyə Rusiya XİN öz yaxın müttəffiqi olan Ermənistanı bu cür addımlardan çəkindirmir? Niyə XİN azərbaycanlı vətəndaş tutulanda nə bir qərar qəbul edir, nə də Ermənistana etiraz edir, amma qanunsuz olaraq Dağlıq Qarabağa səfər etmiş A.Lapşini və ya Azərbaycana casusluq etməyə gəlmiş ermənini müdafiə edir? Hesab edirəm ki, XİN Rusiya vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfər edərək Azərbaycana qarşı təbliğat aparmasını əngəlləməlidir.
 
Bundan əlavə, Azərbaycana qarşı Ermənistan tərəfindən aparılan informasiya müharibəsinin əsas bazası məhz Rusiyanın bəzi mətbuat orqanları, eləcə də Rusiyada yaşayan erməni əsilli vətəndaşlardır. Məsələn, Rusiyanın “Life TV”sinin ötən ilin aprelində cəbhə bölgəsində saxta məlumatlarla, yalanlarla dolu məlumat hazırlamağını xatırlasaq, yetər. Erməni lobbisi məhz Rusiyanı istifadə edərək Azərbaycana qarşı fəaliyyət göstərir. Rusiya XİN də bunu bilməli, əngəlləməli və Azərbaycana dəstək olmalıdır. Onlar isə bunun əvəzində tam əksinə, ikitərəfli əməkdaşlığa xələl gətirə bilən, Rusiyanın maraqlarına zidd olan, erməniləri açıq dəstəkləyən bəyanat verirlər”.
Bakıdan erməni əsilli Rusiya vətəndaşları ilə bağlı sərt RƏSMİ CAVAB
Ekspertin fikrincə, Azərbaycan dövləti erməni əsilli şəxslərin ölkəmizə girişi ilə bağlı indiki qərarlarını 20-25 ilin təcrübəsinə əsasən verib və bunu bir bəyanatla inkar etmək düzgün deyil: “Faktlar göstərir ki, içində Rusiya vətəndaşları da olan ermənilər Azərbaycanda terror aktları törətmişdilər. Axı Rusiya XİN bunlardan xəbərdardır və Azərbaycanın qəbul etdiyi qərarın səbəblərini də bilir. Azərbaycan daim erməni terroruna məruz qalıb və indi də bu proses davam edir. İyulun 4-də ermənilərin Alıxanlıda mülki azərbaycanlıları qətlə yetirilməsi buna bariz nümunədir. Ona görə də Rusiya XİN-nin bu cür bəyanat verməsi yanlış addımdır. Ümumrusiya Azərbaycan Konrqesinin (ÜAK) bağlanmasından sonra növbəti bu cür addımın atılması göstərir ki, Rusiyada bəzi qüvvələr Azərbaycana qarşı gizli təbliğat aparır, Rusiya dövlətinin maraqlarına zidd işlər görürlər.
Azərbaycan Rusiyanın maraqlarına zidd ola bilən heç nə etmir, əksinə, ikitərəfli əməkdaşlığın güclənməsi üçün bütün lazım olan tədbiləri görür, şimal qonşusuna qarşı münasibətində səmimiliyini qoruyur. Bəzən Rusiyaya gedən Azərbaycan vətəndaşlarına da qarşı hüquq-mühafizə orqanları tərəfindən müəyyən sərt qərarlar qəbul edilir, bəziləri hətta deportasiya olunur. Biz ki bunu şişirdib problemə çevirmirik, əksinə, anlayışla qarşılayırıq. Çünki Azərbaycan Rusiya ilə cinayətkar, radikal qruplara qarşı birgə tədbirlər həyata keçirir, cinayətkarlığa və terrorizmə qarşı mübarizədə sıx əməkdaşlıq edir. Ona görə də XİN-in belə anlaşılmaz addım atması Rusiyanın digər dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının işini görməməzlik kimi də dəyərləndirilə bilər”.
//Milli.Az