8 mart YAXINLAŞIR: Məktəblərdə pul yığılır?- “Təhsil Nazirliyinin bu məsələdə ciddi mövqe ortaya qoymaması…”backend

8 mart YAXINLAŞIR: Məktəblərdə pul yığılır?- “Təhsil Nazirliyinin bu məsələdə ciddi mövqe ortaya qoymaması…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Etiraf edək ki, ölkədə fəaliyyət göstərən orta məktəblərdə hər əlamətdar günlər vaxtı şagirdlərdən pul yığılması adət halına çevrilib. Təkcə əlamətdar günlər münasibəti ilə bağlı orta məktəbdə pul yığılması bitmir, hətta məktəb direktorunun ad günü, sinif rəhbərinin ad günü, yas mərasimi, xəstəxana xərcləri üçün də bəzi məktəblərdə pul yığılır”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi isə bu kimi hallara qarşı ancaq tövsiyə xarakterli, ümumi mövqe bildirir:

“Qeyd edim ki, orta məktəblərdə hər hansı bir məqsəd üçün pul yığılması qanunvericilik aktlarına ziddir və bu, yolverilməzdir. Təəssüf ki, buna baxmayaraq, hələ də bir çox məktəblərdə təhsil alan şagirdlərdən dövlət büdcəsinin vəsaiti hesabına təmin olunmuş məsələlərə görə şagirdlərdən pul yığılır. Təhsil Nazirliyinin bu tipli halların qarşısını almaqda ciddi mövqe ortaya qoymaması o anlama gəlir ki, özləri də bu kimi halların baş verməsində maraqlıdırlar. Acınacaqlı hal ondan ibarətdir ki, hər il bayramlar münasibəti ilə şagirdlərdən yığılan pulların məbləği artır və bu da bir çox ailələrin büdcəsinə ciddi şəkildə zərbə vurur. Heç də bir sinifdə oxuyan şagirdlərin hamısının maddi imkanı eyni deyil. Xoşagəlməz hal ondan ibarətdir ki. Maddi imkanı az olduğuna görə bayramlarda pul verməyən şagirdlərə qarşı sinif rəhbəri, məkteb direktroru, direktor müavini çox pis davranır, ona qarşı sərt mövqe nümayiş etdirilir”.

Təhsil eksperti bildirib ki, son illərdə texnoloji inkişaf məktəblərdə pul yığımı kompaniyasında struktur dəyişikliyinə gətirib çıxarıb:

“Belə ki, bu gün məktəblərdə valideyn komitələri adlı “qurumlar” var. Hansı ki, onlar uşaqların təhsil almasına diqqət etməkdənsə, sinifdəki şagirdlərdən hər hansı bayram şənliyinin təşkili, xüsusi günlərdə müəllimlərə hədiyyələr alınması, bir sıra məqsədlər üçün pul yığımını təşkil edirlər.
Məktəblərdə qeyri rəsmi fəaliyyət göstərən müəllim-valideyn assosiasiyaları var ki, həmin “quruma” rəhbərlik bir və ya iki valideynə tapşırılır. Bu “rəhbər”lər müasir texnologiyadan istifadə etməklə “whatsapp” qrupları yaradır və həmin qruplarda pul yığımını həyata keçirirlər. Belə olan zaman müəllim özü birbaşa həmin prosesdə iştirak etmir. Nazirlik tərəfindən bu istiqamətdə tədbirlər həyata keçirilir. Amma yaxşı olardı ki, nazirlik tərəfindən anonim sorğular da qeydə alınsın. Əgər hansısa məktəbdə belə bir fakt varsa, o zaman müəllimənin adını verməklə prosesi aydınlaşdırmaq olar. Çünki əsasən pul yığımları kiçik siniflərdə baş verir. Yuxarı sinif şagirdləri belə faktlar olanda onu sosial şəbəkədə yazır, mətbuata ötürə bilirlər. Lakin kiçik uşaqların belə imkanları olmadığı üçün onlarda pul yığımı hallarına rast gəlmək mümkündür. Hesab edirəm ki, əlamətdar günlər zamanı nazirlik tərəfindən monitorinqlər aparılmalı, təhsil müəssisələrinin qarşısında uşaqlardan bu haqda soruşulmalıdır. Fakt üzə çıxdığı zaman cəza tədbirləri görülməlidir”.

K. Əsədov hesab edir ki, Sovet dövründə çox nadir hallarda hansısa məktəbdə bu cür hallara rast gəlmək olardı:

“Yalnız valideynin öz istəyi ilə müəllimə hər hansı hədiyyə verilirdi. Təkcə 8 martda deyil, digər bütün bayramlarda şagirdlər müəllimlərinə müxtəlif forma və rəngdə olan açıqcalar verərdilər. Həmin açıqcada onlar müəllimlərinə arzularını yazırdılar və bu da müəllim üçün böyük hədiyyə sayılırdı. Xarici ölkələrdə isə müəllimlərə pul vermək, onları təhqir etmək deməkdir. Məsələn, Rusiyanın Voronej şəhərində bayram günlərində, xüsusən 8 martda şagirdlər müəllimlərə ya gül dəstəsi, ya da öz əl işlərini hədiyyə edirlər. Bu da müəllimlər üçün çox qiymətli bir hədiyyə sayılır”.

//Gülnarə Abasova, Editor.az