ABŞ: Heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyikbackend

ABŞ: Heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranın Fordo Nüvə Mexanizmində 83,7 faiz zənginləşdirilmiş uran hissəcikləri aşkar etdiyinə dair hesabatından sonra bir sıra açıqlamalar verib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, o, ABŞ-ın heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini qeyd edib.

Sözçü İranın nüvə proqramı problemini qalıcı həll etməyin yolunun diplomatiyadan keçdiyini vurğulayıb. Prays ABŞ-ın bu istiqamətdə Avropa və Yaxın Şərqdəki müttəfiqləri ilə sıx əlaqədə olduğunu bildirib.

Xatırladaq ki, MAQATE hər üç aydan bir İdarə Heyətinə üzv ölkələrlə paylaşdığı İranın nüvə fəaliyyətlərinə dair hesabatında bu ölkədə yüksək dərəcədə zənginləşdirilmiş uran hissəciklərinin aşkar edildiyinə dair məlumatlara yer verib.

Hesabatda bildirilir ki, yanvarın 21-də müstəntiqlər İranın yeraltı Fordo müəssisəsindəki iki mərhələli IR-6 sentrifuqasının əvvəllər elan ediləndən xeyli fərqli şəkildə konfiqurasiya edildiyini, oradan alınan nümunələrdə 83,7 faiz təmizliyə malik hissəciklərin olduğunu qeyd edib. Bəzi beynəlxalq KİV-lər fevralın 20-də İranın uranın 84 faizini zənginləşdirdiyini yazıb və Tehran administrasiyası bunu təkzib edib.

//Gülnarə Abasova, Editor.az