ADU və Biləsuvar Təhsil Kompleksi arasında memorandum imzalanıbbackend

ADU və Biləsuvar Təhsil Kompleksi arasında memorandum imzalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 31-də  Azərbaycan Dillər Universitetində (ADU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda gündəlikdə duran məsələlər müzakirə olunub,  məruzələr dinlənilib.

Daha sonra ADU ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında anlaşma memorandumu imzalanıb.

Memorandum ADU-nun rektoru, akademik Kamal Abdulla və Təhsil Kompleksinin direktoru Aqşin Bağırov tərəfindən imzalanıb.

Sənəddə ali və orta təhsil müəssisəsi arasında əlaqələrin möhkəmləndirilməsi naminə təhsil və təlim-tədris sahələrində təcrübə mübadiləsinin aparılması, müəllimlərin peşəkar inkişafına dəstəyin verilməsi,  universitetin  tələbələrinin adıçəkilən Təhsil Kompleksində  pedaqoji təcrübəyə cəlb edilməsi, xarici dillərin tədrisinə metodik dəstəyin verilməsi, elm və təhsil sahəsində yerli və beynəlxalq səviyyəli konfransların, seminarların və digər tədbirlərin birgə keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda şagirdlərin xarici dil proqramlarına cəlb edilməsi, yerli və beynəlxalq yay və qış məktəblərinin təşkili, qarşılıqlı maraq doğuran və qanunvericiliklə müəyyən edilmiş müxtəlif  layihə və proqramlarda iştirak nəzərdə tutulur.

Aqşin Bağırov Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinə göstərdiyi diqqət üçün ADU-nun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib, gələcək əməkdaşlığın səmərəli perspektivindən danışıb.