Ceyhun Bayramov nələrin anonsunu verdi?: aksiyalar davam edəcək, antiterror əməliyyatı isə…backend

Ceyhun Bayramov nələrin anonsunu verdi?: aksiyalar davam edəcək, antiterror əməliyyatı isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə danışıb.

Nazir müzakirə zamanı Cənubi Qafqazda post – münaqişə dövrü ilə bağlı həmsöhbətini məlumatlandırıb. O bildirib ki, post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycan tərəfinin bir sıra konstruktiv təşəbbüslərinə baxmayaraq, Ermənistan tərəfindən prosesə davamlı əsasda müxtəlif təxribatlarla maneçilik törədilir.

Danışıq zamanı bu xüsusda, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öhdəliklərin kobud şəkildə pozulmasına, Laçın yolundan hərbi təxribatlar, o cümlədən minaların qanunsuz daşınması və yerləşdirilməsi, qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin talanması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə istifadə olunması kimi faktlara vurğu edilib.

Otuz ilə yaxın davam etmiş ərazilərimizin işğalı zamanı və son dövrlər intensivləşmiş qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan vətəndaş cəmiyyətinin Laçın yolunda etiraz aksiyasının haqlı tələblərinin hələ də yerinə yetirilmədiyi qeyd olunub.

Siyasi analitik Kənan Novruzov Editor.az-a bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsinin qalib tərəfi olmasına baxmayaraq, Ermənistana sülh təklif etdi:

“Bununla bağlı olaraq, qarşı tərəfə beş bəndlik sülh paketi təqdim olundu. İrəvan indiyədək bu məsələyə müsbət münasibət bildirməyib. Etiraf etmək ki, Ermənistan baş naziri Nikol Paşinyan siyasi cəhətdən müstəqil deyil. Onun qərarlarına təsir edən bir sıra qüvvələr var. Rusiya, Qərb dövlətləri, daxildəki müxalifət, həmçinin erməni lobbi və diasporu Paşinyana təzyiq imkanına malikdirlər. Bəlkə də rəsmi İrəvan Bakı ilə münasibətləri normallaşdırmaqda maraqlıdır. Amma Paşinyan bununla bağlı siyasi iradə nümayiş etdirə bilmir. O bir çox hallarda çalışır ki, yuxarıda adını çəkdiyimiz tərəflərdən hər birinin maraqlarını təmin etsin. Hərçənd hökumət başçısı özü də başa düşür ki, bu cür “sürüşkən” siyasət daha ağır nəticələrə səbəb ola bilər. Deməli, indiki halda ən optimal variant məhz siyasi iradə göstərərək mövcud vəziyyətdən xilas olmaqdır. Əlbəttə, İrəvanın Bakı ilə münasibətləri normallaşdırması həm də Ankara ilə diplomatik əlaqələrin bərpası deməkdir. Bu isə Ermənistana hava- su kimi lazımdır. Çünki Qərblə Rusiya arasında mübarizənin gücləndiyi, Rusiyanın Ukraynada “bataqlığa düşdüyü”, İranda xaosun və bu dövlətə xarici təzyiqlərin davam etdiyi bir vaxtda Ermənistanın yeganə ümid yeri Türkiyə ola bilər. İrəvan Ankara ilə münasibətləri normallaşdırmaqda maraqlı olmazsa, bölgədə “ortalıqda qalacaq”.

K. Novruzovun sözlərinə görə, Ermənistanın sülh prosesinə süni əngəl yaratmasını göstərən başqa bir faktor isə davam edən hərbi təxribatlardır:

“Əlbəttə, İrəvan sülh istəsə, silahı yerə qoyar. İkinci bir tərəfdən, üçtərəfli razılaşmaların şərtlərinə ziddi olaraq Ermənistan hələ də terrorçuları regiondan çıxarmayıb. Bu, qarşı tərəfin sülh gündəliyindən çox uzaq olduğunu göstərən növbəti faktordur. Ceyhun Bayramovun fikirlərində diqqət çəkən başqa bir məqam Laçın yolundakı etiraz aksiyasının haqlı tələblərinin hələ də yerinə yetirilməməsidir. Bu, bir daha göstərir ki, aksiyanın konkret məqsədləri var. Və çox güman, tələblər yerinə yetirilməyənədək aksiyalar davam edəcək. Aksiyaların minimal nəticəsi olaraq ərazidə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Post Patrul Xidmətinin və digər qurumların postlarının yaradılması gözləniləndir. Beləliklə, ərazidə qanunsuz fəaliyyətin qarşısı alınar, gediş – gəlişə nəzarət təmin olunar. Düşünürəm ki, Ermənistanın qanunsuz fəaliyyəti və tələblərimiz barədə beynəlxalq ictimaiyyət, vasitəçilikdə maraqlı olan tərəflər, o cümlədən ABŞ daimi məlumatlandırılmalıdır. Beləliklə, onlar həm Ermənistanın təxribatçı ritorikası, həm də qalib tərəf kimi Azərbaycanın tələbləri ilə tanış olmalıdırlar. Onu da nəzərə almaq lazımdır ki, Ermənistanın destruktiv davranışları davam edərsə, gələcəkdə növbəti antiterror əməliyyatının keçirilməsi qaçılmaz ola bilər. Hər halda bu, istisna deyil. Və sülh müqaviləsi imzalanmazdan əvvəl növbəti hərbi toqquşmanın olacağı gözləniləndir”.

//Gülnarə Abasova, Editor.az