Dörd tərəfin oyunu: Şarl Mişel Ermənistanın mövqeyindən çıxış edir?-ŞƏRHbackend

Dörd tərəfin oyunu: Şarl Mişel Ermənistanın mövqeyindən çıxış edir?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaşinqton görüşündə də Ermənistan baş naziri Nikol Paşinyan Kişinyov görüşünə qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü qeyd edirdi. Lakin bu real görünmürdü. Çünki bu görüşdə də fərqli mövqelər ortaya qoyuldu”.

Bu fikirləri Editor.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri, politoloq Akif Nağı bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında məsələlərə yanaşma tamamilə fərqlidir:

“Rəsmi İrəvan bu gün Qarabağda yaşayan erməni icmasına beynəlxalq müstəvidə təhlükəsizlik və hüquqlarının təminatı tələbini irəli sürür. Digər tərəfdən hələ də işğal altında olan 8 kəndimizin geri qaytarılmasına razılıq vermir. Ancaq ölkə başçısı İlham Əliyev mayın 28-də Laçın şəhərindən verdiyi mesajlar bir daha göstərdi ki, Qarabağ bütövlükdə Azərbaycanın nəzarətində olmalıdır. Xankəndidə qurulan qondarma qurum da təslim olmalı, “parlament” buraxılmalıdırlar. Ölkəmiz mövqeyini bu tərzdə ortaya qoyur “.

Politoloqun fikrincə, Kişinyovdakı görüşdə ciddi sənəd imzalanmayacaq:

“Çünki yanaşma fərqlidir. Çox təəssüf ki, görüşün təşkilatçısı, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də faktiki olaraq ermənilərin mövqeyindən çıxış edir. Doğrudur ermənilər Ş.Mişelin “Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsini səsləndirməsindən narahat olduqlarını bildirirlər. Lakin o, Bakı ilə Xankəndi arasında birbaşa dialoqun vacibliyini vurğulayaraq Ermənistanın maraqlarına uyğun addım atdı. Azərbaycan isə qəti yanaşma nümayiş etdirərək bu kimi halların yolverilməz olduğunu qeyd etdi. Bu səbəblərdən də yekun sülh müqaviləsinin həmin görüşdə əldə edilməsi mümkün deyil”.

Akif Nağı onu da qeyd edib ki, Prezident İlham Əliyevin Laçın səfəri dönüş nöqtəsi oldu:

“Aydın şəkildə mövqeyimizi ortaya qoyduq. Orada verilən mesajlar ümumilikdə bundan ibarətdir ki, əgər ermənilər irəli sürülən tələblərlə razılaşmasalar hərbi əməliyyatlar qaçınılmaz olacaq. Azərbaycan irəli sürdüyü şərtlərin üzərində dayanmalıdır. Əlavə variant və ləngimə olmamalıdır. Ölkəmiz İkinci Qarabağ müharibəsindən bu vaxta qədər dözümlülük nümayiş etdirib ki, onlar öhdəliklərini yerinə yetirsinlər. Lakin əksinə, bir neçə mənbənin təsdiqlədiyi məlumata görə, ermənilər 10 mindən artıq silahlı qüvvə saxlayırlar. Görünür onlar vaxt udmağa çalışır, regionda situasiyanın dəyişməsini arzulayırlar “.

//Safura Bənnayeva, Editor.az