Elm və təhsilin inkişafı istiqamətində gələcəklə bağlı MÜHÜM YENİLİKLƏR: Yeni qərar hansı zərurətdən qəbul edildi?backend

Elm və təhsilin inkişafı istiqamətində gələcəklə bağlı MÜHÜM YENİLİKLƏR: Yeni qərar hansı zərurətdən qəbul edildi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Sənədə əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib.

Nazirliyin yanında aşağıdakı Agentliklər yaradılıb:

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Editor.az-a açıqlamasında bildirib ki, fərman həm Elm və Təhsil Nazirliyinə, həm də Milli Elmlər Akademiyasına növbəti etimad kimi qiymətləndirilməlidir:

“Sənəddə qeyd olunduğu kimi, Fərmanın imzalanmasında əsas məqsəd elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsidir. Sözügedən Fərman elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin uğurla həyata keçirilməsinə, bu sahədə koordinasiyalı fəaliyyətin qurulmasına öz töhfəsini verəcək. Beləliklə, sözügedən Fərmanla elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi səlahiyyəti Elm və Təhsil Nazirliyinə həvalə edildi. Nazirliyin yanında 2 yeni agentlik yaradılaraq və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. Fərman Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması deyil, əksinə, elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlaması məqsədi daşıyır. Azərbaycan Milli Elmlər Akademiyası humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək. Burada Milli Elmlər Akademiyasının da üzərinə ciddi vəzifələr düşür. Bu qurum Azərbaycan elmində öz sözünü deməyi və yerini qorumağı bacarmalıdır”.

Millət vəkili onu da vurğulayıb ki, Prezidentin bu fərmanı çox uzaqgörən və müdrik bir addım oldu:

” Bilirsiz ki, Azərbaycanda AMEA-nın fəaliyyəti ilə bağlı ciddi müzakirələr gedirdi, hətta radikal fikirlər səsləndirilərək qurumun fəaliyyətinə ehtiyacın olmadığı bildirilirdi. Cənab Prezident belə bir doğru qərar qəbul etməklə qurumun taleyi ilə bağlı vacib addım atdı. İnanıram ki, bu qərar ümumilikdə elm sahəsində fəaliyyətin tənzimlənməsinə öz müsbət töhfəsini verəcək. Nazirliyin tərkibində yaradılan hər iki agentliyin qarşısında ciddi vəzifələr dayanır. Hesab edirəm ki, hər iki qurum qarşısına qoyulan öhdəlikləri tam şəkildə yerinə yetirəcək və Azərbaycan təhsili daha da inkişaf edəcək. Biz növbəti illərdə elm və təhsil sahəsində ciddi yeniliklərin, inkişafın şahidi olacağıq”.

Təhsil eksperti Elçin Əfəndi Editor.az-a bildirib ki, yeni qərar ölkə  təhsilinə, dövlətin prioritet hesab etdiyi istiqamətlər üzrə elmi yeniliklərə mühüm töhfə verəcək:

” Çünki təəssüflər olsun ki, son zamanlar AMEA-da hər hansı bir  elmi, texnoloji yeniliyin şahidi ola bilmirdik. Olsa belə bu, ictimaiyyətə açıqlanmayıb. Bir neçə ildir ki, AMEA-dan hər hansı bir alimin, Nobel mükafatına layiq görüldüyünü, Avropa Kosmik Agentliyi ilə paralel bir iş gördüyünü, müəyyən elmi-texnoloji yeniliyə imza atdığını görmək mümkün deyil. Bu isə həmin akademiyada bürokratik əngəllərlə bağlı idi. Bəzi bu cür problemlər isə akademiya alimlərinin öz elmi işlərini davam etdirə bilməməsi ilə bağlı müəyyən maneələr yaradırdı. Görünür bu kimi problemlərin mövcudluğu Dövlət Başçısının diqqətində olub. Nəticə etibarilə isə AMEA-da baş verən bu və ya digər problemlərin aradan qaldırılması üçün yeni fərman imzalandı”.

E. Əfəndi vurğulayıb ki, indiki halda bu qərarın verilməsi mühüm əhəmiyyət kəsb edir: ” Çünki ölkəmiz  təhsil sahəsində müəyyən islahatlarının həyata keçirilməsini, hər kəs üçün təhsil əlçatanlığının təmin olunmasını vacib prioritet hesab edir. Necə ki, BMT tərəfindən 2030-cu ilə qədər dünya əhalisinin hər birinin təhsilə çıxış imkanlarının əlçatanlığının asanlaşdırılması əsas hesab olunursa, bu prinsipə Azərbaycan dövləti də qoşulub və dəstəkləyir. Elm və Təhsil Nazirliyinin tabeliyində iki agentlik yaradılıb. Bu agentliklərin hər biri fərqli-fərqli funksiyaları həyata keçirəcəklər və Nazirliklə paralel olaraq bu agentliklər də müvafiq işlərin həyata keçirilməsində birbaşa məsuliyyət daşıyacaqlar. Hesab edirəm ki, dünən verilən  fərman Azərbaycanın təhsil sferasında gələcəklə bağlı mühüm yeniliklərdən xəbər verir”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.