Ermənilərin Qarabağda EKOLOJİ TERRORU: “Artıq hiss olunur ki, həmin ərazilərə azərbaycanlı ruhu qayıdır”backend

Ermənilərin Qarabağda EKOLOJİ TERRORU: “Artıq hiss olunur ki, həmin ərazilərə azərbaycanlı ruhu qayıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;

Ermənistan 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə şəhər və kəndləri dağıtmaqla yanaşı, yeraltı-yerüstü təbii sərvətlərimizi də talan edib. Məlumatlara əsasən, işğala məruz qalan torpaqlarımızda 280 min hektar meşə sahəsi olub və bundan 13197,5 hektarı qiymətli ağac növləri olub. İşğaldan azad olunmuş Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərinin çoxu yarımfabrikat kimi xarici ölkələrə daşınıb. Yəni işğal dövründə bütün maddi sərvətlər talan olunub, meşələr kəsilərək satılıb, təbii resurslar qarət edilib. Eyni zamanda, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar Ermənistan tərəfindən qanunsuz istismara məruz qalmışdır. Düşmənin ərazilərdə törətdikləri bu vəhşiliklər barədə dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırılsa da, heç bir nəticə verməyib.

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru və onun nəticələri barədə Editor.az-ın suallarını cavablandıran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf mühitin və təbii sərvətlərin  tənzimlənməsi şöbəsinin müdir müavini Raqub Mirzəyev açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində aparılmış ilkin ekoloji monitorinqlərə əsasən 30 illik işğal dövründə on min hektarlarla sıx meşə örtüyünün, təbiət abidəsi statuslu qədim ağacların məhv edildiyi, ərazilərdə mövcud olmuş hidrometeoroloji stansiya və məntəqələrin tamamilə dağıdıldığı, eləcə də mineral-xammal yataqlarının istismar edildiyi məlum olub:

“Ermənistanın törətdiyi ekoloji cinayətlərin mənfi təsirlərinin aradan qaldırılması, eləcə də ərazilərdə ətraf mühitin sağlamlaşdırılması məqsədilə ETSN tərəfindən ekosistemin bərpası tədbirləri həyata keçirilir.Bu tədbirlər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə çaylar üzərində hidroloji avtomat stansiyaların quraşdırılması işləri aparılır. İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 40 mindən çox müxtəlif cinsli ağac tingi əkilib, 2 tondan çox  palıd toxumu səpilib. Eyni zamanda, bu ərazilərdə yerləşən su obyektlərində suyun keyfiyyətini müəyyənləşdirmək məqsədilə mütəmadi monitorinqlər keçirilir, su və dib çöküntüsü nümunələri götürülərək fiziki-kimyəvi analizlər aparılır. Aparılan monitorinqlərin nəticələrinə görə transsərhəd çayların, xüsusilə də Oxçuçayın ağır metallarla ciddi şəkildə çirkləndiyi aşkar edilib. Həm su ehtiyatlarının özü, həm də dib çöküntüləri ağır metallarla çirklənməyə məruz qalıb. Bunun da əsas mənbəyi Ermənistanda fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələridir. Nazirlik rəsmisi vurğulayıb ki, qeydə alınan ölçmə nəticələri, hər bir qiymətləndirmə, aşkar olunan faktların hamısı sənədləşdirilir”.

Milli Məclisin deputatı Nəsib Məhəmməliyev Editor.az-a bildirib ki, ekoloji cəhətdən ölkəmizin ən həssas, füsunkar təbiətə malik zonası yenicə işğaldan azad olunan Qarabağ əraziləridir:

“Azərbaycanın ekoloji cəhətdən ən təmiz, təbiəti dağlar, çaylar, su ehtiyatları baxımından zəngin bölgəsidir. Təəssüflər olsun ki, 30 il işğal ərzində düşmən bu gözəl təbiətin flora və faunasının məhv olmasına gətirib çıxaran qərəzli siyasət aparıb, təbii resurslar istismar olunub. Kəlbəcər və Zəngilanın qızıl yataqları, Oxçuçayın və digər su hövzələrinin çirklənməsi, Zəngilanın məşhur çinar meşəsinin məhv olunması, torpağa ağac əkmək əvəzinə yüz minlərlə minaların basdırılması, bəzi məlumatlara görə kimyəvi tərkibli materialların basdırılması və digər bütün vəhşiliklər təbiəti məhv edib. Kortəbii şəkildə müdafiə istehkamları adı altında  dağlarda çoxlu səngərlərin, beton istehkamlarının qazılması ilə təbiətə külli miqdarda ziyan vurulub. Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş ərazilərdə  infrastruktur layihələri icra edir və ekologiyanın bərpası məqsədilə müxtəlif proqramlar həyata keçirilir. Meşələrin, aqroparkların, ekoloji parkların salınması,  “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası,  alternativ və bərpaolunan enerji istifadə etməklə təbiətə maksimum dərəcədə az ziyanın vurulması ekoloji mühitin tezliklə bərpasına xidmət edir”.

Millət vəkilinin sözlərinə görə, ermənilərin cəhənnəmə döndərdikləri əraziləri Azərbaycan dövləti, xalqı yaxın zamanda cənnət məkanına çevirəcək:

“Buna görə lazımi bütün tədbirlər həyata keçirilir. Ekoloji tədbirlər isə bu layihələrin ön planında olacaq. Çünki Qarabağ həm təbii spesifik xüsusiyyətlərinə, mənzərəsinə, iqliminə, tarixi memarlıq abidələrinin bolluğuna görə ekoloji turizmin inkişafı üçün olduqca mühüm bir məkan sayılır. Bu baxımdan hesab edirəm ki, ekoloji proqramların icrası hər zaman hökumətin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qarabağa hər səfər çərçivəsində ekoloji məsələlərə xüsusi diqqət ayırır və düşmənin ekologiyamıza vurduğu ziyanı dilə gətirir,  yeni parkların, meşə zolaqlarının salınması ağacəkmə proseslərində iştirak edir. Bütün bunlar bizə göstərir ki, yaxın zamanlarda Qarabağ yenidən cənnət məkana çevriləcək və artıq hiss olunur ki, həmin ərazilərə azərbaycanlı ruhu qayıdır. Biz ermənilərdən fərqli olaraq qurucu bir millətik. Təbiətə və ətraf mühitə də münasibətimiz Qarabağda bütün çılpaqlığı ilə görünəcək”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.