Ermənistanın müharibədən sonrakı addımlarını belə adlandıra bilərik: “Bu ölkənin siyasi rəhbərliyi məğlubiyyətdən dərs çıxarmaq istəyir”backend

Ermənistanın müharibədən sonrakı addımlarını belə adlandıra bilərik: “Bu ölkənin siyasi rəhbərliyi məğlubiyyətdən dərs çıxarmaq istəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumilikdə Ermənistanın müharibədən sonrakı addımlarını belə adlandıra bilərik: Bu ölkənin siyasi rəhbərliyi məğlubiyyətdən dərs çıxarmaq istəyir. Azərbaycan və Türkiyə qardaş dövlətlərinin Ermənistana münasibəti isə özündə humanizm siyasətini və sülhü ehtiva edir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan dövləti illərlə səbr etdi, Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün kifayət qədər səy göstərdi:

“Ermənistan tərəfi isə onlar üçün yaradılan şansların heç birini dəyərləndirə bilmədi. Müharibə iqtisadi blokadada olan və iqtisadiyyatı ianələrdən asılı olan dövləti daha da iflic vəziyyətə saldı. Beləliklə, Azərbaycanın şanlı qələbəsindən sonra bu ölkə ölkəmizin gücünü və regionda lider dövlət olduğumuzu qəbul edərək münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmaqdadır. Təbii haldır ki, müharibədə ciddi itki vermiş və uduzan tərəf olan ölkədə xalqın baxış tərzi, məğlubiyyətin yaratdığı kin, revanşist qüvvələrin mövcudluğu və bir sıra məsələlər maneçilik yaradır. Bu da onu göstərir ki, burada müəyyən qədər vaxt tələb olunur”.

Şahin İsmayılovun sözlərinə görə, Ermənistan rəhbərliyi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və regionda cərəyan edən proseslərə birbaşa və ya dolayısı ilə təsir göstərdiyini yaxşı bilir:

“Bu səbəbdən Türkiyə ilə diplomatik münasibətlərin yaradılmasını istəyirlər. Qardaş Türkiyə isə bu mövzuda Azərbaycanın münasibətini nəzərə alaraq addımlar atır. Qardaş ölkənin XİN rəhbəri Mevlüt Çavuşoğlu bununla bağlı açıqlamasında Azərbaycanla məsləhətləşmələrin aparıldığını qeyd etmişdi. Türkiyə dövlətinin Ermənistanla münasibətdə gördüyü bütün işlərdə Azərbaycanın rəyi və məsləhətləri nəzərə alınır. Türkiyə Cümhuriyyətinin “Bir Millət, İki Dövlət” prinsipi ilə həyata keçirdiyi dövlət siyasəti onu deməyə əsas verir ki, qardaş ölkə bütün məsələlərdə Azərbaycanın maraqlarını əsas tutur. Ermənistan ona verilən yeni şanslardan istifadə etməklə sülh müqaviləsini imzalamağı tezləşdirməlidir. Sülh hər bir tərəf üçün əhəmiyyətlidir. Azərbaycan tərəfi sülh prosesini tezləşdirməklə regionun təhlükəsizliyi və inkişafını əsas götürür. Ermənistan tərəfi üçün isə sülh xilas yoludur. Müharibə iqtisadiyyatı onsuz da blokadada olan dövlətin yalnız hərbi gücünə deyil, iqtisadiyyatına da ciddi təsir göstərərək iflic hala gətirib”.

//Gülnarə Abasova, Editor.az