Ermənistanın yeni planları: “Yaxın günlərdə baş tutacaq görüşdə…”- ŞƏRHbackend

Ermənistanın yeni planları: “Yaxın günlərdə baş tutacaq görüşdə…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamalarından belə görünür ki, rəsmi İrəvan sülhə razıdır”.

Bunu Editor.az-a politoloq Asif Nərimanlı Ermənistan baş naziri Nikol Paşinyanın mayın 22-də keçirdiyi mətbuat konfransında Azərbaycanın bu günlərdə Ermənistana sülh müqaviləsinin mətni ilə bağlı öz variantını versə, müqavilənin növbəti görüşlərdə imzalana biləcəyi barədə fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti yaxın günlərdə sülh müqaviləsini imzalanmağa çalışır:

“Amma belə bir sual yaranır ki, müharibədən keçən iki ildən çox müddətdə Ermənistan niyə sülh müqaviləsini imzalamağa razılıq vermirdi? İndi nə baş verdi? Azərbaycan sülh müqaviləsinin mətni üçün irəli sürdüyü beş baza prinsipi beynəlxalq müstəvidə qəbul edilib. Ermənistanın əvvəldən nail olmaq istədiyi bir neçə məqamlar var idi. Bunlara geosiyasi vəziyyətin, bölgədəki oyunçuların yerdəyişməsi daxildir. Görünən odur ki, Ermənistan qarşıdakı günlərdə sülh sazişini Qərb masasında imzalamağa çalışır “.

Politoloqun fikrincə, rəsmi İrəvanın iki istəyi var:

“Birincisi, kommunikasiyaların açılmasının suveren hüquqlar prinsipinə uyğunlaşması, məsələn Zəngəzur dəhlizinin, dəhliz yox yol kimi açılmasını istəyir. Bununla da orada post qurmağı hədəfləyir. İkincisi isə 29.8 min kvadratkilometr ərazini qorumağa çalışır. Bu da sərhədlərin delimitasiyasının hansı formada qurulması ilə nəticələnəcək. Bu iki məsələ Qərbdəki müzakirələrdə də əsas prioritetdir. Ermənistan bu istəkləri ilə Qarabağ məsələsini özündən uzaqlaşdırır “.

Asif Nərimanlı yuxarıda haqqında danışdığı bir çox proseslərin artıq Rusiya ilə Azərbaycan arasındakı məsələlərə çevrildiyini vurğulayıb:

” Artıq rəsmi İrəvanın yürütdüyü siyasət bu istiqamətdədir. Qarşıda keçirilməsi düşünülən Kişinyov görüşü Fransanın təklifi ilə irəli sürülüb. Rəsmi Paris bu müzakirədə həm özünün, həm də Ermənistanın maraqlarından çıxış edəcək. Rəsmi Bakı da bu proseslərdən xəbərdar olduğu üçün əməli addımlar atır. Kişinyov görüşünə qədər Brüssel və Moskvada təşkil edilən görüşlər də məhz buna hesablanıb. Azərbaycanın da əsas istəyi ərazi bütövlüyünün tanınması məsələsinin Qərb platformasında qəbul edilməsidir. Amma rus sülhməramlılarının Qarabağ ərazisində olduğu müddətdə sülh müqaviləsinin Qərb platformasında imzalanması bizim əleyhimizədir”.

//Safura Bənnayeva, Editor.az