Əslində nikahların sayı azalır, boşanmalar isə kəskin artırbackend

Əslində nikahların sayı azalır, boşanmalar isə kəskin artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda mənzillərin qiyməti astronomik həddədir, orta statistik azərbaycanlı ömrünün axırına kimi işləsə də ev ala bilməz”
Bu il Azərbaycanda nikahların sayı ötən illə müqayisədə 50 faizə qədər artıb. Məlumata görə, 2021-ci ilin yanvar-iyul aylarında qeydiyyat şöbələri tərəfindən 30 289 nikaha daxilolma və 9 692 boşanma halları qeydə alınıb. Azərbaycanda nikahların sayının artması nə ilə əlaqəlidir?
“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”ə açıqlamasında deyib ki, əslində ölkəmizdə nikahlarda real artım yoxdur. O qeyd edib ki, bu göstərici sadəcə pandemiya ilə bağlıdır və bu, son 1 ilin yığılmış toy mərasimlərinin nəticəsidir: “Faktiki olaraq, ölkəmizdə nikahlar azalır, boşanmalar isə kəskin artır. Bu isə ailə institutumuzun dağılmağa doğru getdiyini və yaxında milli genefondumuz üçün ciddi problemlər yaranacağını göstərir. Problemin qarşısını almaq üçün həm dövlət, həm də cəmiyyət mübarizə aparmalıdır. Mənəvi dəyərləri görməzdən gəlib, maddi dəyərləri önə çıxarmağa son qoyulmalıdır. Gəncləri mənəvi dəyərlərdən aralayıb, onlara yalnız əyləncə, eqoizm, laqeydlik təbliğ edən televiziyalar və sair bu kimi təbliğat vasitələri cəzalandırılmalıdır”.
 
Sosioloq diqqətə çatdırıb ki, sosial problemlər, işsizlik, yoxsulluq kimi faktorlar da nikahların azalmasına, boşanmaların artmasına ciddi təsir göstərir: 
“Misal üçün, Bakıda mənzillərin qiyməti astronomik həddədir, orta statistik azərbaycanlı ömrünün axırına kimi işləsə də ev ala bilməz. Elə regionlarda da evlər bahadır. İş tapmaq çətindir, tapanda da uzağı 300-500 manat maaşa. Bu maaşla isə yalnız 1 nəfər yaşaya bilər, ailə saxlamaq olmaz”.
 
E.Bayramlı son zamanlar ölkəmizdə əcnəbi evliliklərinin sayının artdığını da vurğulayıb:
 “Əcnəbilərlə evliliklərin artması heç də yaxşı hal deyil. Müşahidələr göstərir ki, belə evliliklərin əksəriyyətinin axırı heç də yaxşı qurtarmır. Çünki fərqli cəmiyyətlərdə yaşayan insanların psixologiyaları, mənəvi dəyərlərə baxışı, həyat tərzi fərqli olur və tərəflər çox vaxt uyğunlaşa bilmirlər. Əcnəbilərlə evlənmə hallarının artmasının müxtəlif səbəblər var. Bəziləri xaricdə yaşamaq üçün, bəziləri daha imkanlı ər və ya arvad tapmaq üçün, bəziləri burada heç kim onunla evlənmədiyi üçün əcnəbilərə üstünlük verirlər. Açıq desək, bakirə olmayan, fahişəliklə məşğul olan qadınlar burada heç kim onlarla evlənmədiyi üçün əcnəbilərlə evlənirlər. Eləcə də, bəzi kişilər xarici ölkədə yaşaya, işləyə bilmək üçün əcnəbi qızlarla ailə qururlar. Bu da çox vaxt müvəqqəti xarakter daşıyır. Əlbəttə, az sayda olsa da, sevgi üzərində qurulan ailələr də var. Sevgi milliyət, din, sosial, siyasi mənsubiyyət tanımır. Belə ailələr dünya xaqlarının inteqrasiyası, mədəniyyətlərin uyğunlaşması, mənəvi dəyərlərin bölüşülməsi üçün bir nümunə də ola bilirlər. Ümumiyyətlə, ailə qurulması məsələsinə çox ciddi yanaşılmalıdır, burada necə deyərlər, yüz ölçüb bir biçmək lazımdır. Çalışılmalıdır ki, qarşı tərəfin xasiyyətləri, psixologiyası, həyat tərzi, düşüncə tərzi heç olmasa bir az uyğun olsun. Əks halda problemlər yaranır. Təəssüf ki, müasir gənclərin bir çoxu ailəni oyuncağa döndəriblər. Bunun qarşısı alınmalıdır”.
\\sherg.az