Fazil Mustafaya hücum: İran Azərbaycana qarşı terror planını işə saldıbackend

Fazil Mustafaya hücum: İran Azərbaycana qarşı terror planını işə saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror hücumunun arxasında hansı ölkənin dayandığı sualının yekdilliklə qəbul edilən bir cavabı var: İran.

Və belə düşünməyə əsas verən güclü ehtimalların sayı kifayət qədərdir.

Birincisi, silahlı hücumun motivləri;
İkincisi, İranın terror siyasəti və Azərbaycana qarşı aqressiyası;

Millət vəkilinə qarşı törədilən teraktı bu iki amil üzərindən analiz etdikdə arxasından İranın boylandığı daha aydın görünür.

Hücum Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən teraktda istifadə olunan eyni silahla – “kalaşnikov”la edilib. Təbii ki, hər iki teraktda istifadə olunan silahlar fərqli ola, o cümlədən, “kalaşnikov”dan istifadə hələ izi İrana aparan əsaslı məqam kimi qəbul edilməyə bilər. Səfirliyə hücumla deputata hücum arasında ortaq məqam isə eynidir: qorxu yaratmaq, mesaj vermək;

– Tehrandakı səfirliyimizə terror hücumu ilə İran rejimi Azərbaycana “diplomatlarınızı öldürə bilərik” mesajı verdi: bu metodun ASALA terror təşkilatının taktikasına yaxınlığı seçilir və bu, İranın zamanında hərtərəfli dəstək verdiyi erməni terror təşkilatının mirasını davam etdirməsindən xəbər verir;
– Deputata hücumla Azərbaycan dövlətinə “təhlükəsizlikdə deyilsiniz, silahlı hücumlar belə təşkil edə” və “terroru Azərbaycan daxilinə köçürə bilərik” mesajı verildi;

Bu kontekstdə terror hücumundan bir gün öncə – 27 mart tarixində Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi İran casuslarının etiraflarını əks etdirən videosujeti xatırlamalıyıq. Saxlanılan şəxslər bildirir ki, onlara tanınmış dövlət və ictimai xadimlərə qarşı sui-qəsd tapşırığı verilib. Hədəfdə olan şəxsin ölməsi, yaxud sağ qalması əsas deyilmiş, əsas məqsəd bununla mesajın verilməsi olub. Fazil Mustafaya qarşı törədilən terror aktının da hədəfi ölməsi, yaxud sağ qalmasından asılı olmayaraq, mesajın verilməsi idi.

Niyə Fazil Mustafa hədəf seçildi?

Bu sualın cavabı da izləri məhz İrana aparır. F.Mustafa İran rejiminin din adı altında həyata keçirdiyi siyasəti və Azərbaycana bu siyasət üzərindən müdaxiləsini sərt tənqid etməsi ilə seçilir. Bu tənqidlərə görə zaman-zaman İrandan və molla rejiminin təsirində olan azərbaycanlılardan təhdid aldığı haqda da məlumatlar var. Hətta deputatın özü bir neçə dəfə təhqir və təhdid edildiyinə dair açıqlamalar vermişdi. İranda molla rejimi Fazil Mustafanı həmişə “şiə düşməni” kimi təqdim edib. Məqsəd bununla deputatın mollaları ifşa edən fəaliyyətini “İslama dininə qarşı” kimi göstərmək, insanların Tehran rejiminin iç üzünü görməsinin qarşısını almaqdır. Və məhz F.Mustafanın – onların iddia etdiyi “şiə düşməni”nin güllələnməsi “İranın və onların din adı altında ixrac etdiyi siyasətə qarşı çıxanlar cəzalandırılacaq” mesajının verilməsinə hesablanıb.

Səfirliyimizə və Milli Məclisin üzvünə terror hücumu ilə Azərbaycan dövlətinə “diplomatlarınızı və ictimai şəxsləri qətlə yetirə bilərik” və “terroru Azərbaycan daxilinə keçirə bilərik” mesajı verən İran həm də hədəf kimi “şiə düşməni” kimi təqdim etdiyi deputatı seçməklə Azərbaycan xalqına “İrana qarşı olanlar cəzasız qalmayacaq” mesajını verdi. Eyni zamanda, Fazil Mustafaya hücumla dindarlar arasında terror aktını “dini təəsübkeşlik” adı ilə legitimləşdirmək məqsədi daşıyır. İranmeylli istifadəçilərin sosial şəbəkələrdə terror hücumunu sevinclə qarşılaması da bunu təsdiq edir. Təsadüfi deyil ki, İran mediası və İranın Azərbaycan auditoriyasına hesablanmış sosial media resursları da F.Mustafanın güllələnməsini “şiə düşməni olan deputata hücum” kimi təqdim etdi.

Hücumun vaxtı: İran nəyi göstərmək istəyir?

F.Mustafaya qarşı terror hücumunun vaxtının seçilməsi də İranı işarə edir və molla rejiminin nə demək istədiyini anlamağa imkan verir.

– Hücumdan bir gün öncə – 27 martda xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan səfirliyinin açılış mərasimində iştirak məqsədilə İsrailə səfər etdi;
– Hücumun edildiyi gün – 28 mart Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günüdür;

İran açıq şəkildə Azərbaycan İsraillə münasibətlər qurmasına qarşı çıxır və İsraildə səfirliyimizin açılması məsələsi gündəmə gələndən aqressiv reaksiya verir. Tehranda səfirliyimizə qarşı törədilən terrorun məqsədlərindən biri də məhz İsraildə səfirlik açmaq istəyimizə qarşı “buna imkan verməyəcəyik” mesajının verilməsi idi. Lakin müstəqil və milli maraqlarına uyğun siyasət yürüdən Azərbaycan İsraildə səfirliyin açılması qərarından geri dönmədi. Mahiyyəti terror olan İran rejimi də İsraildə səfirliyimizin açılmasından iki gün öncə Azərbaycanda ictimai xadimə qarşı terror hücumu ilə rəsmi Bakını qərarından geri döndərməyə çalışdı.

Hücumun 28 martda – DTX-nin peşə bayramı günündə edilməsi də xüsusi olaraq seçilib. Azərbaycan xüsusi xidmət orqanları son dövrlər İranın casus şəbəkəsinə qarşı uğurlu əməliyyatlar keçirir və bu addımlar Tehran rejiminin Azərbaycana uzanan əllərinin kəsilməsi ilə nəticələnir. İranın xoşuna gəlməyən də məhz budur və molla rejimi xüsusi xidmət orqanlarımızın ölkədə təhlükəsizliyi təmin edilməsini həzm edə bilmirlər. Məhz xüsusi xidmət orqanlarının peşə bayramı günü terror aktı törətməklə İran həm DTX-nın imicini zədələmək, həm də ifşa olunan casuslarının qisasını almaq istədi.

Bütün bunlar – hücumun zamanı, hədəfi və verilən mesajlar terror aktının arxasında İranın olduğuna şübhə yeri qoymur.

İran terror planını yenidən işə salır

İranın terrorçu mahiyyəti və Azərbaycana qarşı aqressiyası da buna əminlik yaradan amillərdəndir. Tehran rejimi 44 günlük müharibədən sonra Azərbaycana qarşı aqressiv siyasətini açıq müstəviyə keçirdi. Mollaların yanaşması belədir ki, Azərbaycan müstəqil və milli siyasətindən İranın maraqları naminə imtina etməli, Tehranın göstərişlərini icra etməlidir. Rəsmi Bakının buna əhəmiyyət vermədən regionda yeni reallıqlar yaratması İranı narahat etməklə yanaşı, qıcıqlandırır da və görünür, ən yaxşı bacardıqları yoldan – terror siyasətindən çıxış edirlər.

İranın terror siyasəti bütün sivil dünya tərəfindən tanınıb. Yaxın Şərqi qana boyayan Tehran rejimi hər il terrora milyardlarla dollar vəsait xərcləyir. ABŞ Dövlət Departamentinin hazırladığı “Beynəlxalq qanunları pozan İran rejiminin dağıdıcı hərəkətlərinin tarixi” adlı hesabatda qeyd olunur ki, İran Yaxın Şərqdə terror aktlarının törədilməsinə hər il 16 milyard dollar pul ayırır. İran terror siyasətini tarix boyu Cənubi Qafqazda da tətbiq edib və əsas hədəf kimi Azərbaycan seçilib. Akademik Ziya Bünyadovun, jurnalist Rafiq Tağının qətlə yetirilməsi bu terrorun qaranlıq səhifələrindəndir. 2012-ci ildə Bakıda “Avroviziya” mahnı müsabiqəsi keçiriləndə də İranın Azərbaycanda terror aktı törətmək planları haqda da kifayət qədər məlumat var idi. Milli Məclisin üzvünə silahlı hücum da İranın terror siyasətini yenidən Azərbaycana qarşı işə salmasıdır.

Asif Nərimanlı