Fransa nazirinin Azərbaycana səfəri: “Bu dəfə əvvəlki yanaşmaya nisbətən…” MÜSAHİBƏbackend

Fransa nazirinin Azərbaycana səfəri: “Bu dəfə əvvəlki yanaşmaya nisbətən…”-MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az politoloq Asif Nərimanlı ilə müsahibəsini təqdim edir:

-Asif bəy, Fransa XİN-in mətbuat xidməti xəbər verib ki, Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna 26-28 aprel tarixləri ərzində Azərbaycana və Ermənistana səfər edir. Mövcud vəziyyəti nəzərə alsaq, siz bu səfəri necə dəyərləndirirsiniz?

-Fransanın mövqeyi məlumdur. Ermənipərəst siyasətində hansısa dəyişikliyi gözləmək ehtimalı çox azdır. Əvvəlki hakmiyyət bir qədər balansı qorumağa çalışsa da, erməni faktoru o zaman da var idi. İndiki situasiyada dəyişən təkcə Fransa daxilində erməni faktoru deyil. Həm də rəsmi Paris regiona qayıtmaq üçün İrəvanı əsas vasitə kimi görür. Buna görə də öz mövqelərindən çıxış edəcəkləri gözlənilir. Xarici İşlər Nazirinin iki ölkəyə səfəri Fransanın yenidən prosesə qayıtmaq istəyinin göstəricisidir.

-Bəs, Azərbaycanın bu mövzuda konkret yanaşması qarşılığında, rəsmi Paris prosesə qayıda bilərmi?

-Məlumdur ki, bundan əvvəl də Praqada Emmannuel Makronun iştirakı ilə keçirilən görüşdə Fransanın vasitəçilik istəyi ortaya çıxmışdı. Bunun da həm geosiyasi, həm də regional səbəbi var. Müharibədən sonra, Minsk qrupu prosesdən çıxdığı üçün rəsmi Paris yenidən regiona qayıtmağa cəhd edir. Digər tərəfdən bu ölkə geosiyasi situasiyada Avropa İttifaqı üzərindən güc mərkəzi rolunu oynamaq istəyir. Amerika, Rusiya və Çin üçlüyündə Fransa da yer almağa çalışır. Fransa XİN-in səfəri də buna hesablanıb. O anladı ki, Azərbaycanın müsbət mövqeyi olmadan onlar prosesdə iştirak edə bilməz. Prezident İlham Əliyev də bu haqda mövqeyini bildirdikdən sonra Paris oyundan kənarlaşdırıldı. Buna görə də balanslı mövqe sərgiləməyə çalışacaqlar.

-Sizcə, müzakirəyə hansı mövzular çıxarıla bilər?

– Fikrimcə, bu səfərdə əvvəlki yanaşmaya nisbətən daha yumşaq, loyal münasibət görə bilərik. Burada Fransa Qərb masasındakı gündəlikdə əksini tapmış “Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin qorunması”, “Bakı ilə təmasların qurulması” kimi məsələlər üzərindən çıxış edə bilər. Bakı tərəfindən Fransanın vasitəçiliyinə müsbət münasibət yanaşarsa, həmin mövqedən çıxış edə bilərlə. Yox əgər istədiyini əldə edə bilməsə, əvvəlki sərt yanaşmaya, yəni ermənilərin maraqlarından çıxış etməyə, eləcə də separatçıları silahlandırmaqda davam etməyə başlayacaqlar. Bu da Fransanın regiondan hansı nəticə ilə qayıtmasından asılı olacaq.

– Asif bəy, Fransa tərəflər arasında sülhə maraqlı idisə, Xarici İşlər Nazirinin səfərindən əvvəl prezident Emmannuel Makronun öz qərəzli siyasətinə dəyişiklik etməsi düzgün olmazdımı?

-Əlbəttə, belə bir gözlənti var. Faktiki olaraq Makron öz yanaşmasını ortaya qoyub. Ümumiyyətlə Fransanın mövcud siyasətində bir qədər qəribəlik var. Yəni daha çox geosiyasi prosesdən kənarda qalsalar belə, yenə də özlərini diqtə edən tərəf kimi göstərirlər. Makronun qərəzli mövqeyinin dəyişməməsi də bundan irəli gələ bilər. Lakin digər tərəfdən onlar Xarici İşlər Nazirinin səfərinin nəticəsinə baxacaqlar və buna uyğun davranacaqlar. İstisna deyil ki, ölkəmizin gündəliyindən çıxış edən mövqe sərgiləcəklər. Çünki bu günə qədər Ermənistanın yanaşmasını dəstəkləmişdilər və indi də Qarabağ məsələsində Paşinyanın münasibəti daha açıq müstəviyə keçdiyindən Makronun qarşısında çox seçim yoxdur.

-Sizcə, Fransa vasitəçilik rolunda çıxış edə bilərmi?

– Məsələ budur ki, Fransanın vasitəçi kimi proseslərə qoşulmasının hansı dərəcədə effekt verəcəyi də sual altındadır. Təkcə ona görə yox ki, Paris aydın olmayan yanaşma sərgiləyir. Burada həm də oyunçular var. Qərb platformasında daha çox Amerikanın aktivliyi müşahidə edildiyi vaxtda Fransaya rol verilməsi real görünmür. Amerika daha çox Brüssel formatını dəstəkləyir. Buna görə də onlar arasında müəyyən rəqabət mövcuddur.

//Safura Bənnayeva, Editor.az