Fransa Senatında erməni faciəsi: aktyorlar istedadsız, tamaşaçılar möhtəkirbackend

Fransa Senatında erməni faciəsi: aktyorlar istedadsız, tamaşaçılar möhtəkir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Senatında “Ermənistan bir il sonra” forumu keçirilib. Rəsmi Parislə İrəvan arasında “dostluq və qardaşlıq münasibət”lərinə, habelə Ermənisanın indiki durumuna həsr olunmuş tədbirdə Ermənistan parlamentinin spikeri Alen Simonyan iştirak edib.

Forum həm də Fransa Senatının qarabağlı ermənilərin “dövlət müstəqilliyini tanıması” barədə qərarının ildönümünə həsr olunmuşdu.

Milli.Az bildirir ki, A.Simonyan Parisə Fransa Senatının spikeri Gerar Larşenin fərdi dəvəti ilə yollanıb.

Forumda çıxış edərkən Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyətdən bəhs edən A.Simonyan rəsmi Bakını 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra “beynəlxalq hüququ kobud şəkildə pozmaq”da suçlayıb.

Daha sonra o, Azərbaycanda “saxlanan erməni hərbği əsirlər”dən bəhs edib: “Zənn edirəm ki, dünya birliyi də bu əsirlərin Bakı tərəfindən siyasi alver vasitəsi qismində istifadə olunduğunu anlayır”.

Sonda A.Simonyan Fransaya ATƏT-in Minsk Qrupunun həmsədri qismində “nizamlanma prosesində fəal iştirakına” görə təşəkkür edib.

Jerar Larşe isə Fransanın Ermənistanın dostu və müttəfiqi olduğunu vurğulayaraq ikitərəfli münasibətlərin bundan sonra da yüksək səviyyədə inkişaf edəcəyini söyləyib.

A.Simonyanla Fransa Senatının spikerinin forumda nə demələri, hansı bəyanatlarla çıxış etmələri məzmun baxımından önəmli olmasa da, faktoloji amil kimi maraqlıdır.

Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiyaya ehtiyac duyulan, faktiki olmayan sərhəddəki gərginliyi yaradan İrəvan olduğu halda, A.Simonyan Bakını ittiham edir.

Belə absurd və şizofreniya səviyyəsindəki suçlamalarını davam etdirən erməni spiker Fransa Senatında onu məqbul qəbul edən auditoriyanın olduğunu bildiyindən Bakıda hansısa “hərbi əsirlər” olduğunu da bəyan edir.

Halbuki beynəlxalq hüquqa, bütün beynəlxalq konvensiyalara və sənədlərə görə, ötən ilin noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan ərazisində yaxalanmış erməni, daha doğrusu, Ermənistan vətəndaşı olan hərbçilər heç bir halda “hərbi əsir” sayılmır və sayıla da bilməzlər.

Onların bir qisminin təxribatçı, diversant və terrorçu olduqları, hərbi cinayətlər törətdiklərini məhkəmə danılmaz faktlarla sübut edilib.

Alen Simonyanın “forum”a qatılması və orada nitq söyləyəndən sonra danışıqlar aparması Fransanın Cənubi Qafqazdakı təsir imkanlarını itirmək qorxusunu qismən də olsa, sakitləşdirmək, səngitmək məqsədli idi.

44 günlük Vətən Müharibəsindən sonra bölgədəki proseslərdən kənarda qalan Paris indi onillər boyu münaqişənin tənzimlənməsi üçün faktiki və praktiki olaraq heç nə etməmiş Minsk Qrupundakı həmsədr statusundan yararlanaraq Bakıya təzyiq göstərməyə çalışır.

Eyni zamanda, Paris Ermənistanın Rusiyanın tam asılılığından qurtulması üçün “gərəkli” saydığı addımları atır ki, bu da təbii, Moskvanı qıcıqlandırır, Rusiyanı əks tədbirlər görəmyə sövq edir.

Fransa Senatında belə “forum”un keçirilməsi və qurumun spikerinin ermənidən artıq erməni kimi görünməyə çalışması Parislə Bakı arasındakı münasibətləri heç bir halda intensivləşdirə bilməz.

Tam əksinə, Jerar Larşe kimi siyasət möhtəkirinin idiotik bəyanatları Fransanın Azərbaycandakı siyasi mövcudluğunu minimuma endirir, Parisi bölgədəki geosiyasi proseslərə müdaxilə və iştirak imkanlarından məhrum edir.

Rəsmi Paris həddən ziyadə gec olsa da, artıq dərk etməlidir ki, Ermənistanla “qardaşlıq” münasibətləri artdıqca Cənubi Qafqazdakı mövqelərini itirir.

Loading...