Həkim-infeksionist: O şəxslər arasında hələ ki, COVID-19-dan ölüm halı olmayıbbackend

Həkim-infeksionist: O şəxslər arasında hələ ki, COVID-19-dan ölüm halı olmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni növ koronavirus (COVID-19) infeksiyasına hazırkı yoluxma dinamikasını analiz etsək, görərik ki, artım trendi var. Həkimlər “həyəcan təbili” çalmağa başlayıblar. Bir tərəfdən vaksinasiya prosesini sürətləndirməyə, digər tərəfdən də təbliğat, maarifləndirmə işlərini artırmağa çalışırıq. Hazırda yoluxma sayında artım qeydə alınsa da, sanitar-epidemioloji vəziyyət nisbi kontrol altındadır. Çünki pandemiyanın ilk günlərindəki hazırlıq səviyyəmizlə indiki eyni deyil. COVID-lə mübarizəyə daha hazırlıyıq. İstər çarpayı sayı, istər fərdi mühafizə vasitələri, istərsə də dərman vasitələrinin təminatı ilə əlaqədar bir problemimiz yoxdur. Bir yandan da daha təcrübəliyik. Bu baxımdan deyə bilərik ki, vəziyyət nisbi nəzarət altındadır. Lakin yoluxma sayı belə davam edərsə, bizi ciddi problemlər gözləyə bilər.

Publika.az xəbər verir ki, Klinik Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.

Mütəxəssis bildirib: “Ötən il Azərbaycanda COVID-19-a 6 minə yaxın yoluxma sayı qeydə alınıb. Həmin rəqəmlər klassik COVID-19 virusunun yoluxduruculuğu sayəsində müşahidə olunub. İndi isə demək olar ki, “delta” ştamı üstünlük təşkil edir. Həmin ştam bütün dünyada da dominant yoluxdurucu hesab olunur. Buna baxmayaraq, bəzi ölkələrdə klassik COVID-19 yoluxmaları da davam edir. Digər tərəfdən koronavirus əleyhinə vaksinasiya prosesi gedir. Virus infeksiyalarına qarşı tormozlayıcı amillər arasında ən güclüsü vaksinasiyadır. Hazırda vaksinasiya yoxsa “delta” ştamının üstün gələcəyini bilmirik. Lakin ümidvaram ki, vaksinasiya sürəti yoluxma sürətini üstələyəcək və bu zənciri qıracağıq.

Yoluxma saylarının artımı adətən multifaktorial olur. Birinci amil kimi təmasın artmasını qeyd etmək olar. Məlumdur ki, dövlət tərəfindən karantin qaydalarında müəyyən yumşalmalara gedildi. Lakin hər zaman qeyd edildi ki, sosial məsafənin gözlənilməsinə, maska taxılmasına və əl gigiyenasına diqqət yetirilsin. Bəzi yerlərdə bu qaydalara riayət olunmur. Kiçik yoluxma ocaqları tez bir zamanda böyüyür və daha çox yoluxmaya səbəb ola bilir. İkinci səbəb “delta” ştamının yoluxdurma qabiliyyətinin klassik COVID-19 virusundan daha çox olmasıdır. Digər səbəb vaksinasiyadan keçməyənlərdir. Yoluxanların 90 faizindən çoxu vaksin olunmayan vətəndaşlardır. Bir başqa amil natamam peyvənd olunanlardır, yəni birinci doza vaksindən sonra arxayınlaşaraq ehtiyat tədbirlərini nisbətən yumşaldanlardır. Xüsusilə qeyd etmək istərdim ki, birinci doza vaksindən sonra qoruyuculuq praktiki olaraq yoxdur. İkinci doza vaksindən iki həftə sonra orqanizmdə anticisim istehsal olunur və bu, bizi koronavirusdan mühafizə edir. İlk dozadan 6 həftə keçmədiyi müddətdə hər an koronavirusa yoluxma təhlükəsi ilə üz-üzəyik. Bu müddət ərzində yoluxanların sayı heç də az deyil. Bu, saxta arxayınlığın nəticəsidir. Birinci dozadan sonra məsuliyyətli yanaşma kənara qoyulur ki, bu da kütləvi yoluxmaya səbəb olur və rəqəmlərin artmasına təkan verir”.

F.Sədirovun sözlərinə görə, koronavirusdan ölüm sayında diqqətəçarpacaq bir azalma müşahidə olunmur. Lakin vaksinasiya olunanlar arasında demək olar ki, ölüm halları yoxdur: “İki doza peyvəndi vurdurmasından iki həftə keçən şəxslər arasında hələ ki, ölüm halı qeydə alınmayıb. İkinci doza vaksinasiyadan 3-5 gün keçənlər arasında da koronavirusa yoluxanlar var. Lakin onlar xəstəliyi çox yüngül formada keçirir, əksəriyyəti evdə müalicə alır. Ölüm hallarında azalma yoxdur. Lakin peyvənd vurdurmayanlar arasında ölüm faizi eyni dərəcədə davam edir. Altı ay keçsə belə tam peyvəndlənmiş şəxsin bədənində yaddaş hüceyrələrində antitel istehsal edən hüceyrələr hələ də yaşamağa davam edir. Üçüncü dozanın tövsiyə olunmasının əsas səbəblərindən biri də budur. Gücləndirici dozanın 6 aydan sonra vurulması nəzərdə tutulur. Əsasən yaşlılara, xroniki xəstəliklərdən əziyyət çəkənlərə, risk qrupuna aid edilənlərə, daha çox təmasa məruz qalanlara, immun sisteminin defekti olanlara altı ay tamamlandıqdan sonra 3-cü dozanı məsləhət görürük. Hazırda ölkədə aktiv istifadə olunan dörd vaksin var: “CoronaVac”, “Vaxzevria”, “Sputnic V”, “Pfizer”. Statistik rəqəmlər göstərir ki, vətəndaşlar daha çox “CoronaVac” və “Pfizer” vaksinlərinə üstünlük verirlər. Üçüncü dozanı fərqli vaksin növündən vurdurmağın heç bir yan təsiri və əks-göstərişi yoxdur. Nəticə etibarı ilə eyni immun cavabı əldə etmiş olacağıq”.