Koronavirusun yeni variantı yarandı: Ona hələ ad verilməyibbackend

Koronavirusun yeni variantı yarandı: Ona hələ ad verilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVID virusunun C.1.2 adlandırılan yeni mutasiyasının qeydə alınması xəbəri dünyada böyük həyəcanla qarşılanıb.

 

The Huffington Post yazır ki, Cənubi Afrikanın Milli Yoluxucu Xəstəliklər İnstitutu yeni ştamm barədə məlumatı avqustun 30-da açıqlayıb.

Məlumatda deyilir ki, Cənubi Afrika Respublikasında və Britaniya da daxil, bir sıra başqa ölkələrdə “çox aşağı faizdə” yayılmış mutasiya müşahidə edilib.

Bu da xəbər verilir ki, sözü gedən yeni variant hələ may ayından müşahidə olunub, lakin dünya boyunca Delta variantı dominant ştamm olaraq qalır.

Alimləri yeni mutasiyanın nə dərəcədə təhlükəli olması maraqlandırır.

Yeni ştamm koronavirusun Alfa, Beta, Qamma və Delta variantlarına bənzəyən mutasiyadan keçib. Onun başqa əlavə mutasiyaları da var.

Lakin ən həyəcan doğuran xəbər bu ştammın başqa qlobal variantlardan iki dəfə sürətlə mutasiya etməsidir.

Sidney Universitetinin professoru Meqan Stayn deyib ki, bu ştamda başqa variantları daha yoluxucu edən bir sıra əsas mutasiyalar baş versə də, mutasiyalar nəticə etibarilə virusu ya gücləndirə, ya da zəif sala bilər.

Mutasiyaların çoxluğu heç də həmişə virusun daha təhlükəli olması ilə nəticələnmir.

Bu dəyişikliklər virusun daha yoluxucu olmasına və ya əksinə yoluxuculuğunun azalmasına gətirib çıxara bilər. Dünya Səhiyyə Təşkialtı C.1.2 mutasiyasını narahatlıq obyekti elan etməyib. Bu onunla əlaqədardır ki, bu ştammın yoluxuculuq dərəcəsi hazırda təcrübələrlə yoxlanmaqdadır.

Delta kimi narahatlıq obyekti olan variantların yüksək yoluxuculuğu və patogenliyi artıq təsdiqlənib. C.1.2 mutasiyası hələ ki, belə bir yoxlamadan keçməyib və DST bu səbəbdən ona Latın hərfi ilə yeni ad verməyib.

Alimlər bildirirlər ki, COVID variantları çox vaxt yaranır və pandemiya üçün real problem törətmədən öləziyib gedir. Yalnız Delta kimi variantlar müqavimət göstərir və yayılırlar.

DST-nin texniki məsələlər üzrə direktoru Mariya van Kerxov bildirib ki, may ayından bəri yayılmasına baxmayaraq hələlik çox az sayda insan yeni varianta yoluxub. O bu barədə tvitində yazır ki, virus daha çox yayıldıqca daha çox dəyişikliyə – mutasiyaya məruz qalır.

Ekspert vurğulayıb ki, bu variantın Alfa və Delta kimi dövriyyədə artması müşahidə olunmur. Hərçənd onun genomdakı payı 0.2 faizdən 2.0 faizə yüksəlib.

Doktor Stayn bildirib ki, vaksinlər indiyədək koronavirusun bütün variantlarına qarşı kifayət qədər effektiv olub. Onlar ən azı ağır yoluxmalardan qoruyur və adamların xəstəxanalara düşməsinin qarşısını alır.

Cənubi Afrika Yoluxucu Xəstəliklər İnstitutu isə bildirib ki, yeni variantın yarada biləcəyi fəsadlar müşahidə altındadır və onun haqqında daha geniş məlumatın toplanması davam edir.

İnstitutun elmiş işçisi Penni Mur əmin olduğunu bildirib ki, Cənubi Afrikada istifadə olunan vaksinlər insanları ağır xəstəlikdən və ölümdən qorumaqda davam edəcək.

Loading...