Lavrovun açıqlamaları nəyə HESABLANMIŞDI?- “Rusiya hər bir halda regionda dominant söz sahibi olduğunu göstərməyə çalışır”backend

Lavrovun açıqlamaları nəyə HESABLANMIŞDI?– “Rusiya hər bir halda regionda dominant söz sahibi olduğunu göstərməyə çalışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya XİN başçısı Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə brifinqdə Fərrux kəndi ilə bağlı sualı cavablandırarkən bu məsələnin delimitasiya prosesi çərçivəsində həll edilməli olduğunu iddia edib. Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Ermənistana səfəri çərçivəsində verdiyi bəzi açıqlamalar müəyyən suallar doğurub.

Məsələ ilə bağlı Editor.az-ın suallarını cavablandıran politoloq Şəbnəm Həsənova bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində görüşlərin, təmasların Rusiya və Avropa İttifaqının təşəbbüsü ilə keçirilməsindən asılı olmayaraq Azərbaycan hər görüşdən sonra üzərinə götürdüyü öhdəliyi çevik və əməli addımla dərhal yerinə yetirir:

“Ermənistan tərəfi isə hər zaman pozucu addımlar atır”. Erməni cəmiyyətində, habelə ayrı-ayrı qüvvələr tərəfindən delimitasiyanın aparılması üçün əsas tutulacaq müxtəlif xəritələrlə bağlı spekuliyativ xəbərlər bu günə qədər də dolaşır, tirajlanır. Burada bir xüsusi məsələni öncə vurğulamaq lazımdır ki, Azərbaycan komissiyasının tərkibinə Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan yəni, bir sözlə Qarabağ zonası olmaqla, həm də Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən Rayon İcra hakimiyyətlərinin başçılarını da daxil etdi. Deməli, sərhəd məsələsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyi həm də Qazax rayonunun 7 kəndi və Kərki ilə bağlıdır ki, bu delimitasiya prosesi çərçivəsində həllini tapsın. Bunu məhz delimitasiya prosesinin özü tələb edir. Bu məsələlərin zəruriliyi fonunda və mövcud məqamda Lavrovun açıqlaması qəbuledilməzdir. Azərbaycan Xarici İşlər Nazirliyi də bildirdi ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür. Deməli, söhbət birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü əsas tutulmaqla Azərbaycan və Ermənistan sərhədindən gedir. Yəni, Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”.

Müsahibimizin sözlərinə görə, Rusiya XİN sonradan stenoqrama dəyişiklik edərək Lavrovun səhvini düzəltdi:

“Ümumiyyətlə, bir faktı gözönündə tutaq ki, komissiya yalnız sərhədlərin delimitasiyası ilə məşğul olmur, həm də sabit vəziyyətin ən yaxşı formada necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olmalıdır. Açıqlamalar verilərkən son dərəcə diqqətli yanaşılmalıdır. Əks təqdirdə bu cür açıqlamalar sabit vəziyyəti qeyri-sabitə çevirmək cəhdinə su tökür. Təbii ki, Rusiya hər bir halda regionda dominant söz sahibi olduğunu göstərməyə çalışır, bütün təşəbbüsləri Avropa İttifaqından geri alaraq öz əlində təmərküzləşdirmək istəyir. Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələlərinin müzakirəsi davam etdirilməli, delimitasiya və demarkasiya öz həllini tapmalıdır. Danışıqlar Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq irəli sürdüyü 5 prinsip əsasında gedir, yekun sülh müqaviləsinin imzalanması da buna müvafiq olacaq. Hansısa tərəfin, kiminsə yaranmış reallıqla ya da tarixi faktlarla barışıb-barışmaması əsas məsələ deyil. Zəfər əldə edən Azərbaycan dövlətidir, şərtləri də milli maraqlar əsas tutulmaqla Azərbaycan diqtə edir. Ermənistanın özü çevik reaksiyalar vermir, hələ də kimin ağzından nə çıxacağını gözləyir. İllər ərzində Qarabağ məsələsində prinsipial olduğumuz kimi bu mərhələdə, mövcud durumda, bu məsələdə də prinsipial mövqe ortaya qoyuruq. Əsas odur ki, bu işdə də cənab Prezident İlham Əliyev bu cür açıqlamaların qarşısını almaq üçün proaktiv davranaraq təşəbbüsü tam mənada ələ almış, ola biləcək məqsədli informasiyalara son qoymuşdu. Dövlət başçımız bütün bu indi olan, olacaq, atılacaq, gələcəkdə hansısa vasitəçilərin qərəzli cəhdlərinə yol açılması üçün boşluq qoymamaq üçün tarixi faktları ortaya qoyaraq bildirmişdi ki, xəritələrlə bağlı Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sərhədlərin müəyyən edilməsi zamanı tarix nəzərə alınmalı, Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı dövrə aid xəritələr istifadə edilməlidir”.

Ş. Həsənova sonda qeyd edib ki, Xocalı rayonunun Fərrux kəndi də, özü də, Xankəndi də, Ağdərə də, Xocavənd də Zəngəzur, elə İrəvan da Azərbaycan torpaqlarıdır: “Tarixin axarını dəyişənlər də, dəyişdirməkdə vasitəçi, alət olanlar da bunu bilir. Bu cür pozucu, səhv açıqlamalar deyil, real addımlar atmağın vaxtı çoxdan ötüb-keçir. Sərhəddə və diplomatik masada təxribatlara cəhd var və olacaq. Dövlət başçımızın qətiyyəti göstərir ki, biz bütün mümkün ssenarilərə hazır olmalıyıq və hazırıq. Azərbaycan bəyan etdiyi qətiyyətli mövqeyində israrlı olduğu qədər, qalib tərəf kimi hər zamankından daha çox hərtərəfli və üstün söz sahibidir”.

//Gülnarə Abasova, Editor.az