“Millət vəkillərini dedikləri sözə görə tənqid etmək olar, amma təhqir heç bir cəmiyyətə hörmət qazandırmır”- Deputatla MÜSAHİBƏbackend

“Millət vəkillərini dedikləri sözə görə tənqid etmək olar, amma təhqir heç bir cəmiyyətə hörmət qazandırmır”- Deputatla MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Nəsib Məhəmməliyev Editor.az-a müsahibə verib.

-Nəsib müəllim, 2021-ci il Azərbaycan dövləti, xalqı üçün necə yadda qaldı? Siz bu ili necə xatırlayacaqsınız?

-2021-cil Azərbaycan tarixində siyasi, iqtisadi, sosial sahələrdə,  eyni zamanda quruculuq-bərpa, abadlıq  işləri baxımından da  kifayət qədər məhsuldar bir il oldu. 2021-ci il müasir  tariximizin ən uğurlu illərindən biridir. İlk növbədə, Azərbaycanın xarici siyasətinin ən böyük uğurlarından biri 11 yanvar üçtərəfli razılaşma imzalandı. Bu, Ermənistan-Azərbaycan münaqişəsi həllində atılan  addımlar biridir və daha əvvəl 10 noyabr üçtərəfli razılaşmasının davamı kimi qiymətləndirilir. Daha sonra 2021-ci il Soçi və Brüssel görüşləri ilə yadda qaldı. Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçi görüşü də Azərbaycan üçün əhəmiyyətli oldu. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən Brüssel görüşündə əvvəl əldə olunmuş razılıqların davamı olaraq Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində artıq beynəlxalq birlik, NATO, Avropa ölkələri tərəfindən də Azərbaycanın hüquqları tanındı. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə diplomatik qələbəsi kimi tarixə düşdü. Bütün bu proseslərin tacı isə tarixi “Şuşa bəyannaməsi”dir. İyun ayının 15-də qardaş Türkiyənin Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı tarixi “Şuşa bəyannaməsi” öz məzmun və məramına görə son yüz illiyin ən önəmli siyasi sənədi kimi qiymətləndirilməlidir. Çünki yüz ildən sonra Türkiyə Cümhuriyyəti əsaslı şəkildə Cənubi Qafqaz bölgəsinə gəldi. Azərbaycan -Türkiyə qardaşlığı tərəfindən gələcəkdə türk dünyasının birləşməsinə hesablanmış strateji addımlar atıldı. Eyni zamanda, Azərbaycan Ordusunun Türkiyə Ordusuna uyğunlaşdırılması, Silahlı qüvvələrin tərkibində struktur islahatlarının formalaşdırılması, müharibədən yeni çıxmağımıza baxmayaraq ordunun tərkibində artıq Quru Qoşunları Komandanlığının yaradılması böyük tarixi hadisələrdir. Bunlar Azərbaycan dövlətinin daha da etibarlı əllərdə olmasının, gələcəkdə təhlükəsizlik sisteminin qurulmasına hesablanmış addımlar kimi qiymətləndirilməlidir. 2021-ci ili  siyasi müstəvidə əldə olunmuş qələbələrimizlə xatırlayacağıq. Qeyd etdiyim məsələlər dövlətimizin beynəlxalq nüfuzunun daha da artmasına, Azərbaycanın dünya miqyasında daha etibarlı bir dövlətə çevrilməsinə xidmət edir. Eyni zamanda, 2021-ci il Azərbaycan iqtisadiyyatında da uğurlu bir oldu. Müharibədən yeni çıxmış ölkə olmağımıza baxmayaraq dövlət büdcəsi öz qarşısında duran sosial öhdəlikləri yerinə yetirir. Bu il müstəqillik dövrünün ən böyük büdcəsi qəbul olunub. Eyni zamanda, 2021-ci ildə işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində çox böyük infrastruktur layihələri icra olundu. Qarabağda adı Ginnesin Rekordlar Kitabına düşməli Füzuli Beynəlxalq Hava Limanın açılışı cəmi 8 ay çəkdi. “Zəfər yolu” inşa olundu, yeni magistral yollar inşa olundu, yeni tunellər çəkilməkdədir, ərazilərin elektrik enerjisi ilə tam təmin olunması üçün elektrik stansiyalar tikilir, keçmiş məcburi köçkün vətəndaşlarımızın öz yurd-yuvalarna qayıtması üçün içməli texniki su infrastrukturu yaradılır, inzibati binalar tikilir, uğurlu layihələr siyasında olan “ağıllı kənd” və “ağıllı şəhər” proqramları həyata keçirilir, Zəngəzur dəhlizinin açılması istiqamətində dəmir yol, avtomobil yolu ilə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla əlaqələrin qurulur, Türkiyə-Naxçıvan – Azərbaycan nəqliyyat vasitəsilə  Orta Asiya, Qazaxıstan, türk Cümhuriyyətləri və gələcəyə hesablanmış digər Uzaq Şərq ölkələri ilə nəqliyyat logistikası layihələri icra olunur. Bütün bunlar müharibədən çıxmış ölkə üçün çox böyük nailliyyətdir. Müharibə böyük itkilər deməkdir və böyük miqdarda maliyyə vəsaiti xərclənir. Müharibədə israf olunmuş silahların bərpası, ən müasir standartlara cavab verən yeni döyüş sistemlərinin alınması milyonlarla vəsait tələb edən irimiqyaslı layihələrdir.  Eyni zamanda 2021-ci ildə 30 ildən bəri xalqımızın qəlbində nisgil tapmış Şuşanın Cıdır düzündə “Xarı Bülbül” festivalının keçirilməsi unudulmaz tarixi hadisədir. Vaqif Poeziya Günlərinin Şuşada keçirilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyan bir ənənənin bərpasıdır. Həmçinin dünyanın beynəlxalq nüfüzlu jurnalistləri də  bu il Qarabağa səfər etdi. Onlar erməni  vəhşiliklərinin real nəticələrini öz gözləri ilə gördülər. Bu səfərlərin əhəmiyyəti böyükdür. Dünya indiyə qədər yalan erməni təbliğatının əsrinə çevrilmişdi. Cəhənnəmə çevrilmiş əraziləri Azərbaycan qısa zamanda bərpa etdi və etməkdə davam edir. Bu,  Azərbaycan  dövlətinin, xalqının ümumbəşəri dəyərlərə, ətraf mühitə, tarixə verdiyi qiymətdir. Hesab edirəm ki, 2021 -ci il  siyasi, iqtisadi, sosial, mədəni, mənəvi sahələrdə  Azərbaycan dövləti üçün kifayət qədər uğurlu il oldu. Azərbaycan müharibədən keçən bu bir il ərzində özünü beynəlxalq birliyə tam fərqli bir simada təqdim edə bildi. Bu qələbələrin əldə edilməsində  cənab Prezident İlham Əliyevin beynəlxalq  xarici KİV-lərə verdiyi onlarla müsahibələrinin də mühüm rolu var. İlham Əliyevin Azərbaycanın dövlət, qonşuluq maraqlarını  özündə əks etdirən müsahibələri geniş ictimaiyyət tərəfindən yüksək səviyyədə  qarşılandı. Bu tarixi hadisələr Azərbaycan xalqının, dövlətinin güclənməsinə, daha da inkişafına xidmət edən amillərdir.

-2022-ci ildən gözləntiləriniz nələrdir? Sizcə bu il Azərbaycanla Ermənistan arasında gözlənilən sülh sazişi baş tutacaqmı?

-2022-ci ildən gözləntilərim müsbətdir. Hesab edirəm ki, 2022-ci ildə 10 noyabr, 11 yanvar, Soçi , Brüssel bəyanatlarının icrası ilə bağlı xeyli irəliləyişlərə nail olacağıq. Sərhədlərin delimitasiya, demakrasiya prosesinə başlanılacaq, Zəngəzur dəhlizinin açılması istiqamətində   mühüm işlər aparılacaq. Lakin Azərbaycanla Ermənistan arasında böyük sülh sazişinin imzalanacağına əmin deyiləm. Buna bir çox geosiyasi və regional amillər mane olur. Bu geosiyasi məsələlərin kökündə revanşist mövqedə duran biyabrçı məğlubiyyətlə barışmaq istəməyən, erməni mifini qoruyub saxlamaq istəyən ermənipərəst qüvvələr, eyni zamanda, erməni diasporası durur. Onlar heç cür Ermənistanın məğlubiyyətini qəbul etmək istəmir, eyni zamanda Türk dünyasının inteqrasiya proseslərinə maneçilik törətməkdə davam edirlər.  Digər tərəfdən Ermənistanın daxilində də kifayət qədər milliyətçi kəsim var ki, “Daşnaksütun” və kriminal Qarabağ rejiminin nümayəndələri də hökumətə kifayət qədər  təzyiqlər edirlər . Bunlar sülh sazişinin imzalanmasına əngəl törədir. Çünki onlar çox gözəl başa düşürlər ki, sülh imzalansa onların “Dənizdən-dənizə böyük Ermənistan”  yaratmaq xülyaları məhv olmuş olur, Qarabağla bağlı ” status” almaq istəkləri tarixə qovuşmuş olur. Eyni zamanda, qonşu dövlətlərə, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmiş olurlar. Bütövlükdə erməni probleminin bu regiondan tamamilə çıxarılması qlobal güclərə sərf eləmir. Ancaq iki ölkə arasında siyasi, iqtisadi cəhətdən birbaşa əlaqələrin qurulması gözlənilir. Hesab edirəm ki, nəhayət ki, erməni ziyalıları, erməni xalqı başa düşəcək ki, bunun alternativ yolu yoxdur. Müharibə onlar üçün daha da böyük itkilərlə nəticələnə bilər.

– Son zamanların ən aktual məsələlərindən biri Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşayışı məsələsidir. Siz bu barədə nə düşünürsüz?

– 30 il ərzində kifayət qədər hər iki tərəfdən bir-birinə qarşı nifrət hisləri aşılanıb, əsassız qurbanlar, itkilər verilib. Heç bir halda  Xocalı soyqırımını, digər erməni vəhşiliklərini yaddan çıxartmaq mümkün deyil.  Ancaq biz qonşuyuq. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışında çox gözəl bir ifadə söylədi ki, ” biz heç yerə gedən deyilik,  birlikdə yaşamağa məhkumuq”. Bu baxımdan yavaş-yavaş birgə yaşayış qaydalarını mənimsəməliyik, çünki biz buna məhkumuq. Hesab edirəm ki, bu barədə Azərbaycan tərəfdən problem olmayacaq. Xalqımızın mentalitetində digər millətlərlə yaşamaq, multikultural dəyərlərə, tolerantlıq mühitinə hörmət çox böyükdür. Təsadüfi deyil ki, Azərbaycan çoxmillətli bir dövlətdir. Dünyada az sayda belə ölkə var. Ermənistanla bağlı isə bunu demək qeyri-mümkündür. Ermənistan özü cəmiyyət qurub və orada ermənilərdən başqa digər millətlər yaşamır, uzun illər ərzində  riyakar, yalançı siyasətlərini də bu prinsip üzərində qurublar ki, biz azərbaycanlılarla birgə yaşamaya bilmərik, biz fərqli mədəni dəyərlərin daşıyıcılarıyıq. Onlar dövlət siyasətlərini də bunun üzərində qurublar. Uşaq anadan olandan  onu türkə, azərbaycanlılara qarşı nifrət hissi ilə böyüdüblər. Bu, faktdır. Ancaq onlar unudurlar ki, qonşu ölkələrdə Rusiya, İran, Gürcüstanda, Türkiyədə dünyanın bir çox yerlərində ermənilərlə azərbaycanlılar qonşuluqda yaşayırlar. Gürcüstanda hətta eyni kənddə yaşayırlar. Nə 30 illik işğal dövründə, nə də müharibə dövründə onlar ciddi insidentlər yaşamadılar. Tarix göstərir ki, bu iki dövlət, iki xalq birlikdə yaşayıb dil tapa bilər. Sadəcə onlar qızışdırıcı heç bir tarixi köklərə əsaslanmayan saxta faktları qabartmaqla bu düşmənçilikdən əl çəkə bilməyəcəklər. Hesab edirəm ki, bu revanşist qüvvələr erməni cəmiyyətindən təcrid olunmalıdır. Koçaryan, Sarkisyan, Balayan artıq tarixin zibilliyə atılır. Onların Ermənistan cəmiyyətində xüsusi bir siyasi nüfuzu yoxdur. Seçki nəticələri də bunu göstərdi. Bu baxımdan müharibədən sonra birdən-birə bu prosesi barışıq kimi qəbul etmək çətindir.  Lakin zaman hər şeyi müalicə edir. Tarixdə “xalq diplomatiyası” adında məfhum var. Postmüharibə dövründə “xalq diplomatiyası”çox effektiv şəkildə özünü göstərə bilər. Hər iki ölkədən ziyalıların, ictimai-siyasi xadimlərin, elm adamların, mədəniyyət işçilərinin görüşməsi iki ölkə arasında barışıq məsələlərində müəyyən effekt verə bilər.  2022-ci ili barışdırıcı mövqedən irəliləyişə nail olacağıq.

– Millət vəkillərinin dediyi sözlər çox vaxt cəmiyyətdə düzgün başa düşülmür. 2021-də bu baxımdan daha qabarıq bir il oldu. Milli Məclisdə səslənən bir sıra təkliflər, iradlar ictimaiyyətdə narazılıqlar doğurdu. Axı millət vəkilləri adından da göründüyü kimi, xalqın müdafiəçisidir. Niyə onların dediyi sözlər bir çox hallarda cəmiyyətdə aqressiv qarşılanır?

– Ümumiyyətlə, Azərbaycan cəmiyyəti plüralizm cəmiyyətidir. Cəmiyyətdə plüralizm prinsiplərinə hörmətlə yanaşılmadır. Ayrı-ayrı millət vəkilləri bəzi fikirlər səsləndirirlər və bu, bəzən cəmiyyətdə düzgün anlaşılmır. Ola bilsin həmin fikirlər uğursuzdur, yerində deyil, mövcud reallığı tam əks etdirmir. Amma nəzərə almaq lazımdır ki, millət vəkili də insandır. Həmin ifadələri səsləndirən zaman daxili emosional vəziyyəti fərqli ola bilər. Əsəbləri yerində olmaya bilər, gərgin ola bilər, digər mexaniki təsirlər ola bilər. Bəzi hallarda ehtiyatsızlıqdan deyilmiş düşünülməmiş fikirlər ola bilər. Bu fikirlər tənqid oluna bilər, bu dünyanın hər yerində belədir. Parlament də, millət vəkilləri də sağlam şəkildə tənqid oluna bilər. Tənqid ancaq qanunlar çərçivəsində olmalıdır. Ancaq kiminsə öz şəxsi fikirlərini bildirdiyinə görə onu linç etmək olmaz. Cəmiyyət onu, ailə üzvlərini təhqir etməməlidir. Bu, qəbuledilməzdir. Bizim cəmiyyətin əsas problemi budur. Çox təəssüflər olsun ki, bəzi hallarda kifayət qədər məhdud düşüncə tərzinə, təfəkkürə malik qeyri-peşəkar insanlar elə sözlər, söyüşlər, təhqirlər işlədirlər ki, bu, millət vəkilinin işlətdiyi ən qıcıqlandırıcı sözdən daha çox təsirə malikdir. Əgər millət vəkilinin dediyi söz qanuna, əxlaqa,  mənəviyyata ziddirsə, tənqid elə, ancaq söyüş, təhqir heç bir cəmiyyətə hörmət qazandırmır”.

//Gülnarə Abasova, Editor.az