Ölkəmizdə sürətli iqtisadi İNKİŞAF: Xidmət sektorunda vəziyyət nə yerdədir?backend

Ölkəmizdə sürətli iqtisadi İNKİŞAF: Xidmət sektorunda vəziyyət nə yerdədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

Bu gün Azərbaycanın sürətli iqtisadi inkişaf tempi ölkəmizi regionun lider ölkələrindən birinə çevirib. Sürətli irəliləyişdə yalnız paytaxt Bakı deyil, eyni zamanda regionlarımız da əhəmiyyətli rol oynayır.

Bölgələrimiz əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib. Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində görülən işlər bölgələrimizin inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Bütün bunlara baxmayaraq, sosial şəbəkələrdə və ictimaiyyət arasında xidmət sektorunun fəaliyyətsizliyindən, xidmət keyfiyyətinin aşağı qiymətlərin isə olduqca baha olması ilə bağlı şikayətlərə rast gəlinir.

Bəs ümumilikdə xidmət sektorunun regionların sosial-iqtisadi inkişafındakı rolu nədən ibarətdir?  Bu sahədə mövcud olan problemlərin həlli istiqamətində hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycanda xidmət sektorunda vəziyyət acınacaqlıdır:

“Qiymətlərin baha olduğu sahələrdə belə xidmətin səviyyəsi qənaətbəxş deyil. Bu daima müşahidə edilsə də nəticəsi olmur. Bunun səbəbi isə xidmət sektorunda rəqabətin olmamasıdır. Digər bir tərəfdən isə birmənalı olaraq orta statistik azərbaycanlı üçün xidmətdə keyfiyyətdən daha çox, qiymət önəmlidir. Xidmətə əhəmiyyət verənlərin sayı qiymətə diqqət edənlərdən daha azdır. Biz bu məsələdə xarici turistlərin qəbulu zamanı da problem yaşayırıq. Həm Gürcüstana, həm də Türkiyəyə uduzuruq. Regionlarda isə ümumiyyətlə xidmət səviyyəsi bərbaddır.
Xidmətin  yüksəlməsi və qiymətin azalması üçün indiki məqamda nə etsək də buna nail ola bilmərik. Qiyməti aşağı etmədən xidməti artırmaq barədə iş görmək mümkündür. Keyfiyyətin qalxması daxili turizim baxımından regionların inkişafına o qədər də fayda verməz. Amma xarici turistlər üçün buna diqqət yetirmək lazımdır. Regionların iqtisadi inkişafının əsasında duracaq nüans istehsal və emal məsələlərinin inkişaf etdirilməsidir”.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, xidmət  və iaşə sektoru özəl sektorun məşğul olduğu sahələrdir:

“Bu məsələ ilə dövlət məşğul olmur. Dövlətin işi  burada sadəcə standartların qoyulmasındadır. Məsələn yeməyin keyfiyyət standartları, müştərilərin hüquqlarının qorunması və digər məsələlər…Bahalaşmadan bəhs edərkən onun nədən qaynaqlandığını aşkarlamalıyıq. Burada bir neçə məqam var. Birincisi, dövlət məmurlarının sahibkarların xərclərini artırmasıdır. İctimai sektorda işləyən şəxslər xərcləri artırır.
İkincisi, manopoliyaların olmasıdır. Bu hal da rəqabəti pozduğu üçün qiyməti bahalaşdırır. Üçüncüsü isə təkliflərin çox az olmasıdır. Kapital bir neçə qrupun əlində formalaşıb. Nisbətən keyfiyyətli xidmət verən otelləri də məhz onlar tikir. Bununla da istədikləri qiyməti müəyyən edə bilirlər. Rəqabət çoxluğu olarsa, qiymət artımı olmaz”.

Ekspertin sözlərinə görə, bu halların qarşısını almaq üçün dövlət sahibkarlara rəqabət mühitini yaxşılaşdırmalıdır:

” Məmurlar bundan sui-istifadə etməməlidir. Diqqət yetirməmiz lazım olan məsələdən biri də kadr çatışmazlığıdır. Azərbaycanda bu sahələr yeni formalaşır. Ucqar rayonlarda xidmət sektorunu inkişaf etdirmək mümkün deyil. Əsasən xidmət sektoru ilə məşğul olan şəxslər Bakıdadır. Paytaxtdan da həmin rayonlara göndərilən kadrlara əlavə xərc tələb olunur. Vətəndaşlar da öz büdcələrinə uyğun şərtlər müəyyən etməlidir. Xidmətin keyfiyyəti pisdirsə və hüquqları pozulubsa, bundan imtina edə bilərlər. Sosial şəbəkələrdə həmin məkanları antireklam edə bilərlər. Bununla da digər insanlar məlumatlanmış olacaq. Bir sözlə vətəndaşlar belə hallara qarşı  sosial aktivlik nümayiş etdirməlidir”.

Safura Bənnayeva, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.