Ölüm-qalım müharibəsinə HAZIRLIQ BAŞLADI – Kreml GÜZƏŞTƏ GETMİRbackend

Ölüm-qalım müharibəsinə HAZIRLIQ BAŞLADI – Kreml GÜZƏŞTƏ GETMİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya geri addımının məğlubiyyətə bərabər olacağının fərqindədir. Amma Kreml hələ Ukrayna ilə müharibənin ilk vaxtlarından böyük səhv etdiyini anlasa da, indi geri çəkilə bilmir. Moskva anlayır ki, sülh qatarının indiki məqamda bölgədən keçməsi imkansızdır. Çünki bunu istəyən bir qüvvə yoxdur.

Ukrayna bir masa ətrafında diplomatik yolla Rusiya ilə savaşda qaytarılması mümkünsüz görünən itirdiklərini geri almaq üçün son damla qanına kimi savaşmaqda qətidir. Qərbə də belə bir ssenari lazımdır ki, Rusiyadan istədiyini qoparsın, onun immunitetini sümürsün.

İndi belə düşünməyə əsas verən çox önəmli proseslərin şahidiyik. Bir yandan İran da artıq daha açıq şəkildə və geniş miqyasda dayanmadan Rusiyanı silahlandırır, digər tərəfdən isə bu vaxta kimi sadəcə təzyiq xatirinə hərbi təlimlər, parad və silahlarını nümayiş etdirən Belarus artıq əsas müttəfiqinin əzilməməsi məqsədilə hadisələrə praktiki olaraq müdaxilə etməyə hazırlaşdığını atdığı addımlarla göstərir.

Bəlkə də Belarusun bu addımı başda Ukrayna olmaqla, ona dəstək verən dövlətlərin gözünü qorxutmaq, belə olacağı təqdirdə Rusiyanın daha önəmli əməliyyatlara imza atacağını göstərməklə, geri çəkilmələri üçün düşünülmüş bir proses ola bilər.

Hələ təxminən 3 ay əvvəl Rusiya öz qoşunlarını Belarus sərhəddinə yerləşdirib. Hər kəs bu hadisədən sonra belə düşündü ki, Belarus artıq müharibəyə müdaxilə etməyə hazırlaşır, amma biz görürük ki, gözlənilənlərin əksi oldu.

İndi isə tamamilə fərqli situasiya ilə qarşı-qarşıyayıq. Kreml rəhbəri Vladimir Putinin 3 illik fasilədən sonra Belarusa səfəri sıradan bir hadisə hesab edilə bilməz. Görünən odur ki, V. Putin gücünün tükəndiyini və qışda əməliyyatları uğurlu davam etdirmək üçün yetərli gücünün qalmadığının mesajlarını necə lazımdır ala bildiyi üçün, Belarusu da Ukraynaya qarşı işğalçı müharibəyə sürükləmək niyyətindədir.

Kreml rəhbərinin Minsk səfəri Aleksandr Lukaşenkonun müharibədən qaçmaq imkanını əlindən almaq kimi də qiymətləndirilə bilər. Rusiya prezidentinin çox güman ki, niyyəti müharibənin davam etdiyi 10 ay ərzində ilk dəfə Belarusa səfər etməklə onun bu müddət ərzində istəyini qulaqardına vurmağa çalışan Lukaşenkoya “ayağına qədər gəldim, indi müttəfiq kimi addım atmaq növbəsi səndə” meseci verərək, onu savaşa dəvət etməkdir.

Görünən odur ki, Belarus Qərbin təzyiqləri, sanksiyaları və hərbi müdaxiləsini nəzərə alaraq proseslərə hərbi sarıdan yad qalaraq, Rusiyaya sadəcə siyasi baxımdan dəstək ifadə etməklə Kremlin gözündən pərdə asmağa can atsa da, “cəhənnəmə gedən özünə yoldaş axtarar” deyimi ilə düşünsək, Moskva Minski sona qədər bütün sferalarda öz yanında tutmaq məqsədilə əlindən gələni etməkdə qərarlıdır.

Ukraynalı generalların Rusiyanın yanvar-fevral aylarında Kiyevi ələ keçirmək üçüb yeni bir hücum cəhdi edəcəyini iddia etməsi fonunda Rusiya və Belarus qoşunlarının yenidən Ukrayna ilə sərhəd boyu texnika yığmağa başlaması Kremlin haradasa Belarusun saqqızını oğurlaya bildiyinə də bir işarə ola bilər.

Reallığı nəzərə alsaq Rusiyanın bu gün artıq hərbi sənayesi demək olar ki, tükənib, Ukrayna ilə İrandan və digər bir-iki dövlətdən göndərilən kamikadze dronları, raketlər və digər silah-sursatla dirəniş göstərməkdədir. Belə olan halda Rusiyanın Ukraynaya növbəti və daha geniş miqyasda hücum planı hazırlaması imkansızdır. Əgər bu baş verəcəksə, demək ki, Kremlin ümidləndiyi, Kiyevi bombalamaq üçün yardımı bu vaxta kimi olanlardan daha böyük olacaq.

Nə qədər dəqiq olduğunu bilmədiyimiz bu cür məlumatların dünya mediasında tirajlanması başqa bir məqsədə də xidmət edə bilər. Bu iddiaların real olduğunu, yoxsa rəsmilər tərəfindən Ukrayna məsələsini Qərbin daha çox gündəmində saxlamaq və Kiyevə silah yardımlarını sürətləndirmək məqsədilə edildiyini bilmək üçün qışı gözləmək lazımdır.

Ancaq başqa bir reallıq da ondan ibarətdir ki, Rusiya gözlənilənlərin əksinə olaraq özünün proqnozlarının da əksinə Ukrayna qarşısında xeyli qan, texnika və daha nələr itirdi. Bu nöqteyi nəzərdən hadisələrə yanaşsaq, o zaman Rusiyanın bu müharibədə “strateji məğlub” görünməmək üçün Ukraynaya daha böyük hücum planı hazırlamaq iddiaları istisna edilə bilməz.

Milli.az