Paşinyanın ermənilərə “Sülhə hazır olun” MESAJI – Bakı oyunu pozdu: Rusiya narahatdırbackend

Paşinyanın ermənilərə “Sülhə hazır olun” MESAJI – Bakı oyunu pozdu: Rusiya narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Azərbaycanın sülh danışıqlarındakı iştirakından məmnundur. Bunu son prosesləri açıq analiz edərkən belə qənaətə gəlmək olar. Vaşinqton çox yaxşı anlayır ki, Cənubi Qafqazda sabitlik, sülh bərqərar olmadıqca bu gün Ukraynada biləyini bükməkdə hələ də çətinliklə üzləşdikləri Rusiyaya o qədər çox manevr imkanları verir, onun təsir gücünü deaktivləşdirməkdə çətinlik çəkmiş olur. 

Azərbaycan isə özünün ərazi bütövlüyü, təhlükəsizliyi prioritet olduğundan 10 noyabr üçtərəfli bəyanatını əsas götürərək yarımçıq qalan işlərini tamamlamaq üçün hazırki mərhələni sülh üçün çox əlverlişli dönəm hesab edir. Bütün bu məsələlər isə tamamilə Azərbaycanın Ermənistana təqdim etdiyi sülh paketində öz əksini tapır. Qalır İrəvanın Bakı ilə razılığa gəlməsi…

Ötən gün İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında istər Ermənistana, istərsə də regionda sülh əvəzinə gərginlik, savaş istəyən kənar dövlətlərə, qüvvələrə olduqca önəmli mesajları ilə diqqət çəkdi. Bu mesajlardan da bir daha anlaşıldı ki, rəsmi Bakı sülh üçün başından da yuxarı atlamağı bacarmağa çox yaxındır.

Lakin dövlət başçısı buna nail olmaq üçün çox vacib bir detalı istər konfrans iştirakçılarının, istərsə də vasitəçi tərəflərin diqqətinə çatdırıb: “Düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır”.

Razılığa gəlmək üçün ən effektiv yolun Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar olduğunu bildirən dövlət başçısı açıq şəkildə elan etmiş oldu ki, bizə vəkillik etmək lazım deyil, imkan verin razılığa gələk.

Bu açıqlama ilə dövlət başçısı açıq şəkildə eyni zamanda onu da bildirmiş oldu ki, Azərbaycan özü Ermənistanla təkbətək masa arxasına otursaydı, sülh məsələsi çoxdan həllini tapa bilərdi. “Vasitəçilik” edən tərəflər əksinə danışıqlar prosesinə mane olmaqla məşğuldurlar.

Təbii ki, dövlət başçısının bu açıqlamasının ünvanı da açıq-aydın bəllidir. Nəzərə alsaq ki, bu gün istər Brüssel formatında Şarl Mişelin rəhbəri olduğu Avropa İttifaqı təşkilatı, istərsə də ABŞ Entoni Blinkenin son səyləri fonunda açıq şəkildə nümayiş etdirir ki, İrəvan ilə Bakı arasında birbaşa danışıqları sülh üçün prioritet hesab edirlər, bu zaman söhbətin hansı dövlət(lər)dən getdiyi gün kimi aydındır.

Nəzərə alsaq ki, Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün gedişatında da ABŞ Dövlət Departamenti bu məsələyə mövqeyini nöbəti dəfə bəyan etdi. Belə ki, Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel keçirdiyi brifinqdə deyib ki, ABŞ dövlət katibi Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun, məsələlərin həllində və davamlı sülhə nail olunmasında açar olduğuna inanır. “Birbaşa dialoq” məsələsində Vaşinqtonla Bakının fikirlərinin üst-üstə düşməsin prosesin daha sürətli həllində ümidləri bir qədər də artırır.

Hətta ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşdən sonra tviterdəki hesabında yazdığı “Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq” şərhi də deməyə tutarlı əsaslar yaradır ki, tərəflər böyük mənada sülh sənədini artıq razılaşdırıblar.

Lakin Moskva bu təmaslardan heç də xoşbəxt görünmür. Bunu deməyə Rusiya Xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarovanın son bəyanatı da təsdiqləyir: “Bakı və İrəvan Rusiyada görüş keçirməyə hazır olduqlarını təsdiqləyib”.

Mariya Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Vaşinqtonda aparılan danışıqlar barədə danışarkən bildirib ki, “Ünsiyyət Rusiya Federasiyasının iştirakı olmadan baş verir, ona görə də prosesin gedişatı haqda birbaşa iştirakçıların özlərindən informasiya əldə etmək olar. Nəticələrə əsasən şərh vermək imkanımız olacaq”.

Rusiya XİN sözçüsü bununla da bildirmək istəyir ki, Moskvanın korrektələri olmadan sülh istiqamətində hər hansı bir yekun qərarın qəbul edilməsi mümkünsüzdür.

Hadisələrin bu məqamında Ermənistan baş nazirinin ötən gün verdiyi bəyanat rəsmi Bakının bir çox məqamlara daha diqqətlə yanaşmasına ehtiva etdi. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Vaşinqtonda artıq Bakı və İrəvan arasında sülh müqaviləsinin hazır mətni var, ona yekun düzəlişlər edilir. Bu aydındır, ona görə aydındır ki, Bakının əlini gücləndirən həmlələr artdıqca şərtləri və tələbləri də artır. Ona görə də sülh sənədinə əlavələr və ya çıxarışların olduğu istisna edilmir. Amma burada ən diqqətçəkən məqam Paşinyanın iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammitində sülh müqaviləsinin imzalanması ilə bağlı fikirləridir. Erməni baş nazir bunun baş vermək ehtimalını istisna etməyib.

Burada incə detal ondan ibarətdir ki, Avropa Siyasi Birliyinin sammiti Emanuel Makronun başbilənliyi ilə qurulan yeni bir güc mərkəzliyinə namizəd platformadır. Nəzərə alsaq ki, məhz Fransanın dominantlığı ilə təşkil ediləcək bu sammitdə sülh sənədinə imza atacağı deyilən Ermənistan da elə Fransanın ən yaxın müttəfiqi, bacısıdır, buradan belə iddia ilə çıxış etmək olar ki, istər 30 illik işğal zamanı istərsə də postkonflik dövründə Ermənistana bütün gücü ilə dəstəyini nümayiş etdirən, yeni geosiyasi reallıqları qəbul etməyən Paris növbəti dəfə buna Kişinyovda cəhd göstərəcək.

Keçən ilin oktyabrında baş verənləri xatırlasaq, Ermənistan-Fransa tandeminin yeni oyun qurduğunu düşünmək də olar. Çünki keçən il Fransanın sözügedən konfransın Praqa zirvəsinin ardından etdiyi “oyunbozanlığı” yaddaşlardan silinməyib. Emanuel Makronun görüşün ardından orada əldə edilən razılıqların əksinə olaraq bütün razılaşmaları pozmaq üçün bəyanatlar səsləndirməsi, Fransa Senatında Azərbaycanın əksinə qərarlar qəbul edilməsi, Separatçıların “lideri” Araik Arutyunyana Fransanın dövlətə bağlı nüfuzlu tekelanalında zaman verilməsi kimi manipulyativ addımların hamısı Bakı ilə İrəvan arasında sülh danışıqlarını pozmaq, Azərbaycana qarşı ərazi iddialarını yenidən alovlandırmaq məqsədinə xidmət edən addımlar idi.

İndi birdən-birə Fransanın “sülh göyərçininə” dönəcəyi inandırıcı deyil. Nəzərə almaq lazımdır ki, “Avropa Siyasi Birliyi” təşəbbüsü Fransa prezidenti Makronun “Genişləndirilmiş Avropa” ideyası çərçivəsində qurulub. ABŞ-ın bu gün əsas gücü-qüvvəsi hesab edildiyi NATO-dan ayrılmaq niyyətində olan Fransanın həftələr-günlər öncəyə kimi Bakını hədəf taxtası etdiyini unudaraq, qəfil Azərbaycan-Ermənistan məsələsində Vaşinqton sülh formatını dəstəkləyəcəyi sadəlövhlük olar. Bu isə nəticə etibarilə Fransanın Cənubi Qafqazı siyasi cəhətdən Rusiyadan qoparmaq əvəzinə Kremlə pas verməkdən başqa bir şey olmayacaq. Nəticədə Moskva və Paris sülh danışıqlarına mane olmaq, Cənubi Qafqazda qarışıqlıq yaratmaq üçün ortaq məxrəcə gələ bilər.

Amma bir şeyi mütləq nəzərə almaq lazımdır: Çox uzağa getməyə ehtiyac yoxdur, 6 ay əvvəlki geosiyasi reallıqla indiki arasında xeyli fərq var. Azərbaycan bu aylar ərzində sülh danışıqlarında əlini gücləndirəcək çox önəmli proseslərə imza atdı. Onlardan ən sonuncu və 44 günlük müharibədən sonra ən böyük hadisələrdən biri də məhz aprelin 23-də Laçın yolunun başlanğıc nöqtəsində Azərbaycanın sərhəd-keçid məntəqəsinin qurulması oldu. Bununla da Azərbaycan de-fakto öz ərazi bütövlüyünü təmin etmiş sayıldı. Məhz bu gediş Azərbaycana imkan verir ki, ASB-nin növbəti sammitində belə bir görüş, yaxud sülh sənədi nəzərdə tutulacaqsa, daha inamlı, qətiyyətli mövqe nümayiş etdirərək öz istəyini diqtə etdirsin. Eyni ilə dövlət başçısının Şuşada qeyd etdiyi kimi: “Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, istər Ermənistan, istərsə də region üçün yaxşı olmayacaq”.

Azərbaycan hər ötən gün hərb meydanında olduğu kimi danışıqlar masasında da gücünə güc qatır. Vaşinqtonda müzakirə edilən məsələlərdən biri və Ermənistan tərəfinin hər dəfə bəhanə kimi ortalığa atdığı Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin qorunması məsələsidir ki, bu məsələdə də Azərbaycan ciddi zəmanətlər verib. Vaşinqtonda hər üç tərəfinin əhval-ruhiyyəsinin yüksək olması belə düşünməyə əsas verir ki, bu dəfə sülhdən qaçmaq mümkün olmayacaq. Ermənistana əsl niyyətini bəlli etmək üçün bu son imkandır. Paşinyan da geridönüşün olmadığını, bütün təzyiqlərə rəğmən sülhə gedəcəyinin mesajını dünən bəlkə də elə bu sözlərlə verdi: “Mənə o qədər “satqın” deyiblər ki, bir daha belə adlanmaqdan artıq qorxmuram”.

Milli.az