Paşinyanın “göz yaşları”na yetişməyə tələsirlər: Azərbaycan da tək deyil və hərbi gücə sahibdirbackend

Paşinyanın “göz yaşları”na yetişməyə tələsirlər: Azərbaycan da tək deyil və hərbi gücə sahibdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minsk Qrupu həmsədrləri – ABŞ, Rusiya və Fransa işğalçı Ermənistanı növbəti dəfə xilas etməyə çalışır… Ancaq Azərbaycanın da bu haqlı savaşında Türkiyə və Pakistan kimi önəmli tərəfdaşları var…

Xarici düşmənə qarşı savaş adətən, kifayət qədər ciddi cətinliklərlə müşahidə olunur. Bu, reallıq xarici düşmənləri ilə mübarizə aparan bütün dövlətlərə aiddir.

Məsələ ondadır ki, hər bir xarici düşmənin mütləq bir müttəfiqi və ya tərəfdaşı olur. Həmin müttəfiq və ya tərəfdaş öz imkanları daxilində xarici düşmənə dəstək verir, hərbi poliqonda baş verənlərə səhnə arxasından müdaxilə etməyə çalışır. Bu isə haqlı olan tərəfin ustünlük qazanmasına müəyyən çətinlik yaradır.

Azərbaycan da hazırda xarici düşmənə qarşı savaş vəziyyətindədir. Belə ki, ölkəmiz Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edərək, öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başlayıb. Və birmənalı şəkildə Azərbaycan bu hədəfində tamamilə haqlıdır.

3e592213208e48e825fe04b8aaeca445-(1)_1521119058_1521281363.jpg (338 KB)

Ancaq düşmən xain xislətə sahibdir. Savaş meydanında nə qədər gücsüz və məğlubiyyətə məhkum durumda olsa da, nüfuzlu himayədarları var. Onlara güvənir, min bir hiylə və hoqqabazlıqla öz himayədarlarının hərbi poliqonda baş verənlərə müdaxilə etməsinə çalışır.

Təbii ki, Paşinyan hakimiyyəti Ermənistanın savaş meydanında Azərbaycanın hərbi qüdrəti qarşısında uzun müddət tab gətirə bilməyəcəyini anlayır. Ona görə də, isterik durumda hay-küy salaraq, bəzi dünya dövlətlərinə yalvarmağa başlayıb. Həmin dövlətlərin, xüsusilə də, ATƏT-in Minsk Qrupu həmsədrlərinin – ABŞ, Rusiya və Fransanın dövrəyə girərək, atəşkəsə nail olmasına çalışıb.

Artıq Minsk Qrupu həmsədrləri – ABŞ, Rusiya və Fransanın prezidentləri ortaq bəyanat yayaraq, münaqişə tərəflərinə atəşkəs çağırışı ediblər. Və əslində, bu çağırış dolayısıyla rəsmi Bakıya ünvanlanmış kimi görünür. Hər halda, Azərbaycan savaş meydanında böyük hərbi üstünlük qazanıb və hazırda rəsmi Bakının atəşkəsə qətiyyən ehtiyacı yoxdur. Rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər hərbi əməliyyatları davam etdirməkdə qərarlı mövqe tutur.

Ona görə də, indiki situasiya atəşkəs məğlubiyyətə məhkim olduğunu və vaxtilə işğal etdiyi ərazilərdən çıxmaq məcburiyyətində qaldığını çox gözəl anlayan Ermənistana lazımdır. ATƏT-in Minsk Qrupu həmsədrləri – ABŞ, Rusiya və Fransa isə Ermənistanı növbəti dəfə xilas etmək üçün cəhdlər göstərməyə başlayıblar.

unnamed.jpg (40 KB)

Halbuki ATƏT-in Minsk Qrupu həmsədrləri – ABŞ, Rusiya və Fransa sülh danışıqlarına vasitəçilik etdikləri son 30 ilə yaxın bir müddətdə Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərinin boşaldılmasını tələb etməyiblər. Əksinə, öz davranışları ilə Ermənistanın sülh danışıqlarını dalana dirəyən cığallıqlarına himayədarlıq etməklə, diqqəti çəkiblər.

Amma indi Ermənistan savaş meydanında məğlub durumdadır. Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərinin – ABŞ, Rusiya və Fransanın 30 il ərzində sülh danışıqları ilə həll etmək istəçədikləri Dağlıq Qarabağ problemini savaş meydanında kökündən həll etmək üzrədir.

Belə bir vaxrda ATƏT-in Minsk Qrupu həmsədrləri – ABŞ, Rusiya və Fransa yenə də Dağlıq Qarabağ münaqişəsinin həlli qarşısında əngəl olmaq funksiyasını öz üzərinə götürməyə çalışır. Yəni ATƏT-in Minsk Qrupu həmsədrləri həm sülh danışıqları masasında, nə də hərb meydanında bu problemin həllinə imkan vermək istəmirlər.

Təbii ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin – ABŞ, Rusiya və Fransanın kimi dəstəkləməsindən və ya nə istəməsindən asılı olmayaraq, artıq belə davam edə bilməz. Bu münaqişə əvvəl-axır nə vaxtsa, mütləq nizamlanmalıdır. Və o gün, məhz bu gündür.

azerbaycan-ordusu-26-iyun.jpg (31 KB)

Ona görə də, bu dəfə Minsk Qrupu həmsədrlərinin – ABŞ, Rusiya və Fransanın nə deməsinə, nə istəməsinə əhəmiyyət verməyə ehtiyac yoxdur. Yəqin ki, əllərində olan təzyiq mexanizmlərini işə salacaqlar. Ancaq Ermənistanı xilas edə biləcək resurslarının və mexanizmlərinin olmadığı da qətiyyən şübhə doğurmur.

Deməli, bu dəfə onlara qısa və konkret cavab vermək lazımdır ki, sülh danışıqlarına qətiyyən etiraz etmirik. Ancaq indi biz daha vacib işlərlə məşğuluq, Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edib, ərazi bütövlüyümüzü bərpa etməyə çalışırıq.

Bu səbəbdən də, siz – yəni, Minsk Qrupu həmsədrləri – ABŞ, Rusiya və Fransa öz aranızda sülh danışıqlarına başlayın, istərsəniz hətta Ermənistanı da yanınıza alın. Biz də ərazi bütövlüyümüzü bərpa etdikdən sonra vaxtımız olsa, sizin sonu görünməyən müzakirələrinizə qatılarıq…

Onsuz da tələsməyə ehtiyac yoxdur. Bu danışıqlar 30 il davam edib, yəqin ki, daha bir 30 il də davam edəcək. Və növbəti 30 il ərzində yəqin ki, biz də sizinlə müzakirələrə vaxt tapa bilərik. Hələliksə, lütfən kənara çəkilin, mane olmayın və vaxtımızı almayın…

Qısacası, Minsk Qrupu həmsədrlərinin – ABŞ, Rusiya və Fransanın davranışlarına, mövqeyinə heyrətlənməmək mümkün deyil. Bunlar 30 ilə danışıblar, ortaya bir şey çıxartmayıblar, indi Azərbaycan öz ərazi bütövlüyünü onlarsız, yəni savaş meydanında bərpa etməyə çalışır. Amma bunlar heç bir konkret və normal nizamlanma modeli təklif etmədən, yenə də “gəlin danışaq” deyirlər.

recep-tayyip-erdogan.jpg (43 KB)

Bunların dəyərləndirməsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çox dəqiq verib: “Ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına qarşı kor, kar, lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlülükdür”.

Türkiyə Prezidentinin daha sonra dedikləri isə olduqca ibratamizdir: “İşğalçılara səssiz qalan, vətənini qoruyanı isə suçlayanların sözünün bizim üçün heç bir dəyəri yoxdur. Azərbaycanlı qardaşlarımızın işğal altındakı ərazilərini azad etmək məsələsində yanlarında olduğumuzu bir daha qeyd edirəm. Xüsusilə Minsk üçlüsü deyilən ABŞ, Fransa və Rusiya 30 ildir ki, bu problemi gözardı edir. Bu səbəblə atəşkəs tələbləri yersizdir. İşğalçılar öncə bu ərazidən çıxmalıdırlar. Azərbaycanlı qardaşlarımız indi torpaqlarına dönəcəyi günü həsrətlə gözləyir. Bunu möhtərəm Makron və Putin ilə görüşdə də bildirmişəm. Amma nəticə yoxdur. Ancaq indi nəticə zamanıdır. Türkiyə olaraq iki dövlət, bir millət kimi gördüyümüz azərbaycanlı qardaşlarımıza hər cür dəstəyi verməyə davam edəcəyik”.

Maraqlıdır ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən vurğuladığı məqamlar da bu baxımdan, böyük önəm daşıyır. Belə ki, Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistan yeni müharibəyə hazırlaşırdı və Azərvaycana qarşı hərbi təxribatlar törədirdi: Azərbaycan Ordusu cavab tədbiri görməli idi. Azərbaycan ordusu adekvat cavab verdi. Onların yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu. Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldı”.

Prezident İlham Əliyev xüsusi olaraq, vurğulayıb ki, Azərbaycan ordusu öz torpağında döyüşür: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

0340abbf75a0645a89013427973e920b.jpg (108 KB)

Dövlət başçısı onu da qeyd edib ki, hazırkı status-kvo qəbuledilməzdir: “Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə bəyanatla çıxış ediblər. Ermənistan isə buna məhəl qoymur və bu üç ölkəyə hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Ermənistan demək olar ki, 30 ildir, bu qətnamələrə məhəl qoymur”.

Prezident İlham Əliyev Azərbaycana dost ölkələr barədə danışmağı da vacib hesab edib. O, bildirib ki, Azərbaycan qətiyyən tək deyil. Türkiyə və Pakistanın Azərbaycana verdiyi dəstək çox əhəmiyyətlidir: Azərbaycan kimin kim olduğunu görür, kimin yanında möhkəm dayandığını görür və bunu heç vaxt unutmayacaq”.

Bütün bunlara dayanaraq, Azərbaycanın da beynəlxalq məkanda tək olmadığını düşünmək mümkündür. Əgər, Minsk Qrupu həmsədrləri – ABŞ, Rusiya və Fransa işğalçı Ermənistanı növbəti dəfə xilas etməyə çalışırsa, Azərbaycanın da bu haqlı savaşında Türkiyə və Pakistan kimi önəmli tərəfdaşları var.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)