Putin TƏŞVİŞƏ DÜŞÜB: “Rusiyanın parçalanması istisna deyil”backend

Putin TƏŞVİŞƏ DÜŞÜB: “Rusiyanın parçalanması istisna deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Sovet İttifaqından sonra Rusiyanı məhv etməyi hədəflədiyini bildirib.BBu barədə Rusiya prezidenti jurnalistlərə açıqlamasında bildirib. Putinin iddialarına görə, Qərbin Rusiyanı parçalamaq planı illər öncə tərtib olunub. O da bunun qarşısını almaq üçün Ukraynaya müharibəyə başlayıb. “Qərb əvvəlcə Rusiyanı kiçik parçalara ayırmağa, daha sonra isə öz nəzarəti altına almağa çalışır. Qərbin yalnız bir məqsədi var. Keçmiş SSRİ-dən sonra Rusiya Federasiyasını ləğv etmək”.

Putin sözügedən çıxışında nədən narahatdır, həqiqətən Rusiyanın parçalanma təhlükəsi var?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Qərbin heç vaxt Rusiyanı parçalamaq planı olmayıb:

“ 1990-cı illərdə Qərb Rusiyanı maliyyə cəhətdən ayaqda saxlamaq üçün ona ciddi dəstək verib. Vladimir Putin hakimiyyətə gəlişindən sonra keçmiş SSRİ-ni bərpa etmək istiqamətində müəyyən strateji planlar ortaya qoydu. Hətta Amerikanın hegemonluğunu da qəbul etmədiyini görürük. Putin 2014-cü ildə Krımı anneksiya etdikdən sonra, bu prosesdə Qərb yenidən ona ciddi şəkildə sanksiyalar tətbiq etmədi. Amma göründüyü kimi Putinin işğal planını dayandırmaq istiqamətində addımların atılmaması 2022-ci ildə Ukraynaya qarşı böyük müharibəyə başlamasına gətirib çıxartdı. Bundan əvvəl Rusiya tərəfi ABŞ və Qərbə ultimatum vermişdi. İkiqütblü dünya yaratmaq istiqamətində beynəlxalq müstəvidə Rusiya geosiyasi mövqelərini gücləndirmək planını ortaya qoydu. ABŞ və Qərb koalisiyası bununla razılaşa bilməzdi. Bütün bunların səbəbkarı Vladimir Putinin imperialist siyasətinin nəticəsidir. Amma Qərb çalışırdı ki, Rusiya ilə ortaq müstəvidə hərəkət etsin. İqtisadi, siyasi əlaqələri gücləndirsin, hətta vaxtilə Rusiyanı NATO-ya qəbul etmək də bu danışıqlar masasına qaldırılmışdı. Onun Rusiyanı yenidən fövqəl dövlət etmək siyasəti qəbuledilməzdir”.

Politoloqun sözlərinə görə, Rusiya prezidentinin ötən gün verdiyi açıqlamalarda da Amerikanın yaratdığı dünya düzənini qəbul etməyəcəyini və Ukraynada müharibəni dayandırmayacağını gördük:

“Hesab edirəm ki, Ukrayna müharibəsi başa çatdıqdan sonra Qərb koalisiyası burada qalib gələcək. Putinin “Rusiyanı parçalamaq istəyirlər” deməsi daxili auditoriyada özünün Ukraynaya hücumuna bəraət qazandırmaqdan baş bir şey deyil. Halbuki Qərbin belə bir planı yox idi. Bunu istəsəydi, Rusiya 1990-cı illərdə zəif olduğu zaman həyata keçirə bilərdi. Əgər Rusiyanın bu siyasəti vəziyyəti geridönməz hala gətirərsə, Qərb Rusiyanı parçalaya bilər. Hazırda isə bu real görünmür. Ancaq növbəti mərhələdə  istisna edilmir. Bunun da səbəbi Rusiyanın qonşularına qarşı apardığı aqressiv siyasətdir. Onu bu siyasətdən çəkindirmək üçün daxili problemlərə sövq etmək və ya parçalamaq lazımdır”.
 
//Safura Bənnayeva, Editor.az