Qaynanası tərəfindən döyülən gəlin niyə səsini çıxarmadı? – Psixoloq rəyibackend

Qaynanası tərəfindən döyülən gəlin niyə səsini çıxarmadı? – Psixoloq rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi ötən gün sosial şəbəkələrdə Lənkəranın Yuxarı Nüvədi kəndində 75 yaşlı qayınanın gəlinini döyməsi ilə bağlı görüntülər yayılıb və bu hadisə ciddi rezonans doğurub. Kimi qaynanı, kimi gəlini, kimisi də videonu çəkən şəxsi günahlandırır. Şiddət göstərən qaynana, şiddətə səsini çıxarmayan gəlin və bunu lentə alarkən gülən şəxs…

Maraqlıdır, ailədaxili şiddətin kökündə nə durur? Xüsusilə qadının qadına şiddəti nəyin göstəricisidir?
Məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızı Sfera.az-a açıqlamasında qeyd edib ki, pandemiya başlayandan onun nəticələrinin ağır olacağını dəfələrlə deyib:
“Ailədaxili şiddət, somatik depressiya, xroniki depressiya, panik atak, obsessiv kompulsiv pozuntu, intiharlar və buna oxşar hadisələrin olacağını vurğulamışdım. Ailədaxili  zorakılığın da bir qolu gəlin-qaynana münasibətlərindəki şiddətdir. Ər-arvad, qardaş-bacı, həmçinin də qaynana-gəlin. Ümumiyyətlə qaynana və gəlin arasındakı problemlər həyatımızda hər zaman olub və kökündən yanlış düşünülən münasibətdir. Qaynana-gəlin münasibətləri bu gün də gündəmdir və insanların ailədaxili aqressiyadan əziyyət çəkdiyi zamanda özünü qabarıq şəkildə göstərir.
İnsanların özgüvən problemləri olanda, özlərini istər ictimai, sosial, istərsə də ailə daxilində, ən əsası özünə təqdim edə bilməyəndə onlarda aqressiya yaranır. Aqressiya güclüdən zəifə doğru yönəlir, bu da münasibətlərdə özünü açıq şəkildə göstərir. Şəxsində kompleksləri olan ana, yaxşı ana ola bilməyən qadın gələcəkdə belə aqressiv, kompleksli, şiddətə üz tutan qaynanaya çevrilə bilir. Çünki empatiya bacarığı aşağı düşüb, özgüvəni yoxdur, psixoloji problemi var və bununla gəlinlərə əziyyət verir. Əslində gəlinə əziyyət vermək, oğluna da əziyyət vermək deməkdir. Bu da tam dolğun kompleksli ana obrazını üzə çıxarır. Əgər o doğrudan da oğluna düzgün ailə tərbiyəsi versəydi, ailədə ümumiyyətlə şəxslərin dominantlığı, avtoritetliyi düzgün balanslaşdırılsaydı, o zaman belə hadisələr baş verməzdi. Bu münasibətlər əslində üz qaramızdır”.
Psixoloq qeyd edib ki, kişi ailədə münasibətləri doğru müəyyənləşdirə bilsə, onun həyat yoldaşına anası və ya bir başqası şiddət göstərə bilməz:
“Deməli, bu ailədə insanlar ailədaxilində bir-birilərinə dəyər vermirlər, sevgi göstərmirlər, ailə dəyərləri dediyimiz atmosferdə yaşamırlar. İnsanlar sürü psixologiyası ilə evlənir, uşaq dünyaya gətirirlər. Komplekslə, aqressiya ilə dolu olan ailə üzvləri bir-birilərinə şiddət göstərirlər. Sözügedən videodakı gəlinə gəldikdə, öz ailəsində şiddət gördüyü üçün bu ailəyə dözür və ona adi hal kimi gəlir. Bir başqa baxımdan insanlar gəlinin niyə qaynanadan şikayətçi olmadığını deyib qınayırlar. Gəlin, məsələyə real yanaşaq. Əgər qaynanadan şikayət etsə, hətta öz ailə üzvləri qıza qarşı çıxacaq. Çox zaman düşünürlər ki, kimsə şiddətə dözmək istəməz. Xeyr, belə bir psixologiya var – konfort zona. İnsan var acılardan, insanlar var şiddətdən qidalanır. Bu da uşaqlıq travmalarından, həyat formasından irəli gəlir.
Bu qızı uşaqlıqdan travma ilə böyüdüblər və əzikliyin altında o şiddət ona normal gəlir. O cümlədən, valideynlərinə də. Əgər valideynləri şiddəti qəbul etməsəydi, videonu görən kimi qızlarını həmin ailədən alardılar. Çox təəssüf ki, belə bir şey baş vermədi və ailədə şiddət davam edəcək, bunun qarşısını isə özlərindən başqa heç kim ala bilməyəcək”.
Müsahibimiz bildirib ki, insan öz qürurunu, egosunu bərpa etmək üçün müəyyən bir yaşam tərzinə sahib olmalıdır:
“Fikir versəniz, video məqsədli çəkilməyib, yəni hər hansı hadisəni ifşa etmək, qınamaq kimi. Təəssüf ki, yumoristik yanaşma ilə çəkilib. Bu da onu göstərir ki, bu gün qaynana-gəlin, hətta ər-arvad münasibətlərində istər fiziki, istər psixoloji şiddət olduğu zaman ətrafın gülüş obyektinə çevrilir. Bu, faciə kimi yox, yaşam tərzində dalğalanma kimi görülür. Bu baxımdan biz cəmiyyət, toplum olaraq daha çox maariflənməliyik. Yenə deyirəm ki, qadına qarşı şiddət tək-tək araşdırılmalı, maarifləndirmə işləri gücləndirilməli və nəticələr müzakirə edilməlidir”.
Qeyd edək ki, Lənkəranın Yuxarı Nüvədi kəndində yaşayan 1990-cı il təvəllüdlü Rəmziyyə Qurbanova qayınanası 1946-cı təvəllüdlü Girdənaz Qurbanovadan şikayətçi olmadığını bildirib.