Rəsmi Bakı hər kəsə yerini göstərdi: Azərbaycan Cənubi Qafqazda əsas siyasi iradə sahibidirbackend

Rəsmi Bakı hər kəsə yerini göstərdi: Azərbaycan Cənubi Qafqazda əsas siyasi iradə sahibidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Azərbaycan ordusunun növbəti dəfə hərəkətə gətiriləcəyi təqdirdə, Rusiyanın Ermənistanı xilas etmək imkanında olmayacağına eyham vurmuş oldu; Bəzi geopolitik faktorları və şərtləri nəzərə aldıqda, Rusiyanın Azərbaycanın milli maraqları ilə tam hesablaşmaq məcburiyyətində qaldığı qətiyyən şübhə doğurmur…

Cənubi Qafqazın əsas problemini həll etməyin vaxtı çatmış kimi görünür. Ermənistan adlı bu problem bütövlükdə regionun gələcək inkişaf perspektivləri qarşısında olduqca ciddi əngələ çevrilməyə başlayıb. Və bu problemi artıq birdəfəlik həll etmək lazımdır.

Məsələ ondadır ki, Ermənistan üçtərəfli anlaşmaların icrasından yayınmağa çalışır. Bu anlaşmaları gündəmdən çıxartmaq üçün bütün mümkün avantürist addımlara əl atmağa cəhd göstərir. Bu isə bütövlükdə regionu hərbi-siyasi böhrana sürükləyən bilər.

Təbii ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana və Bakıya səfərlərindən sonra bəzi məsələlər aydınlaşnağa başlayacaq. Hər halda həm Ermənistanın, həm də Azərbaycanın mövqeyi böyük ölçüdə dəqiqləşməkdədir. Hər iki qonşu ölkənin hədəfləri, eləcə də onlara çatmaq istiqamətində sahib olduqları resurslar regional proseslərdə həlledici faktora çevrilə bilər. Və Rusiya bundan sonra mövcud situasiyada əsas siyasi iradə sahibinin maraqları ilə hesablaşmaq məcburiyyətində olacaq.

b9691eee-49fb-3d5d-8965-0f9b3fa341a8_850.jpg (80 KB)

Əslində, Rusiya xarici işlər nazirinin Bakıda səsləndirdiyi açıqlamanın ümumi məzmunu da belə düşünməyə əsas verir. Hər halda, S.Lavrov Bakıda Ermənistanı məyus edə biləcək bəzi fikirlərlə diqqəti çəkdi. O, üçtərəfli anlaşmalara zidd məzmunlu açıqlamaların regionda sülhün və əmin-amanlığın bərqərar olmasına əngəl olduğunu bildirdi.

Əlbəttə ki, Rusiya xarici işlər naziri konkret ad çəkmədi. Ancaq üçtərəfli anlaşmalara problem yaradan açıqlamaların müəllifləri hər kəsə, o cümlədən də Kremlə çox diqqət məlumdur. Əks halda, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya xarici işlər naziri qarşısında “Sizi əmin edirəm ki, biz üçtərəfli anlaşmaların icrası üçün əlimizdən gələn hər şeyi edəcəyik” demək məcburiyyətində buraxılmazdı.

Bu baxımdan, hazırda Ermənistan baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ara Ayvazyan, revanşist erməni müxalifəti və Rusiya sülhməramlı qüvvələrinin arxasında gizlənən separatçılar regionda hərbi-siyasi gərginliyin əsas günahkarları rolunda çıxış edirlər. Çünki onların hamısını birləşdirən ortaq erməni iddiası var: “Münaqişə həll olunmamış qalır. Status məsələsi ATƏT-in Minsk Qrupu vasitəsilə müəyyən olunmalıdır”.

Ancaq rəsmi Bakının bu məsələdə mövqeyi qəti və konkret xarakter daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev də Rusiya xarici işlər nazirinin Bakı səfəri ərəfəsində bu mövqeni birmənalı şəkildə bəyan etdi: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”.

rusya-disisleri-bakani-sergey-lavrov-baku-de_1620671093.jpg (29 KB)

Prezident İlham Əliyev bu cümlə ilə hər kəsə o cümlədən də, Rusiya xarici işlər nazirinə gündəmdə olmayan hansısa məsələnin müzakirəsinə vaxt itirmək niyyəti olmadığının qəti mesajını vermiş oldu. Bununla da, Rusiya xarici işlər naziri Azərbaycanın maraqlarına zidd mövzuların icad edilməsinə sərt reaksiyanın ola biləcəyi dəqiqləşdirdi. Və “Azərbaycanla Rusiya arasında suallar var, ancaq problemlər yoxdur” deməklə, kifayətləndi.

Məsələ ondadır ki, Azərbaycan Prezidenti öz məntiqli arqumentləri ilə Kremli demək olar ki, əvvəlcədən tərksilah etməyə nail olmuşdu: “Birincisi, əgər, kimsə hesab edirsə ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Münaqişə həll olunub”.

Rusiyanın xarici işlər naziri iki ölkə arasında problemin deyil, sualların olduğunu vurğulayanda tamamilə haqlı idi. Azərbaycanın dövlət başçısı da həmin suallardan bəzilərini sərt şəkildə səsləndirdi. Və Ermənistana xüsusi rəğbəti heç kimə sirr olmayan S.Lavrov fəqrli yanaşma halında, həmin suallara da mütləq məntiqli cavab tapmağa məcburdur.

Prezident İlham Əliyev əslində, Rusiya rəsmi dairələrindən dolayısı ilə mövqelərini dəqiqləşdirməyi tələb etdi. Yəni əgər, Kreml münaqişənin həll olunmadığına əmindirsə, onda deməli, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində olmasını da nəzərdə tutan 10 noyabr üçtərəfli anlaşması da hər hansı qüvvəyə malik deyil.

Bu halda, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində qalması yolverilməzdir. Yəni, dərhal Azərbaycan ərazilərini tərk etməlidirlər. Ardınca isə Azərbaycan məsələni öz maraqları və beynəlxalq hüquq normaları çərçivəsində həll edə bilər.

prezident-ilham-eliyevin-dogum-gunudur-0-1608808035.jpg (159 KB)

Azərbaycan Prezidenti İlham Əliyev müzakirələri status məsələsinə doğru yönəltməyə çalışanları da öz məntiqli arqumentləri ilə çətin vəziyyətə saldı: “Bəzi siyasətçilər statusdan danışırlar. Ancaq Dağlıq Qarabağ adlı ərazi vahidi mövcud deyil. Bir daha təkrar edirəm ki, əgər, kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, qoy öz ölkələrində onlar üçün yaxşı yer seçsinlər”.

Təbii ki, bu, ermənilərin beynəlxalq himayədarlarına sərt mesajdır. Azərbaycan Prezidenti ermənilərə heç bir halda, hər hansı statusun verilməyəcəyini birmənalı şəkildə vurğulayır. Onlara da məsləhət görür ki, əgər, ermənilərə status vermək istəyirlərsə, bunu Azərbaycanın deyil, məhz öz ölkələrinin ərazisi hesabına etsinlər. Bu baxımdan, indi beynəlxalq ermənipərəstlərin “status açıqlamaları” əhəmiyyətini ciddi şəkildə itirmiş kimi görünür.

Nəhayət, daha bir önəmli məqam Ermənistana yönəlik sərt xəbərdarlıq ilə bağlıdır. Belə ki, son vaxtlar ermənilər bir qədər cəsarətli görünməyə başlayıblar. Onlar hətta revanşist iddiaları da intensivləşdiriblər. Halbuki bütün bunlar sadəcə, erməni hay-küyündən başqa bir şey deyil.

Elə Azərbaycan Prezidenti də rəsmi İrəvana xəbərdarlıq etməklə, Ermənistana yerini göstərmiş oldu: “Ermənistanın revanşist ideyalar üçün gücü, iradəsi və mənəvi haqqı yoxdur. Bu, onlar üçün intihardır”.

Azərbaycanın dövlət başçısı ermənilərin davranışlarını hələlik səbrlə müşahidə etdiklərini vurğulamaqla, “dəmir yumruğu” da xatırladıb. Rəsmi İrəvana odla oynamamağı məsləhət görüb, ən xırda təhlükə cəhdində çox ağır cavab zərbəsi vəd edib. Ən əsası isə Ermənistanı Azərbaycan qarşısında heç kimin müdafiə edə bilməyəcəyini vurğulayıb.

aliyev-dusmanlik-artiyor_d82c7.jpg (127 KB)

Ona görə də bu, həm də Rusiya üçün də diqqətə alınacaq xəbərdarlıqdır. Belə ki, rəsmi Bakı Azərbaycanın milli maraqları tələb edərsə, Rusiya faktorunun ümumiyyətlə, nəzərə alınmayacağını qətiyyən gizlətmir. Üstəlik, rəsmi İrəvana Kremlə güvənməyin mənasız olduğu mesajını verir. Azərbaycan ordusu növbəti dəfə hərəkətə gətirilərsə, Rusiyanın Ermənistanı xilas etmək imkanında olmayacağını qabardır.

Göründüyü kimi, rəsmi Bakı hazırda həm hərbi məkanda, həm də müzakirə masasında ən güclü tərəf təsiri bağışlayır. Çünki Ermənistan Azərbaycanın qarşısında dayana bilmək üçün məhz Rusiyaya möhtacdır. Çünki Fransa başda olmaqla, digər ermənipərəst dövlətlərə rəsmi Bakı ümumiyyətlə, əhəmiyyət vermir.

Rusiyaya gəldikdəsə, rəsmi Bakı Kremlin regiondakı maraqlarını nəzərə alır. Ancaq həmin həmin maraqlar Azərbaycanın mənafeləri ilə toqquşarsa, bu məsələdə situasiya ciddi şəkildə dəyişə bilər. Üstəlik, bir çox faktorlar və şərtləri nəzərə aldıqda, Rusiyanın Azərbaycanın milli maraqları ilə tam hesablaşmaq məcburiyyətində olduğu qətiyyən şübhə doğurmur.

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda əsas siyasi iradə sahibi statusu məhz rəsmi Bakıya aiddir. Rəsmi Bakı bu statusunu Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona səfərinə verdiyi reaksiya ilə növbəti dəfə nümayiş etdirdi. Və bu, həm rəsmi İrəvana, həm də Ermənistanın beynəlxalq havadarlarına ciddi mesajdır.

“Yeni Müsavat” 

Loading...