Şuşa Bəyannaməsinin TƏHLİLİ – DETALLARLAbackend

Şuşa Bəyannaməsinin TƏHLİLİ – DETALLARLA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Şuşada imzaladıqları 11 səhifəlik bəyannamə sadəcə, Cənubi Qafqaz bölgəsinə yox, Yaxın Şərqdən tutmuş, Orta Asiyaya, hətta Avropaya da təsir edəcək.

Sənədin ən böyük önəmi Azərbaycanla Türkiyənin hərbi ittifaq yaratmağa başlamasıdır.

İttifaq indiyədək mövcud olmuş qlobal güclər mütənasibliyinin pozulduğu, yeni dünya düzəninin formalaşdığı bir dönəmdə qurulur.

Azərbaycan artıq Cənubi Qafqazdakı ölkə yox, Türkiyə ilə hərbi-siyasi müttəfiqlik, qarşılıqlı dəstək və fəaliyyət anlaşması olan regional liderdir.

Şuşa Bəyannaməsi hüquqi-prosessual baxımdan Azərbaycanla Türkiyə arasında tərəfdaşlıq və əməkdaşlıq barədə indiyədək imzalanmış üç anlaşmaya istinad edir, həmin sənədlərdən təməl qismində yararlanır.

1994-cü ilin fevralın 9-da imzalanmış “Azərbaycanla Türkiyə arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi haqqında” müqavilə, “Azərbaycanla Türkiyə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol və 2010-cu ilin avqustun 16-da imzalanmış “Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilələri əslinda Şuşa Bəyannaməsinin bazisi idi.

Şuşada imzalanmış sənəd Azərbaycanla Türkiyə arasındakı ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələsi olmaqla bahəm, ölkələrimiz arasında Heydər Əliyev və Süleyman Dəmirəl dönəmində başlanmış proseslərin məntiqi davamıdır.

Şuşa Bəyannaməsində habelə, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci – sevincimiz, kədəri – kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” açıqlamaları da iki dövlətin, iki xalqın milli-mənəvi dəyərləri kimi qiymətləndirilib. Beləcə, Bakı və Ankara arasındakı münasibətlərin çox dəqiq mədəni, siyasi və ideoloji inkişaf vektoru göstərilib.

Azərbaycana yönəlmiş istənilən təhdid, suverenliyimizə və ərazi bütövlüyümüzə istiqamətlənən istənilən təhlükə Türkiyə üçün Şimali Kiprə ünvanlanan hədənin analogiyasıdır.

Bir anlıq düşünün: yunan Kipri və ya Yunanıstan kıbrıslılara qarşı hərbi əməliyyata başlasalar, nə olar? Türkiyə Ordusunun bütün gücü, qüvvəsi və qüdrəti həmin avantürüstə qarşı yönələcək.

Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Beləliklə, Bəyannamə əslində Azərbaycanla Türkiyə arasındakı əlaqələr müstəvisində artıq mövcud olan faktiki vəziyyəti əks etdirir.

Şuşa Bəyannaməsinin önəmi həm də “3+3”, yəni “Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, İran, Rusiya” formatında altıtərəfli platformanın yaradılması ilə bağlı bölgə dövlətlərinə çağırışdır.

Diplomatik baxımdan həddən ziyadə dürüst, yüz ölçülüb bir biçilmiş bəyanatdır.

Bu o deməkdir ki, Cənubi Qafqazda, Azərbaycanla Ermənistan arasında bundan sonra müharibə, genişmiqyaslı hərbi əməliyyatlar olmayacaq, övladlarımız və nəvələrimiz savaş, köçkünlük, atışma və bombardmanlar görməyəcəklər.

Cənubi Qafqazda yeni era başlayır. Və yalnız tam sərsəm, idiot Azərbaycana qarşı revanşdan, yeni ərazi iddialarından danışa bilər. Ermənistanda belə qüvvə olarsa, İrəvan belə çağırışlar səsləndirərsə, onu bölgə ölkələrindən HEÇ BİRİ dəstəkləməyəcək!

Geosiyasətdə, xüsusilə də diplomatiyada və dövlətlərarası münasibətlərdə elə məqamlar var ki, onların barəsində aşkar, aydın və konkret deyilmir. Bu məqamlar bəyanatlarda, kommünikelərdə, mətbuat konfranslarındakı açıqlamalarda, press-relizlərdə yer almır.

Baş verən prosesləri və xüsusilə də yaşanması istisna edilməyən, proqnozlaşdırıla bilən hadisələri təhlil edəcəyimiz təqdirdə aydın olur ki, Ermənistanla yanaşı, Rusiya və İranda da perspektivdə hakimiyyətdəki fiqurlar dəyişə bilər.

Xüsusilə də Ermənistanda hakimiyyətə avantürist, marazmatik, aqressiv qüvvə gələ bilər.

İrəvanda belə olub: Nikol Paşinyan göz qabağındadır. Məhz N.Paşinyanın müdafiə naziri təyin etdiyi David Tonoyan ötən ilin yayında “yeni ərazilər üçün yeni savaşlar” doktrinasını bəyan etmişdi.

Tonoyan indi müdafiə naziri olmasa da, Ermənistanda revanşizm meylləri çox güclüdür.

Kim təminat verə bilər ki, Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri nəticəsində hakimiyyətdə olacaq qüvvə “yeni müharibə” çağırışları ilə çıxış etməsin?

Yoxdur belə təminat.

Ona görə də Şuşa Bəyannaməsi regionda dayanıqlı sülhün, stabilliyin və inkişafın təminatçısı da sayıla bilər.

Və ən nəhayət – Şuşa Bəyannaməsi həm də Zəngəzur nəqliyyat dəhlizinin işə salınaraq fəaliyyətə düşməsini qaçılmaz edir.

Ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması vurğulansa da, şərtin reallaşmasını təsbit edən reallıq var.

O reallıq bəsitdir: Laçın dəhlizi varsa, Zəngəzur dəhlizi də olmalıdır. Üçtərəfli bəyanatda Laçın və Zəngəzur dəhlizlərinin hər ikisindən bəhs olunduğundan, onlardan sadəcə, Laçın dəhlizinin fəaliyyətlə olması mümkün deyil.

Şuşa Bəyannaməsi də Zəngəzur dəhlizinin açılmasının qaçılmazlığını bir daha təsbitlədi.

Həmin dəhliz Azərbacyanla Türkiyə arasında iqtisadi, siyasi, hərbi və s. sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, İran, Rusiya, Orta Asiya ölkələri və Avropa Birliyi üçün də olduqca mühüm, geostrateji nəqliyyat marşrutu kimi əhəmiyyət kəsb edir.

Ermənistanda indi səslənən “Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyik” tipli açıqlamalar isə tamamilə mənasız, absurd bəyanatlardır və onları ciddi qəbul etməyə dəyməz.

Zəngəzur dəhlizinin açılmasına görə məsuliyyət Rusiyanın üzərindədir və Moskva da planlarının reallaşması üçün bütün vasitələrdən istifadə edəcək.

… Azərbaycanla Türkiyə arasındakı münasibətlərin protokollara, müqavilələr, anlaşmalara, bəyannamələrə ehtiyacı yoxdur.

1918-ci ildə Nuru Paşa gəldi, gördü və qalib gəldi.

2020-ci ildə Azərbaycan əsgərinin şücaəti kimi.

//milli.az

Loading...