Tbilisidə keçirilən birbaşa danışıqların tonunu iyulun 15-də Azərbaycan Prezidentinin qətiyyətli çıxışı müəyyən etdibackend

Tbilisidə keçirilən birbaşa danışıqların tonunu iyulun 15-də Azərbaycan Prezidentinin qətiyyətli çıxışı müəyyən etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“16 iyul 2022-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü təmasların dayanmaması, xüsusilə də vasitəli deyil, vasitəsiz, birbaşa görüşlərin keçirilməsi, dialoqun davam etdirilməsi baxımından olduqca önəmlidir. Bu görüşdə də xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi üzərində dayanıldı. Əvvəla, mütləq mənada onu vurğulamalıyıq ki, Tbilisidə keçirilən birbaşa danışıqların tonunu görüşdən öncə yəni, iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçımızın qətiyyətli çıxışı müəyyən etdi. Belə ki, dövlətimizin başçısı həm Ermənistan, həm də Ermənistan üzərindən digər qüvvələrə bu məsələlərlə bağlı, xüsusilə də erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalmasının tamamilə qəbuledilməz olduğu barədə qətiyyətli mövqe ortaya qoydu. Dövlət başçımızın çıxışında “onları çıxarmaq istəmirsə onda bizə bunu açıq desin, biz də işimizi bilək” qətiyyətli mövqeyi Azərbaycanın baxış bucağının ölçüsü haqqında düzgün hesabla qurmaq baxımından önəmlidir. Deməli, bu görüşə də Azərbaycan tərəfi üstün, qətiyyətli mövqe ilə getdi”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.


Onun sözlərinə görə, Rusiya tərəfinin yüksək rütbəli hərbçiləri Azərbaycan tərəfinə üçtərəfli bəyanatın 4-cü bəndinə uyğun olaraq, bu ilin iyun ayına qədər Ermənistan silahlı birləşmələrinin qalıqlarının Qarabağ ərazisindən çıxarılacağına dair söz versə də bunun hələ də həyata keçirilmədiyinin şahidiyik:

“Yəni, regionda bəlli siyasi məqsədlərlə yaradılan işğalçı və qeyri-konstruktiv dövlət müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, Rusiya da müqaviləni imzalayan tərəf olaraq Ermənistanı buna məcbur etmir. Azərbaycan öz mövqeyində qətiyyətlə dayanır, münasibətlərin normallaşdırılması ilə bağlı aydın vizyonumuz, yol xəritəmiz mövcuddur. Bu yol xəritəsində Ermənistanın uduzacağı heç bir şey yoxdur. Ermənistan uduzmaq və uduzdurulmamaq istəyirsə rasional addımlar atmalıdır. Yeni arxitektura qurulur, Ermənistan bu arxitekturada dövlət kimi mövcudluğunu qoruyub saxlamaq istəyirsə Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Qarabağda vəziyyəti gərginləşdirmək cəhdlərindən əl çəkməli, Ermənistanın özünə də sərf edəcək müxtəlif səpgili layihələrin reallaşdırılması istiqamətində regional əməkdaşlığa cəlb olunmalıdır. Yeganə çıxış yolu gec-tez bunları icra etməkdən keçir. Arxitektura baxımından həm də onu qeyd edək ki, Azərbaycanın yaratdığı reallıq, sonrasında təklif etdiyi əməkdaşlıq mexanizmləri sadəcə Ermənistana deyil, region ölkələrinə də regional siyasətlərinə daha çox fokus olmaları baxımından önəmlidir. Bu baxımdan da görüşün Gürcüstanda keçirilməsi də geniş kontekstdən dəyərləndirilməlidir. Geniş prizmadan dar prizmaya doğru regiona doğru fokusun region ölkələrinin özünə fayda gətirməsi baxımından regional əməkdaşlıqda dövlətlərin ümumi səy ortaya qoymalı olduğu reallığını bir daha aydın izah edir”.

Müsahibimizin sözlərinə görə, münasibətlərinin normallaşması ilk növbədə Ermənistana lazımdır:

“Çünki dəhlizlərin açılması səfil durumda yaşayan Ermənistanı mövcud bataqlıqdan xilas edə blər. Bu dövlət artıq idarəolunmaq siyasətinə son verməli, öz cəmiyyətini normal idarəetmək istiqamətində konkret addımlar atmalıdır. Bunun üçün tarixi şans da yaranıb.
Bir vacib məsələ də odur ki, baxmayaraq Azərbaycan üzərinə götürdüyü öhdəliyə sadiq olaraq Laçın yolunu açıq saxladı, ermənilərin gediş-gəlişi təmin olunur, lakin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında hələ də blokada şəraiti davam edir. Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması da mövcud deyil, çünki Ermənistan bu məsələdə də öhdəliyini yerinə yetirmir.
Azərbaycanın təklif etdiyi beş əsas baza prinsipinin Ermənistan tərəfindən də qəbul edilməsinə baxmayaraq real addımlar hələ də mövcud deyil. Əslində mövcud olmayan məsələnin status və ATƏT-in Minsk Qrupu olduğunu Ermənistan dərk etməlidir. Zəngəzur dəhlizində Ermənistan bəzi keçid məntəqələri yaradarsa, Laçın dəhlizində də eyni addımlar atılacaq, kommunikasiyalar üzərində suverenlik olacaqsa bu status məsələsində də olacaq. Əgər Ermənistan Azərbaycan ərazisində status məsələsini yenidən gündəmə gətirərsə Azərbaycanın tarixi, siyasi baxımdan tam haqqı çatır ki, Zəngəzurun statusundan danışsın. Ermənistanın ikinci dəfə yeni bir müharibə ilə sarsılması, belə bir risklə üz-üzə qalması onun bir dövlət kimi sonu ola bilər”.

//Gülnarə Abasova, Editor.az