Təhsil eksperti: “Təhsil Nazirliyi ancaq formal xarakterli tədbirlər həyata keçirir”backend

Təhsil eksperti: “Təhsil Nazirliyi ancaq formal xarakterli tədbirlər həyata keçirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəllimlərin öz ixtisasları üzrə kifayət qədər biliyə sahib olmaması, onların tədris etdiyi fənn üzrə şagirdlərdə bilik səviyyəsinin aşağı olmasına gətirib çıxardır. Hətta bu gün şagirdlərin kütləvi şəkildə repetitor yanına getməsinin də məktəb müəllimlərinin biliyinin lazımi həddə olmamasından irəli gəldiyi söylənilir. Ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bir qisminin yeni təhsil standartlarının tələblərinə cavab verməməsi isə şagirdlərin özəl təhsil müəssisələrinə marağını artırır. Təhsildə bu problemlərin olduğunu rəsmi şəxslər də təsdiqləyir.

Bu günlərdə mətbuata açıqlama verən Təhsil nazirinin müavini  Məhəbbət Vəliyeva  bildirib ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı bu gün məktəblərdə öz ixtisasını 20-30 faiz bilən müəllimlərin hələdə olduğu üzə çıxıb. M. Vəliyeva qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlər üçün nazirliyin əlavə olaraq ixtisasartırma təlimləri təşkil etdiini və onlardan bəzilərinin öz nəticəsini həqiqətən də yaxşılaşdırdığını söyləyib: “Elə müəllimlərimiz də var ki, bu gün öz ixtisasları üzrə 0-9 bal arası nəticə göstəriblər. Aralarında da elələri var ki, bu yaşdan sonra onları yenidən hazırlamaq mümkün deyil. Bundan sonraki dövr sertifikatlaşdırma mərhələsidir ki, bu da həmin müəllimlərin öz üzərində ciddi çalışmasını tələb edir. Bundan bir ajiotaj, narahatçılıq da yaratmaq lazım deyil. Əlbəttə ki, heç bir valideyn istəməz ki onun övladına savadsız müəllim dərs desin. Bir savadsız müəllimi sistemdən kənarlaşdıranda da, o müəllim harasa şikayət edəndə də, hamı bunu anlayışla qəbul etməlidir”.
Nazir müavini müəllimlərin təhsildə innovativ üsullardan istifadə etmədiyini, müasir təhsil proqramlarının əks yanaşma tələb etdiyini dilə gətirib: “ “Məlumat bolluğu olan dövrdə, heç bir informasiya-kommunikasiya texnologiyası (İKT) istifadə etmədən, “quru dərs” keçməklə şagirddə maraq yaratmaq mümkün deyil. Bugünkü gənclər texnologiyanın ən geniş istifadəçisidir və buna maraq göstərirlər. Bunlar şagird üçün bir öyrənmə vasitəsi olmalıdır. Müəllim məzmunu düşünüb, İKT tətbiq etməklə şagirdlərə ötürməlidir. Son illər məktəblərdə yaradılan yeni şərait, infrastruktur, İKT avadanlıqları ilə təchizat işi xeyli yaxşılaşır, amma bununla yanaşı, bütün bu yeniliklərdən istifadə etməyi, onu gündəlik həyatda tətbiq etməyi bacaran təhsil verənlərə və onların hazırlığına ehtiyac var. Qarşıda duran prioritet vəzifələrdən biri də məhz müasir təhsil verənlərin hazırlanmasıdır”.


Təhsil üzrə tanınmış ekspert Kamran Əsədov isə bunun günahını elə Təhsil Nazirliyinin özündə görür. Həmsöhbətimiz deyir ki, son beş ildə müəllimlərin işə qəbulu, iş yerlərinin dəyişdirilməsi, dərs yükünün optimallaşdırılması istiqamətində ciddi islahatlar həyata keçirilsə də, onların innovativ təlim metodlarına yiyələnməsi istiqamətində praktiki iş görməyib: “Təəsüf ki, 2014-cü ilə qədər Azərbaycanda müəllimlərin tətbiq etdiyi bilik səviyyəsi, metodik və kommunikativ yanaşma ilə bağlı bilikləri barədə sistemli məlumat yox idi. 2014-2017-ci illərdə 4472 orta məktəbdə çalışan 142 min dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirildi. Məlum oldu ki, müəllimlərin ixtisasları üzrə bilikləri qənaətbəxş deyil. Baxmayaraq ki, ölkə prezidentinin sərəncamına əsasın 2015-ci il yanvarın 1-dən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırıldı. Bu da müəllimlərin keyfiyyətinin artmasına təsir göstərmədi. Qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilibdir. Amma aidiyyati üzrə Təhsil Nazirliyi bu hədəfə nail olmaq üçün səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı və stimullaşdırma sisteminin yaradılmasını, muəllimlər arasında sağlam rəqabətin formalaşdırılmasını, müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun artırılmasını təmin edən yeni sistemin yaradılması istiqamətində heç bir əməli iş görməyib. Bu gün Azərbaycan təhsili, Azərbaycan məktəbi repititorlardan asılı halda qalıb. Bu gün təhsildəki nəticələr yalnız repititorluğun, hazırlıq kurslarının nəticəsidir, onların fəaliyyətinin bəhrəsidir. Çünki öz biliyi, səviyyəsi 50 faizdən aşağı olan qurumlar yüksək nəticə göstərə bilməz. Təəsüf ki, 2014-2017-ci illərdə keçirilən diaqnostik qiymətləndirilmədə ibtidai sinif, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat fənn müəllimlərinin göstərdikləri nəticələr elə də yüksək deyil. Nəzərə alsaq ki, şagirdin ümumi bazası elə ibtidai sinifdə formalaşır, bu zaman fundamental fənlərdən olan Azərbaycan dili və ədəbiyyat fənn müəllimlərinin nəticələrinin aşağı olması şagirdlərin təfəkkürünün formalaşmasına birbaşa təsir etməli idi. Buraya riyaziyyat fənni də daxildir. Buradan da belə nəticə ortaya çıxır ki, deməli bizim təhsili yaxşı gələcək gözləmir”.
K. Əsədov deyir ki, müəllimlərin işə qəbulunda finlandiya, fəaliyyətində rusiya metodu tətbiq edilməlidir: “Ali məktəbdə pedaqoji ixtisaslarda təhsil alan zaman akademik göstəriciləri 80 fazidən aşağı olanalrı müəllimlərin işə qəbulu imtahanlarına buraxmaq olmaz. Bundan sonra hər il orta məktəbdə çalışan müəllimlərin ixtisasları üzrə biliklərinin yoxlanılmasını həyata keçirmək lazıdır və nəticələri 70-80-fazidən aşağı olanlarla əmək müqaviləsinə xitam vermək lazımdır. Bizim orta məktəblərdə hətta 0-1-2 bal toplayanlar da dərs deyir. Bu biabırçılıqdır. Bu xalqa qarşı ən ağIr cinayətdir. Özü heç bir şey bilməyən müəllim qarşısında  şagirdə də təbii ki,  heç nə öyrədə bilməz. Maraqlıdır ki, Təhsil Nazirliyi diplomları dövlət nümunəli olmayan müəllimlərə, eləcə də diaqnostik balı aşağı olan müəllimlərə niyə göz yumur? Nəyin qarşılığında onlarıa fəaliyyətlərini davam etdirməyə icazə verir? Təhsil Nazirliyinin bunda marağı nədir? Hesab edirəm ki, müəllimlərin işə qəbulunda və onalrın fəaliyyətində ciddi islahatlar aparmaq lazımdır. Hal-hazırda həyata keçirilən proses əmək bazarının tələblərinə cavab vermir və yararsızdır. Təhsil nazirliyi tərəfindən həyata keçirilən imtahanların nəticələri orta məktəblərdə vəziyyətin qənaətbəxş olmadığını sübut edir. Bu məktəb direktorlarının rəhbərlik etdikləri təhsil ocağına nəzarət etmədikləri anlamına gəlir. Onlar tabeliyində olan işçilərin bilik və bacarıqlarının artırılması istiqamətində heç bir iş görmürlər. Təhsil Nazirliyi isə ancaq formal xarakterli tədbirlər həyata keçirir”.

//Movqe.az