Türk lirəsi niyə getdikcə ucuzlaşır? -Səbəblər AÇIQLANDIbackend

Türk lirəsi niyə getdikcə ucuzlaşır?-Səbəblər AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son dövrlər Türk lirəsinin dəyərdən düşməsi birbaşa Türkiyə Mərkəzi Bankının yürütdüyü siyasətlə bağlıdır. Yüksək inflyasiya şəraitində faiz dərəcələrini aşağı salaraq, ucuz lirə ilə ixracı, aşağı faizlə də istehsalı stimullaşdıracaqlarını düşünürlər. Ancaq iqtisadi siyasətdə bir iqtisadi alətlə ancaq bir hədəfə nail olmaq olur, bu bilinən bəsit qaydadır”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı-ekspert Elşən Bağırzadə deyib.

Ekspertin sözlərinə görə faiz dərəcəsinin durmadan aşağı salınması ilk növbədə Türkiyə iqtisadiyyatı ilə bağlı gözləntiləri mənfi istiqamətdə dəyişdirib, qeyri-müəyyənlik ölkənin risk indeksini artırıb və bu da ölkədən valyuta çıxışına və dollara “hücuma” səbəb olub:

“Eyni zamanda, faizlərin aşağı salınması ölkədə onsuz da artan inflyasiya səviyyəsini daha da yuxarı doğru çəkir. Ən ciddi problem isə dollar və avronun bahalaşması istehsalçıların və ixracçıların xərclərini də ciddi şəkildə artırır, çünkü istehsal üçün xammal və aralıq məhsulların önəmli hissəsini idxal edirlər. Belə olan halda əllərindəki ehtiyat məhsulları lirənin ucuzlaşması nəticəsində daha çox xaricə satılmış olsa da yeni məhsullara qiymət qoymada çətinlik çəkirlər. Çünkü xarici valyuta durmadan bahalaşır. Bir sözlə, bu qeyri-müəyyənlik ölkədə qiymətqoyma davranışlarını da pozmağa doğru gedir, bu isə çox təhlükəli tendensiyadır. Buna yol vermək olmaz, bazar qeyri-müəyyənliyi sevmir. Faiz dərəcələrinin aşağı düşməsi ölkədə daha çox inşaat sektoruna müsbət təsir göstərir, çünkü mənzilləri daha aşağı kredit faizləri ilə təklif edə bilirlər. Ancaq bütövlükdə indiki şəraitdə faizin davamlı aşağı salınması məntiqli qərar kimi qəbul edilə bilməz. Bu ölkəni hiperinflyasiyaya sürükləyə bilər. Əslində Mərkəzi Bankın belə davranmasının açıqlamadığı iki səbəbinin də olduğunu düşünürəm. Birincisi, Mərkəzi Bankın valyuta bazarına müdaxilə üçün əlində yetərli qədər valyuta rezervlərinin olmaması və bunu artan ixrac hesabına kompensasiya etmə cəhdidir. İkincisi isə, hökumətin faizləri endirmək üçün Mərkəzi Bank üzərində yaratdığı təzyiqdir. Sonuncu səbəb, Mərkəzi Bankın müstəqilliyi ilə bağlı bazardakı mövcud şübhələri daha da artırır və bu quruma olan inamı azaldır. Bir sözlə, Mərkəzi Bank faiz endirimi yoluna girməsəydi, Türkiyə iqtisadiyyatı üçün daha düzgün qərar olardı”.

//Gülnarə Abasova, Editor.az