Türkiyənin məqsədi Rusiyanın maraqlarını DƏSTƏKLƏMƏK DEYİL: “İsveç və Finlandiya rəsmi Ankaranın şərtlərini qəbul edərsə…”-ŞƏRHbackend

Türkiyənin məqsədi Rusiyanın maraqlarını DƏSTƏKLƏMƏK DEYİL: “İsveç və Finlandiya rəsmi Ankaranın şərtlərini qəbul edərsə…”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlük niyyətinə etiraz etməsi Qərb siyasi dairələrində ciddi narahatlıq doğurub. Düzdür, rəsmi Ankaranın bu mövqeyi ilk baxışdan Rusiyanın maraqlarını müdafiə etmək kimi də görünür. Ancaq əslində, rəsmi Ankara öz mövqeyi ilə NATO-nun genişləndirilməsinə qarşı deyil. Üstəlik, prezident Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə etiraz edərkən, Rusiyanın maraqlarını dəstəkləmək məqsədi də güdmür”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə , rəsmi Ankaranın bu mövqeyi birmənalı şəkildə Türkiyənin milli maraqlarından qaynaqlanır:

“Vaxtilə, Türkiyə Yunanıstanın NATO-ya üzvlüyünə münasibətdə prinsipial mövqe tutmamışdı. Nəticədə indi Yunanıstan NATO-nun üzvü olsa da Türkiyəyə qarşı düşmənçilik edir. Ona görə də rəsmi Ankara Yunanıstan örnəyində olan səhvi növbəti dəfə təkrarlamaq istəmir.
Məsələ ondadır ki, İsveç və Finlandiyanın davranışlarında Türkiyəyə qarşı düşmənçilik faktorları var. Bu iki ölkənin ərazisində PKK terror təşkilatının təmsilçiləri xüsusi himayə altında Türkiyəyə qarşı fəaliyyət göstərirlər. Məsələn, İsveç parlamentində beş PKK-çı deputat var. Eyni zamanda, bu dövlətin ərazisində PKK terror təşkilatına bağlı olan 3 telekanal mövcuddur. Və İsveç dövləti terrorçuların həmin telekanallarına maliyyə yardımı da göstərir. Bütün bunları nəzərə aldıqda, rəsmi Ankaranın PKK terrorçularına qucaq açan, onların Türkiyə əleyhinə fəaliyyət göstərmələri üçün dəstək olan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü bloklamaq niyyətində olması tamamilə başadüşüləndir. Yəni, rəsmi Ankara tamamilə haqlıdır. Türkiyə İsveç və Finlandiyadan tələb edir ki, NATO-ya üzv olmaq niyyətini reallaşdırmaqdan əvvəl PKK terror təşkilatının öz ərazilərində fəaliyyətinə son qoysun. Əgər, hər iki ölkə rəsmi Ankaranın bu tələbi ilə razılaşarlarsa, Türkiyə onların NATO-ya üzvlüyünə qarşı çıxmayacaq”.

Müsahibimiz hesab edir ki, Türkiyənin indiki mövqeyi Rusiyanın maraqlarına cavab verməklə yanaşı, Kreml üçün milli təhlükəsizlik baxımından, böyük əhəmiyyət daşıyır:

“Ancaq Türkiyə hazırda İsveç və Finlandiyanı NATO-nun qapısı ağzında saxlamaq qərarı ilə Rusiyanın maraqları barədə qətiyyən düşünmür. Sadəcə elə situasiya yaranıb ki, bu məsələdə maraqlar uzlaşmış kimi görünür. Hətta bu proses daha sonrakı mərhələdə Türkiyə və Rusiya arasında münasibətlərin daha da yaxınlaşmasına səbəb ola bilər. Ancaq reallıq odur ki, İsveç və Finlandiya rəsmi Ankaranın şərtlərini qəbul edərsə, Rusiyanın maraqlarına baxmayaraq, Türkiyə öz mövqeyində israrçı olmaq niyyətində də deyil”.

//Gülnarə Abasova, Editor.az