Vətən Müharibəsindən sonra ayrı-ayrı dövlətlər Azərbaycanla əməkdaşlıqda özləri maraqlı oldular-Xarici siyasətimizin prioritetləri nədir?backend

Vətən Müharibəsindən sonra ayrı-ayrı dövlətlər Azərbaycanla əməkdaşlıqda özləri maraqlı oldular-Xarici siyasətimizin prioritetləri nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstiqamət :Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Azərbaycan müstəqil və suveren bir ölkə kimi xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycanın bütün ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığı qarşılıqlı hörmət və etimada, ən əsası Azərbaycanın milli və dövlət maraqlarına əsasılanır.

Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə də mühüm töhfələr verir. Ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələri, regional və dünya miqyaslı konfranslar, forumlar, yarışların əhəmiyyəti deyilənləri təsdiq edir. Bütün bunlara görə dünyanın aparıcı siyasi institutları, nüfuzlu mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər. Azərbaycanın uğurlu xarici siyasət kursu sivilizasiyalararası dialoq və qlobal inteqrasiya baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Editor.az-ən əməkdaşı ilə söhbətində Milli Məclisin deputatı Fəzail Ağamalı deyib ki, Azərbaycanın xarici siyasətində iki prioritet mühüm rol oynayır:

“Birincisi, ayrı-ayrı dövlətlərlə, eyni zamanda qonşu dövlətlərlə ikitərəfli münasibətlərin qurulmasıdır. Bir sıra dövlətlərlə qarşılıqlı əlaqələrin qurulması Azərbaycana əhəmiyyətli dvidentlər qazandırıb və qazandırmaqda davam edir.

“İkincisi, beynəlxalq təşkilatlarla əməkdaşlıqdır. Azərbaycan müstəqil olduğu gündən bu günə qədər beynəlxalq təşkilatlarda aktivliyi ilə fərqlənib. Dünya miqyasında etibarlı tərəfdaş kimi böyük nüfuza malik Azərbaycan Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin və digər bu kimi nüfuzlu təşkilatların üzvüdür. Bu əməkdaşlıqlar yüksək səviyyədə inkişafını davam etdirir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan Avropada enerji təhlükəsizliyinin təmin olunması, beynəlxalq aləmdə terrorizmə qarşı mübarizədə öncül ölkələrdən biridir. Eyni zamanda, Vətən müharibəsində Azərbaycan şanlı qələbəsi ilə regionda nüfuzunu daha da artırdı. Deputatın sözlərinə görə, bu baxımdan ayrı-ayrı dövlətlər Azərbaycanla əməkdaşlıqda özləri maraqlı oldular: “Vətən müharibəsində də Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin əsas istiqamətlərindən olan beynəlxalq təşkilatlarla əməkdaşlığının nəticələrinin şahidi olduq: “44 günlük müharibə dövründə Azərbaycanın üzv olduğu təşkilatlardan heç biri Azərbaycana qarşı sərt ritorika ilə çıxış etmədi. Azərbaycan xüsusilə Qoşulmama Hərəkatında və İslam Konfransı Təşkilatında aktiv iştirak edir. Vətən müharibəsində Qoşulmama hərəkatında fəallıq nümayiş etdirən Azərbaycana həmin hərəkata üzv ölkələrdən böyük dəstək gəldi. Həmin ölkələr müharibə dövründə BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sanksiyaların tətbiqində, Azərbaycana qarşı ciddi təzyiqlərə səbəb olacaq qətnamələrin qarşısının alınmasında mühüm rol oynadı. İslam Konfransı Təşkilatı isə Ermənistanı təcavüzkar qismində tanıyan və Azərbaycanın ərazi bütövlüyünü tanıyan ilk beynəlxalq təşkilatdır. İKT-nın bu cür ədalətli mövqeyi nəticəsində həmin təşkilatla əlaqələrimiz daha da inkişaf edib. Azərbaycan postmüharibə dövründə də ayrı-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla uğurlu xarici əlaqələrini davam etdirəcək. Çünki ölkə rəhbəri İlham Əliyevin Azərbaycanın xarici siyasətində qarşıya qoyduğu əsas hədəflərdən biri də budur”.

Politoloq Nurlan Qələndərli Editor.az-a açıqlamasında qeyd edib ki, bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınır:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan milli-strateji hədəflərə çatmağa imkan verir, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Bütövlükdə, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Bunlarla yanaşı, Azərbaycan ikitərəfli münasibətlərini inkişaf etdirməklə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu təşkilata uğurla sədrlik etməsi, Qoşulmama Hərəkatına sədrliyi müvəffəqiyyətlə davam etdirməsi və digər bu kimi faktlar Azərbaycanın regional və qlobal müstəvidə əməkdaşlığın dərinləşdirilməsinə, sülhün və təhlükəsizliyin qorunmasına mühüm töhfələr verdiyini göstərir. Avrasiyanın yeni enerji və nəqliyyat-kommunikasiya xəritəsini yaradan Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir geostrateji əhəmiyyətli layihə reallaşdırıla bilməz. Ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən layihələr beynəlxalq təhlükəsizliyin möhkəmlənməsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Digər tərəfdən, Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail olub. Şübhəsiz, bu tarixi qələbə son Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun məntiqi nəticəsidir. Ölkəmiz həm də çox mühüm strateji presedentin əsasını qoyub”.

Siyasi analitikin sözlərinə görə Azərbaycan 30 ilə yaxın mövcud olmuş münaqişəni öz milli gücü ilə həll etməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etməyə müvəffəq olub:

“Bu, heç şübhəsiz, dünya siyasi tarixinin çox əlamətdar hadisələrindən biri, eləcə də ədalətin və beynəlxalq hüququn təntənəsidir. Vacib nüanslardan biri budur ki, Azərbaycan tarixi Zəfər əldə etməklə olduqca mühüm geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və perspektiv çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar formalaşdırır. Üstəlik, yeni reallıqlar təkcə Azərbaycan dövləti üçün deyil, həm də region xalqları və ölkələri üçün gələcək inkişaf və rifah naminə strateji əhəmiyyət daşıyır, mühüm perspektivlər vəd edir. Bütün bunların məntiqi nəticəsi kimi, ölkəmizlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri və güc mərkəzləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və nüfuzlu təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Həmin geosiyasi subyektlər Azərbaycanla əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Eyni zamanda, Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli fəaliyyət göstərirlər. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir.
Nəticə etibarilə qeyd etdiyimiz kimi, dünyada böyük etimad qazanan ölkəmizin strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır, beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bu isə ölkəmizin qarşısında beynəlxalq müstəvidə yeni perspektivlərin açılmasını şərtləndirir”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.