Vüsal Kərimlinin qoçuları: BNA 10 kameralı cərimə yazan texnika gətirib – FAKTLARbackend

Vüsal Kərimlinin qoçuları: BNA 10 kameralı cərimə yazan texnika gətirib – FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyinin Bakının başına bir bəla gəldiyi artan kütləvi narazılıqlar, etirazlar fonunda daha dərindən hiss olunmaqdadır. BNA və rəhbəri Vüsal Kərimli rəsmən insanların əsəblərini tarıma çəkməklə, əhalini hökumətin nəqliyyat sistemindən üsyan həddinə çatdırmaqla, sürücüləri Ziya Məmmədovun qoçularına şükür etdirməklə məşğuldur.

Bu qurumun yaradılması ilə ictimai nəqliyyatda inqilabi dönüş ediləcəyi, parklanma, dayanma-durma, taksi dayanacaqlarının təşkili ilə bağlı mühüm işlər həyata keçirəcəyi gözlənilirdi.

Amma keçən zaman sübut etdi ki, BNA tərəfindən nəinki yeni yanaşma yoxdur, sadəcə bu struktur cərimə yazmaq funksiyasını yerinə yetirməkdə usta imiş.

Odur ki, Rublika.Az olaraq BNA-nın fəaliyyətinin ayrı-ayrı spektrləri barədə silsilə araşdırmaları təqdim etməyə hazırlaşırıq. Lakin hər şeydən qabaq ən ciddi bir məsələyə – sürücülərin BNA-nın qoçu müfəttişləri tərəfindən necə cərimələnməsinə toxunmaq vacibdir.

Keçmiş nazir Ziya Məmmədovun qoçuları hər kəsin yadındadır, sürücüləri döyürdülər, maşınların nömrələrini açıb aparırdılar. Onlar bu hərbə-zorbalığı aşkar şəkildə həyata keçirirdilər.

BNA-nın dayanma-durma qaydasının pozulması ilə bağlı cərimə yazan qoçu müfəttişləri isə onlardan fərqli olaraq, işlərini qorxaq şəkildə icra edir, künc-bucaqda gizlənərək, pusqu quraraq cərimə yazırlar.

Elə ki, sürücü avtomobilini tərk edir, gizli şəkildə gələrək maşının şəkillərini çəkib aradan çıxırlar. İşi-gücü cərimə yazmaq olan, amma parklanmanın təşkili üçün heç bir iş görməyən, qanunsuz pul yığanlarla mübarizə aparmayan BNA-nın məqsədi vətəndaşları soymaqdır.

Dəfələrlə sübut olunub ki, dayanma-durma qadağan edilməyən, yaxud hər gün minlərlə avtomobil dayanan bir ərazidə BNA tərəfindən hər hansı parklanma təşkil olunmadığı halda, sürücülərə cərimə yazırlar.

BNA müfəttişləri bir neçə maşına cərimə kəsir, xidməti maşınları ilə ərazini tərk edirlər, lakin həmin ərazi olduğu kimi qalır, yenə yüzlərlə maşın orada dayanmalı olur. Bu sıraya metronun “İnşaatçılar”, “Neftçilər” yaxınlığını göstərmək olar.

Hətta bir ara Bakıxanov qəsəbəsinə dadanmışdılar və binaların qarşısında maşınlarını park edən sakinləri kütləvi şəkildə cərimələyirdilər.

Sakin evinə gedir, sonra xəbər tutur ki, yaşadığı binanın qabağında hər gün saxladığı avtomobilinə dayanma-durma cərimə gəlib.

Görəsən, Vüsal Kərimlinin bu siyasəti nəyə hesablanıb? Niyə cərimələrlə probemin həll olunacağını düşünürlər? Bu, dövlətdən, hakimiyyətdən əhalini narazı salmaqdır.

Bu mövzuda jurnalist Məhəmmədəli Qəribli də çox maraqlı bir faktı sosial media hesabında yazıb. Onun sözlərinə görə, BNA-ya məxsus bir maşın görüb: “Üzərində 10-a yaxın kamera quraşdırılmışdı. Sürən bildirdi ki, yeni alınan texnikadır. Artıq əməkdaşın düşüb, parklanmanı pozan avtomobilin şəklini çəkib, cərimə yazmasına ehtiyac yoxdur.
Avtomobil hərəkət edə-edə dörd bir tərəfdə parklanmanı pozanları çəkir və barələrində elektron cərimə protokolu tərtib edir. Mənə maraqlı gələn budur ki, niyə vətəndaşların cibinə girə biləcək proseslər belə həssaslıqla, hətta ən yeni texnikadan istifadə etməklə həyata keçirilir?

Xalqın xeyrinə olan qanunların icrası isə süründürməçiliklə olur. Olmazdı ki, BNA şəhərdəki tıxacları vaxtında aça bilən yeni texnikaların və texniki vasitələrin şəhərə gətirilməsi təşəbbüsü ilə də çıxış etsin? İnanmıram etsin, qazanc yoxdur axı…”

Bu fikrə qoşulan həmkarı Elvin Hüseynov şərh yazıb ki, “Mən cərimə olunmayım deyə kimləsə görüşəndə fırlana dururam, dayanmıram, çünki BNA elə bir “cibgir” sistem qurub ki o qədər problem qalıb,belə innovasiyalara pul ayırırlar”.

Göründüyü kimi, BNA-nın ağlına parklanmanı daha yüksək səviyyədə təşkil etmək, tıxacları aradan qaldırmaq, avtobus dayanacaqlarında intervalı göstərən monitorları yeniləmək gəlməyib, amma cərimə yazmağın asan yolu dərhal “kəşf” edilib.

V.Kərimlinin rəhbərlik etdiyi bu qurum 2015-ci ildə yaradılıb və 6 il ərzində hələ də şəhərdə parklanma məsələsi həllini tapmayıb, taksi dayanacaqları qurulmayıb, dayanacaqlarda Ziya Məmmədov dövründən qalan monitorlar işlək hala gətirilməyib.

Bu 6 ildə ayrılan milyonlar hara xərclənib? Nə üçün qurumun məsul şəxsləri bu suallara cavab verə bilmirlər? O zaman Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi niyə fəaliyyət göstərir?

Bu Mərkəz nə işlə məşğuldur? Şəhərin ictimai nəqliyyatında hansı intellektuallıq var ki, biz görmürük, amma həmin Mərkəz görə bilir?!

Əgər dayanacaqlarda monitorlar işləmirsə, Mərkəzin saxlanması, işçilərinə büdcədən maaş verilməsinin mənası nədir? Bu faktlar qarşısında BNA susur və V.Kərimli görülməyən işlər üçün ayrılan vəsaitlərin hesabatını Prezidentə verməlidir.

Biz hələlik qurumun yalnız müfəttişlərinin oğrun-oğrun, kol dibində gizlənib xəlvəti cərimə yazmaq işlərindən bəhs etdik, amma narazılıq tək bununla məhdudlaşmır, növbəti araşdırmada parklanma, ayrılan vəsaitlərin necə xərclənməsi, “Bakubus”ların marşrut xətti üzrə əksər yerlərdə ödəmə aparatlarının olmaması, silinən pullar haqda məlumatlar verəcəyik.