Yaxın vaxtlarda sülh müqaviləsi imzalana bilərmi?-AÇIQLAMAbackend

Yaxın vaxtlarda sülh müqaviləsi imzalana bilərmi?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizi də daxil olmaqla, bütövlükdə kommunikasiya xətlərinin açılması üçün ilk növbədə, sülh müqaviləsinin imzalanması şərtdir. Proses hüquqi mexanizm baxımdan bu cür aparılır. Digər tərəfdən də təhlükəsizlik baxımından bu, şərtdir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.


Onun sözlərinə görə, beynəlxalq hüquqa əsasən tərəflər arasında müharibənin bitməsindən sonra imzalanan sülh müqaviləsinin başlıca şərti tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması prinsipi ilə bağlıdır:

” Əgər Ermənistan tərəfinin hələ də Azərbaycana qarşı ərazi iddiası qüvvədədirsə və bu iddiadan dolayı da sərhəddə onlar tərəfindən təxribatlar davam edirsə, bu zaman heç bir kommunikasiya xətlərinin işləkliyindən söhbət gedə bilməz. Çünki bu, həm də onu özündə ehtiva edir ki, kommunikasiya əlaqələrinin açılması üçün sərhəd xətləri müəyyənləşməlidir. Bu cür problemli şəraitdə sərhəd xətlərinin açılması təxribatlar üçün yeni trayektoriyanın qazanılması deməkdir. Bu baxımdan Zəngəzur dəhlizinin indiki vəziyyətdə işləkliyinin təminatı sual altındadır. Çünki sülh müqaviləsi üçün hələ də hər iki tərəfin qəbul etdiyi baza formalaşmayıb. Yəni, Azərbaycan tərəfindən sülh müqaviləsinin 5 baza prinsipi irəli sürülüb və sözdə qarşı tərəf bunu qəbul etse də müəyyən əlavələr etmək niyyətindədirlər ki, bu əlavələr də Azərbaycanın suverenliyini təhdid edir”.

Politoloq Ermənistan tərəfindən bu cür şərtlərin irəli sürüldüyü halda yaxın perspektivdə sülh müqaviləsinin imzalanacağını gözləmir:

” Ona görə də Zəngəzur dəhlizinin açılması da hələ ki sual altındadır. Yəni, Zəngəzur dəhlizinin açılması dedikdə məhz müvafiq olaraq Mehri rayonundan keçməklə nəzərdə tutulan xətdən söhbət gedir. Ancaq artıq Ermənistan tərəfi bu cür sabotaj addımlarına davam edərsə, Azərbaycanın alternativləri hər zaman var. Bu mənada Azərbaycan heç bir şey itirmiyəcək, itirən tərəf yalnız Ermənistan olacaq. Ancaq nəzərə almaq lazımdır ki, ötən gün fevralın 1-də Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub və ardınca Rusiya XİN rəhbəri Sergey Lavrovla həmkarı Ceyhun Bayramov arasında telefon danışığı baş tutub. Telefon danışıqlarının detalları barədə mətbuata açıqlama verilməsə də böyük ehtimalla həm Ermənistan, həm də Rusiya KİV-də yer alan xəbərlərə görə, danışıqlarda üçtərəfli 10 noyabr Bəyanatının prinsipləri müzakirə olunub. Hesab edirəm ki, Rusiya tərəfi prosesin aradan qalxmasında maraqlı olmasa da Zəngəzur dəhlizinin işləkliyinin lehinədir. Çünki Rusiyanın özünün də düşdüyü blokada vəziyyəti bunu təhrik edir. Hesab edirəm ki, bu telefon danışığında ola bilsin ki, Moskvanın İrəvana kommunikasiya əlaqələrinin açılması ilə bağlı təzyiqlər baş tutub. Bu təzyiqlər fonunda isə ilk növbədə müqavilənin imzalanması labüd olduğu üçün yaxın perspektivdə bu istiqamətdə praktiki addımların şahidi ola bilərik”.

//Gülnarə Abasova, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!