Gömrük Akademiyası Qırmızı Körpü məntəqəsinin inkişafına dəstək verirbackend

Gömrük Akademiyası Qırmızı Körpü məntəqəsinin inkişafına dəstək verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi üzrə akademiya tərəfindən görülən işlərlə bağlı “dəyirmi masa” keçirilib.
DGK-nın Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov, BMT İnkişaf Proqramının strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev, DGK Akademiyasının rəisi İsmayıl Ələkbərov və Akademiyanın professor-müəllim heyəti iştirak edib.
“Dəyirmi masa”da Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı ilə DGK-nın Akademiyası arasında sözügedən layihənin həyata keçirilməsinə dair Razılaşma Məktubundan irəli gələn vəzifələr və əməkdaşlıq əlaqələri barədə məlumat verilib. Sonra DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin şöbə rəisi Ceyhun Nəcəfli layihəyə dair təqdimatla çıxış edib.
Təqdimatda layihənin məqsədi, əldə olunacaq nəticələr və digər məsələlər barədə ətraflı məlumat verilib. Eyni zamanda. diqqətə çatdırılıb ki, layihənin həyata keçiriləcəyi iki il (2016-2017) müddətində digər işlərlə yanaşı, gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə hər iki ölkədə milli və beynəlxalq təlimlərin keçirilməsi nəzərdə tutulub. Öz növbəsində, DGK Akademiyası layihəyə yaxından kömək etməyi öhdəsinə götürüb.
Xatırladaq ki, “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunur.
Layihədə əsas məqsəd Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, sərhədlərdə sanitar və fitosanitar yoxlamaları gücləndirmək, həmçinin Qırmızı Körpü sərhəd-keçid məntəqəsini daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin etməkdir.