Cenevrə Konvensiyaları mülki insanları müasir müharibələrdən qoruyurmu?- TƏHLİLbackend

Cenevrə Konvensiyaları mülki insanları müasir müharibələrdən qoruyurmu?- TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demək olar ki, hər gün kimisə Cenevrə Konvensiyalarını pozmaqda ittiham edirlər, lakin biz bu pozuntulara görə heç kimin məsuliyyət daşıdığını görmürük. Nə məhkəməyə verilir, nə də kimsə həbs olunur. Dövlətlər heç bir sanksiya olmadan xəstəxanaları bombalaya, mülki insanları öldürə, zorlaya və ya işgəncə edə bilir. Beləliklə, bu cür müqavilələri yenidən qiymətləndirməyin vaxtı çatmayıbmı?

Müasir beynəlxalq insan hüquqları hüququnun əsasları üç əsas sənədin ön plana çıxdığı 19-cu əsrə təsadüf edir.

-Amerika silahlı qüvvələrinin vətəndaş müharibəsi zamanı riayət etməli olduğu qaydaları əks etdirən Liber Məcəlləsi (1863).

-Bir il sonra, 1864-cü ildə Avropada yaralı əsgər və həkimlərin müalicəsi üçün qaydalar tətbiq edən və xəstəxanaların neytral statusunu müəyyən edən Birinci Cenevrə Konvensiyası.

-Müəyyən növ silahların istifadəsi ilə bağlı ilk beynəlxalq müqavilə, St. Sankt-Peterburq Konvensiyası (1868).

Bu son razılaşma ilk dəfə olaraq beynəlxalq ictimaiyyətə “Effektivliyi şübhəsiz olan və cəbhədə ciddi üstünlük təmin edən bəzi silahlardan humanitar səbəblərdən imtina etməyə dəyərmi?” sualını verdi.

Davam edən müharibələrdən sonra Haaqa Konvensiyaları ortaya çıxdı və ilk dəfə olaraq döyüşçülərlə qeyri-döyüşçülər arasındakı fərq – əsgərlər və mülki şəxslər arasındakı fərq vurğulandı.

2020-ci ildə Tel-Əviv Universitetindən Doreen Lusting və Kembric Universitetindən Eyal Benvenisti müharibə qanunlarını və qaydalarını müəyyən edən ilk müqavilələri araşdırdılar. İki akademik iddia edir ki, ölkələr humanitar prinsiplərdən danışanda əslində xeyriyyəçilik və ya humanitar əsaslardan başlamırlar. Onlar bildirirlər ki, Avropa ölkələrinin əsas məqsədi mülki insanları qorumaqdansa, ordularını qorumaqdır. Beynəlxalq hüququ öyrənən Kopenhagen Universitetindən Qleb Boquş “Dövlətlər beynəlxalq hüququ yaradıblar və onlar həmişə öz ordularının ehtiyacları ilə maraqlanıblar. Humanitar qayğılar daha çox yaralılar və xəstələr kateqoriyasına aid idi. 19-cu əsrdə mülki əhali müharibəyə o qədər də cəlb edilmirdi, müharibə ordular arasında gedirdi”-, deyə açıqlama verib.

Müharibədən sonra 20-ci əsrin birinci yarısında ölkələr mövcud müqavilələri həyata keçirməyə çalışdılar. Lakin İkinci Dünya Müharibəsi başlayanda 1940-cı ildə İsveçrədə keçirilməsi planlaşdırılan konfrans ləğv edildi. Müharibə bir çox ölkəni münaqişənin davam etdiyi üçün beynəlxalq qaydalar qoymağa vadar etdi. Nasist Almaniyasının məğlubiyyəti ilə dövlətlər daha dolğun və aydın qaydalar yaratmaq istəyirdilər. Beləliklə, Cenevrə Konvensiyaları yarandı. Mətndə aşağıdakı başlıqlar var idi:

-Fəal ordularda yaralıları və xəstələri sağaltmaq

-Dənizdə döyüşən silahlı qüvvələr arasında yaralılara, xəstələrə və gəmi qəzasına uğrayanlara yardım

– Müharibə əsirlərinin vəziyyəti

– Mülki əhalinin müdafiəsi

Əslində, mahiyyətcə müasir bir sistem yarandı. Bu gün Cenevrə Konvensiyaları beynəlxalq insan hüquqları hüququnun əsası hesab olunur. 1950-ci ildə konvensiya imzalanmaq üçün açıldıqdan sonra bir çox dövlətlər onilliklər ərzində imzalayanlara çevrildi. Hazırda imzalayan ölkələrin sayı 194-dür. Bununla belə, bəzi dövlətlər müqavilələrin bəzilərini, bəziləri isə hamısını təsdiqləyir.

İlk humanitar hüquq mətnlərinin ortaya çıxdığı 19-cu əsrdən fərqli olaraq münaqişələr, xüsusən də İkinci Dünya Müharibəsindən sonra fərqli istiqamət aldı. Artıq əvvəlki kimi münaqişə yoxdur. Eyni zamanda, müharibə elan etmək anlayışı da tədricən aradan qalxır. Əksər müharibələrin beynəlxalq statusu yoxdur. Üstəlik, beynəlxalq sayıla biləcək müharibələr də dəyişdi, məsələn, düşmən dövlətlər anlayışı ortadan qalxdı; Son 20 ilin ən qanlı müharibəsini götürsək, İŞİD, İraq Şam İslam Dövləti ilə müharibəni. İŞİD özünü dövlət kimi təqdim etsə də, beynəlxalq hüquq bunu tanımır. Ona görə də beynəlxalq müqavilələr bu şərtlərə tam uyğun gəlmir. 11 sentyabr hadisələrindən sonra elan edilən və 20 ildir davam edən “Terrora qarşı müharibə” nəticəsində yüz minlərlə insan həlak olub. Bu qlobal münaqişə hüquqi mənada müharibə deyildi və buradakı “müharibə” anlayışı daha çox siyasi metafora idi (yoxsulluğa qarşı müharibə və ya pandemiyaya qarşı müharibə kimi). Bu proses bəzi suallar doğurdu: Cenevrə Konvensiyaları müasir dünyanın reallıqlarına uyğundurmu? Bu təşkilatların yazılı müqavilələrə əhəmiyyət vermədiyini nəzərə alsaq, ordular İŞİD və ya Əl-Qaidə kimi təşkilatlarla mübarizə apararkən nə edəcək?

Digər tərəfdən, görünən odur ki, beynəlxalq hüquqda “terrorizm” anlayışının hamı tərəfindən qəbul edilən ümumi tərifi yoxdur. “Təşkilatları terrorçu elan etmək və onların liderlərinə və ya üzvlərinə qarşı sanksiyalar tətbiq etmək adi haldır, lakin tərifin özü ilə bağlı ortaq bir anlayış inkişaf etdirilməyib” deyən Boquş və əlavə edib ki, dövlətlər bu konsepsiyadan siyasi səbəblərdən “sui-istifadə edir” və öz siyasi rəqiblərini yerə qoyurlar. “Terrora qarşı müharibə” anlayışı bizə ən əsas qaydaları unutdurdu. Biz cinayətkarları “terrorçu” adlandıraraq insanlıqdan saldığımız zaman qanunun aliliyi təsirsizləşir və bu, təhlükə yaradır.

Cenevrə Universitetinin hüquq professoru Marko Sassolinin fikrincə, bu cür müzakirələr 1949-cu ildə deyil, bu gün gündəmdə olsaydı, ölkələr heç vaxt Cenevrə Konvensiyalarını ratifikasiya etməzdilər. Sassoli iddia edir ki, bu müqavilələri modernləşdirmək səyləri əks nəticə verir. Beynəlxalq vətəndaş hüquqları təşkilatları şəbəkəsi olan INCLO-dan Kirill Koroteyevin sözlərinə görə, əsl problem dövlətlərin praktikada heç nə ilə bağlı razılığa gələ bilməməsidir. “Təkcə Rusiya və HƏMAS deyil, İsrail, ABŞ və Ukrayna da pozuntularda ittiham olunur. Bu, hər bir ittihamın doğru olduğunu göstərmir, amma son nəticədə bu ittihamlar göz qabağındadır. Rusiyanın hərəkətləri, Quantanamoda məhbusların saxlanması (ABŞ tərəfindən), girov götürülməsi – bunların hamısı cinayətdir. Qanun da belə deyir, qurbanlar, cinayətkarlar, müşahidəçilər də”, – Koroteev deyib.

Ekspertlər vurğulayırlar ki, beynəlxalq hüququn pozulması cəzalandırılsa da, cəzalandırılmasa da bu pozuntudur. Həqiqət budur ki, çox vaxt pozuntular cəzasız qalır. Miçiqan Universitetinin hüquq professoru Stiven Ratnerin sözlərinə görə, beynəlxalq müharibələr və vətəndaş müharibələri zamanı beynəlxalq müqavilələr hər şeyə rəğmən vacib olaraq qalır.

//Gülnarə Abasova, Editor.az