Ceyhun Bayramovun 1 illik nazirlik fəaliyyəti – VİDEO

16:30 | 23 May, 2019
Ceyhun Bayramovun 1 ildir Azərbaycanın təhsil naziri olmasına baxmayaraq, təhsilimiz hər gün daha da zəifləməkdə davam edir. Ceyhun Əziz oğlu Bayramovun gənc kadr olduğunu nəzərə alıb onun təyinatına könüldən sevinən Azərbaycan xalqının sevinci boğazında qaldı. Belə ki, xüsusən son dövrlərdə orta məktəblərdə artan intihar və intihara cəhd halları təhsilimizin acınacaqlı vəziyyətindən xəbər verir.

“Kommersant.az” xəbər verir ki, C. Bayramovun təhsil naziri təyin olduğu gündən etibarən təhsil sahəsində işləyənlərin sayı 1 ildə 0,5% azalaraq 21,2%-ə enib. Bunun nəticəsidir ki, qeyri-dövlət təhsil sahəsində muzdla işləyən işçilərin sayı min nəfər artaraq 9 min 900 nəfərə çatıb.

ELİNANIN İNTİHARI VƏ NƏTİCƏSİ

Elina məktəbdə intihar etdikdən sonra təhsil nazirliyi özünəlayiq qərar verir: “Məktəbdə pəncərələr bağlansın!” Bu həll yoludur? Yəni dəmir barmaqlıqlar yerinə məktəblərdə pəncərələri tamamən bağlamaq hansı məntiqə uyğundur?

Bəs Elinanın sinif yoldaşlarının məktəb haqqında dediklərindən təhsil naziri C.Bayramov xəbərdardır? Bununla bağlı digər məktəblərdə hər hansı tədbir görülüb? Əlbəttə ki, xeyr.

DAHA BİR İNTİHAR CƏHDİ

Təbii ki, Elinadan sonra məktəblərdə bununla bağlı ciddi addımlar atılsaydı, yarımbaşlığa “daha bir” sözünü yazmazdıq. Elinanın intiharı mətbuatda o qədər ciddi qınaq obyekti oldu ki, məsələdən təhsil nazirinin şəxsən xəbərinin olmaması mümkün deyildi. O zaman sizlərə daha bir sual veririk ki, görülən “tədbirlər” niyə heç bir nəticə vermədi?

Əslində uzun-uzadı danışmaq lazımsızdır. Çünki bu yazının da Təhsil Nazirliyi tərəfindən gözardı ediləcəyi məlumdur. Buna görə də bir yazı ilə kifayətlənməyib, təhsil nazirliyinin “işlərini” gündəmdə saxlayıb, hər ay, hətta lazım gələrsə, hər həftə təhsil sistemindəki çatışmazlıqlar haqda yazmağı öhdəlik kimi qəbul edirik.

Sonda onu da qeyd edək ki, əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 872 nəfər olub ki, bunun da təhsildəki payı 1,3% artıb. Bu isə təhsil nazirliyinin yox, özəl təhsil müəssisələrinin özlərinin təşəbbüsüdür.