ABŞ-ın baş kəşfiyyatçısı İrəvana niyə gizli gəldi?backend

ABŞ-ın baş kəşfiyyatçısı İrəvana niyə gizli gəldi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə görünür ki, ABŞ Ermənistanı regionda “dağıdıcı güc” kimi görür və İrəvanı “bu gücə” inandırmağa çalışır…

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsün Ermənistana yarıgizli səfəri haqlı suallar doğurub. Azərbaycan mediası bu mövzuya lazımı diqqət ayırmadı, general Səfər Mehdiyevin işdən çıxarılmasına başı qarışdı. Deyilə bilər ki, Ermənistana çox rəsmi şəxs gəlib-gedə bilər, bu, Azərbaycan üçün niyə önəmli olsun ki? ABŞ-ın baş kəşfiyyatçısı ilə Səfər Mehdiyevin istefası arasında nə əlaqə? Amma dünyanın ən qaranlıq təşkilatının rəhbəri dünyada mühüm gəlişmələrin baş verdiyi vaxtda Ermənistanda peyda olursa, əlbəttə bunun bizə Mehdiyevin işdən çıxarılmasından daha çox aidiyyəti var, bu mövzuda da düşünməyə dəyər.

Börns MKİ rəhbəri postuna 2021-ci təyinat alıb, hələ “kəşfiyyatçı” kimi yaxşı tanınmaya bilər. Fəqət, onun personası isə…Bundan əvvəl Uilyam Börns qısa müddət də olsa, ABŞ dövlət katibi vəzifəsini icra edib, sonra isə üç ilə yaxın dövlət katibinin müavini olub. 2015-2021-ci illərdə Karnegi Fonduna rəhbərlik edib. 2005-2008-ci illərdə Börns ABŞ-ın Rusiyadakı səfiri işləyib. Co Bayden isə onu heç vaxt diplomatın rəhbərlik etmədiyi MKİ-yə göndərib. Bayden Yaxın Şərqdə səfərdə olarkən rus dili kimi ərəb dilində də sərbəst danışan MKİ rəhbərinin ABŞ prezidentini “tək qoyub” İrəvana bir neçə saatlıq gəlməyə nə vadar edə bilərdi? Maraqlıdır, deyilmi?

187məera.jpg (49 KB)

Onun Ermənistan rəhbərliyi ilə görüşlərinin rəsmi protokolları quru sözlərdən ibarətdir. Börnsün İrəvanda ermənistanlı həmkarı və baş nazir Nikol Paşinyanla görüşündə regional məsələlər, Azərbaycan-Ermənistan münasibətlərinin müzakirə edildiyi isə nədənsə, qısa xəbərdə əsas başlıq kimi keçir. Bunu əlbəttə ki, səfərin əsas məqsədini pərdələmək üçün “maska”da hesab etmək olar. Məlumatlara görə isə ABŞ kəşfiyyatının yeni rəhbəri diplomat kimi, həqiqətən də Cənubi Qafqaz mövzusunu və buradakı konfliktlərin tarixinə yaxşı bələddir. Bəs, MKİ rəhbərinin Ermənistana – ən böyük Amerika səfirliklərindən birinin fəaliyyət göstərdiyi kiçik ölkəyə axı niyə gəlsin, məqsədi nədir?

Azərbaycan mövzusumu, Türkiyə ilə İrəvanın yaxınlaşmasımı, yoxsa Ermənistanın daha iki qonşusu Rusiya və İranmı? Mürəkəb beynəlxalq vəziyyətdə “izqoy” İrəvanın əhəmiyyətini artıran nə ola bilər ki? Suallar çoxdur, cavab isə…

Əlbəttə, ağıla ilk Rusiya mövzusu gəlir. Rusiyaya münasibətdə Qərb Ermənistanı ən zəif bənd hesab edir və İrəvanın Moskva ilə ikili oynaması yeni fakt deyil. Kremldə də bunu bilirlər və MKİ rəhbərinin qəfil səfəri haqda heç şübhəsiz, onlar da Paşinyandan soruşacaqlar.

Rusiya mənbələri əsas olaraq bu versiya üzərində dayanırlar ki, MKİ rəhbəri indi Moskvanın keçmiş SSRİ-dəki müttəfiqlərini “dişinə vurur” və onları Rusiyaya qarşı qoymağa çalışır. Qeyd edək ki, Qarabağ məsələsi üzərindən İrəvanı oyuna gətirmək çətin deyil. Ermənistanın ən “yaralı yeri” indi Qarabağdır və 44 günlük müharibədə tutduğu mövqeyə görə hələ də Moskvanı bağışlaya bilmirlər. Ağ Evin Azərbaycana münasibəti haqda da təəssüf ki, birmənalı fikir söyləmək çətindir, Vaşinqtonun Bakıya göndərdiyi “isti sözlərlə bəzədilmiş”məktubları sözdən əmələ keçmir. Ağ Evin Azərbaycan siyasətində ciddi korrektə yoxdur, Minsk Qrupunu da, qondarma status mövzusunu da dəstəklədikləri sirr deyil.
ABŞ-ın İrəvanın yaralı yerinə indi “duz basmağı” fürsət bilir. Amerikalılar xüsusilə regionda Rusiyanın bütün təşəbbüslərinin təsirini zəiflətmək üçün çalışır. Eyni fikirləri, Türkiyənin regionda artan təsirləri, Ermənistanla münasibətləri tənzimləyə çalışması haqda da demək olar. ABŞ Ankaranın regionda söz sahibi olmasını arzulamır, Bayden hakimiyyətə gələn kimi qondarma erməni soyqırımını “tanıması” deyilənlərə sübutdur. Ermənistanın daha bir qonşusu, regional güclərdən olan İranla bağlı da ABŞ mövqeyini son vaxtlar xeyli sərtləşdirib. Tehranda Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü ərəfəsində MKİ rəhbərinin “üçlüyün” sərhəddindəki balaca Ermənistanla müzakirə etməyə mövzusu əlbəttə ki, olacaqdır…

isisislaərn.jpg (47 KB)

Belə görünür ki, ABŞ Ermənistanı regionda “dağıdıcı güc” kimi görür və İrəvanı “bu gücə” inandırmağa çalışır. ABŞ Ermənistanın bu regionda prinsipcə, yeni ab-hava yaradacaq heç bir əməkdaşlıq proqramlarına qoşulmamasında maraqlıdır. Bura hətta risk edib, Zəngəzur dəhlizi də deyə bilərik…

Ermənistanın isə reallıqda belə bir dağıdıcı və ya hadisələrə təsir etmək gücü yoxdur, Rusiyanın çoxtərəfli yardımından asılılığını, İranla, indi də Türkiyə ilə iqtisadi əlaqələrin inkişafına məcbur qaldığını nəzərə alsaq, ABŞ kəşfiyyatının “əlinə oynamaq” asan deyil.
Amma unutmayaq ki, bu, ermənilərdir, onları “aldatmaq” üçün isə ABŞ İrəvana təcrübəli, kifayət qədər məlumatlı diplomatı göndərmişdi…

Musavat.com