ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edir? “Türkiyənin Rusiyadan “S-400″ lər alması…” -AÇIQLAMAbackend

ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edir? “Türkiyənin Rusiyadan “S-400″ lər alması…” –AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidentinin  S-400 müdafiə sistemləri barədə sərt açıqlaması ABŞ-da narazılıqla qarşılanıb. Dövlət Departamentinin açıqlamasına görə, Türkiyənin Rusiyadan daha çox silah alması Ankaraya qarşı sanksiyaların işə düşməsinə səbəb ola bilər: “Türkiyəyə Rusiyadan daha çox hərbi ləvazimatlar almaması üçün xəbərdarlıq edirik. Bu sanksiyaları təşviq edər” – deyə açıqlamada bildirilir.

Qeyd edək ki,  bir neçə gün əvvəl amerikalı jurnalistin “Deyəsən, daha bir partiya S-400 almağı planlaşdırırsız?” sualına Ərdoğan belə cavab vermişdi: “Bundan sonra da kimsə bizim müdafiə sistemlərimizi hansı ölkədən, nə qədər, nə alacağımıza müdaxilə edə bilməz. Bunun qərarını biz veririk. Ona kimsə qarışa bilməz”.

Bu yaxınlarda Putin-Ərdoğanın görüşü planlaşdırılır. Görüşdə bu məsələnin də müzakirə ediləcəyi deyilir.

Mövzu ilə bağlı Editor.az -a danışan tarix elmləri üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev deyib ki,  Türkiyənin Rusiya ilə “S-400” zenit-raket kompleksi ilə bağlı razılaşması Amerikanın Türkiyəyə qarşı uzun illər ərzində apardığı məqsədli və təxribatçı davranışını ortaya çıxartdı:

” Türkiyə Rusiyadan “S-400” lər alaraq  bunun özünün hava hücumundan müdafiə sistemini gücləndirmək üçün yeganə çıxış yolu olduğunu göstərdi. Türkiyə NATO müttəfiqi kimi ABŞ-a dəfələrlə hava hücumundan müdafiə sistemini gücləndirmək məqsədilə “Patriot” zenit- raket kompleksinin alınması ilə bağlı müraciət etsə də,  ABŞ məqsədli şəkildə prosesi gecikdirib. Əslində Türkiyənin hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsinə, gücləndirilməsinə maneələr yaratmaqla dolayısı ilə  ABŞ Türkiyəni Rusiyaya üz tutmaq məcburiyyətində qoyub. “Patriot” komplekslərini satmamaqda məqsəd Türkiyənin hava məkanını, xüsusilə cənub ərazilərini daima PKK tərəfindən atılacaq  raketlərin təzyiqi altında saxlamaq idi. Türkiyə bunu çox yaxşı bilir. Buna görə də Türkiyə Prezidenti cənab Ərdoğan alternativlər axtarmağa və adekvat addımlar atmağa başladı, Rusiya ilə “S-400” müdafiə sisteminin alınması ilə bağlı razılaşmalara getdi. ABŞ bir neçə dəfə Türkiyəyə “S-400″ lərin geri qaytarılması ilə bağlı təzyiqlər edib. Lakin buna məhəl qoymayan Türkiyə öz müdafiə sistemini gücləndirməyə davam edir. Ərdoğanın da dediyi kimi, bundan sonra da Türkiyənin müdafiə sistemlərini hansı ölkədən və hansı həcmdə alacağına heç kim müdaxilə edə bilməz. Türkiyə yalnız regionda deyil, bütün dünyada öz sözünü deyən dövlətdir və ona qarşı aparılan bütün oyunları pozmaq gücündədir”.

Politoloqun sözlərinə görə, Putin-Ərdoğan arasında baş tutacaq Soçi görüşündə əsas müzakirə mövzularından biri “S-400” havadan müdafiə sistemlərinin ikinci partiyasının alınması ilə bağlı olacaq:

“ABŞ Dövlət Departamentinin Türkiyənin Rusiyadan daha çox silah alması ilə Ankaraya qarşı sanksiyaların işə düşəcəyi xəbərdarlığı  Türkiyəyə qarşı hədə qorxu gəlməkdən başqa heç bir şey deyil. Bu istiqamətdə  ABŞ heç bir real addım ata bilməz. Çünki Amerikanın Yaxın Şərq siyasətində Türkiyəyə çox ehtiyacı var və münasibətlərin pozulması ABŞ-ın maraqlarına daha böyük zərbə vura bilər. Amerika çox yaxşı başa düşür ki, artıq Türkiyəni əvvəlki kimi idarə etmək və nəzarətdə saxlamaq mümkün deyil. Ona görə də, ABŞ-ın Türkiyəyə qarşı daha ağır və əhatəli sanksiyalar tətbiq etməsi real görünmür. Türkiyə özünün və region dövlətlərinin maraqlarından kənar heç bir addım atmayıb. Türkiyə-Rusiya münasibətlərinin inkişafı Cənubi Qafqazda sabitliyin, sülhün davamlılığını təmin edəcək. Hesab edirəm ki, bütün bunların fonunda Soçi görüşü müsbət nəticələrlə yadda qalacaq. Bu görüşdə Qarabağda Türkiyə-Rusiya  birgə sülhyaratma fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılacaq addımlar, eləcə də region üçün əhəmiyyətli “altılılıq” platforması, Zəngəzur dəhlizi kimi iqtisadi-kommunikasiya layihələri geniş müzakirə olunacaq”.

//Gülnarə Abasova, Editor.az