“Bu kimi fikirlər Tehranın ikili siyasətindən xəbər verir”-AÇIQLAMAbackend

“Bu kimi fikirlər Tehranın ikili siyasətindən xəbər verir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir sıra dövlətlər kimi İrana da müstəqil siyasət yeridən Ermənistan lazım deyil. Ümumiyyətlə, rəsmi Tehran öz ətrafında, sərhədlərində güclü, inkişaf edən dövlətləri qəbul etmir. Azərbaycana qarşı qərəzli münasibətinin də təməlində də məhz bu faktor dayanır”.

Bunu Editor.az-a Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov ötən həftə iranlı politoloq Ehsan Movəhhediyanın Qarabağın tam şəkildə Azərbaycana qaytarılmasının Rusiya və İranın mövqelərini zəiflədəcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan uzun illər ərzində özünü ayrı-ayrı dövlətlərin siyasi, hərbi plastarmına çevirib:

“Bu gün də həmin siyasətini davam etdirir. Çox təəssüf ki, 30 ilə yaxın müddət ərzində Azərbaycanın 20% ərazisini işğal altında saxlamaqla ayrı-ayrı güclərin sərəncamına verib. Onlardan biri də İran idi. Bunun qarşılığında da rəsmi Tehran Qarabağ torpaqlarından hələ işğal altında olduğu zaman qanunsuz silah, insan alveri, narkotik satışı kimi məqsədlərini həyata keçirmək üçün istifadə etmişdi. Azərbaycan isə bu oyunu pozdu. Bununla da ölkəmiz bir sıra güclərin hədəfinə gəldi. İranda bəzi qüvvələr var ki, onlar heç bir vəchlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına maraqlı deyillər. Rəsmi Bakıya qarşı da əsassız iddialar səsləndirirlər”.

Politoloqun fikrincə, Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi bir çox qüvvələrin maraqlarına uyğun deyil:

“Azərbaycan 30 il müddətində mövcud olan münaqişəyə son qoymaqla bağlı qətiyyətli mövqeyini ortaya qoydu. Bunu qəbul edə bilməyən qüvvələr isə həmin müddət ərzində münaqişənin həlli istiqamətində “işlər” gördükləri ilə bağlı mənzərə yaratmışdılar. Əslində isə bu kimi addımlarla tərəfləri özlərindən asılı edərək münaqişəni həllolunmaz mərhələyə çatdırmağa çalışırdılar. Lakin bu hadisələr artıq geridə qaldı. Ermənistanda Avropa və KTMT-yə aid missiyanın yerləşdirilməsi bəzi qüvvələrin maraqlarına xidmət edir. İran yürütdüyü siyasətlə 40 ildən çoxdur ki, Qərbə, ABŞ-a qarşı mübarizə aparmaqda səmimidirsə Avropa İttifaqı missiyasının İranla sərhəddə yerləşdirilməsinə niyə susqunluq nümayiş etdirmir?
Bütün bunlar rəsmi Tehranın ikili siyasətindən xəbər verir “.

//Safura Bənnayeva, Editor.az